Polşa mediası: Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirir

Polşanın ən aparıcı və nüfuzlu gündəlik nəşrlərindən olan “Rzeczpospolita” qəzetinin internet səhifəsində “Avropa Siyasi Birliyi”nin İrlandiyanın Dublin şəhərində keçirilmiş qeyri-rəsmi sammitinin nəticələrinə həsr olunan məqalədə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə yer ayrılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Brüssel ilə əməkdaşlığı gücləndirdiyi bildirilir. Ölkəmizlə Avropa İttifaqı arasında qaz təchizatı sahəsində uğurlu əməkdaşlığın davam etdirilməsi baxımından uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyinin qeyd olunduğu xüsusi vurğulanır.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə tərəflərin Orta Dəhliz layihəsi çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı imkanlarını da müzakirə etdiklərini bildirib. Asiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə Avropa ilə birləşdirən bu marşrut regional nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə vurğulanır ki, Bakı ilə Brüssel arasında yaxınlaşma enerji, ticarət və nəqliyyat sahələrini əhatə edir. Bildirilir ki, Avropa İttifaqına qaz tədarükünün artırılması və Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək iqtisadi əməkdaşlığın mühüm elementlərinə çevrilə bilər.