Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

Noyabrın 16-da Milli Məclisin növbəti iclası keçirilib. İclasda 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb. Baş nazir Əli Əsədov və hökumət üzvləri iclasda iştirak ediblər.

Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkə iqtisadiyyatının dayanıqlılığını qorumağa imkan verib. Onun sözlərinə görə, ilin mühüm yekunlarından biri Böyük Qayıdışın davam etməsidir. Yaşayış məskənləri və infrastruktur bərpa edildikcə doğma yurduna qayıdan ailələrin sayı da artır. Sosial sahəyə də böyük diqqət yetirilir, insanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür. Bu il əldə edilən nəticələr 2027-ci ilin büdcəsinin formalaşdırılması üçün əlverişli ilkin şərtləri təmin edib.

Büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır

S.Qafarova qeyd edib ki, gələn il büdcə xərclərinin prioritetləri arasında iqtisadi artımın dəstəklənməsi və əhalinin sosial müdafiəsinin, xüsusən həssas təbəqələrinin sosial təminatının daha da gücləndirilməsi əsas yer tutur. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması yenə də diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa olunması, habelə əhalinin doğma yurdlarına qaytarılması davam etdiriləcək. “Gələn il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur.  Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat olacaq. Bu da cari illə müqayisədə təqribən 696 milyon manat çoxdur” - deyə, spiker vurğulayıb.

İclasda maliyyə naziri Sahil Babayev 2027-ci il dövlət büdcəsinin layihəsi barədə geniş məlumat verib. Nazir qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı bütün istiqamətlər üzrə təmin edilir. Azərbaycan qüdrətli, iqtisadi cəhətdən daha inkişaf etmiş, sosial cəhətdən əhalinin rifahını daha yaxşı təmin edən dövlətə çevrilir. Həyata keçirilən bu struktur, institusional, iqtisadi, sosial islahatların çərçivəsi növbəti dövr üçün də həm dövlət büdcəsində, həm də ortamüddətli xərclər çərçivəsində nəzərdə tutulub.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə 2027-ci il üzrə hazırlanmış büdcə siyasətinin əsas prinsiplərinin dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin Dövlət Xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icra edilməsi, real sektorun inkişafının daha da sürətləndirilməsi olduğunu bildirib.

Valyuta ehtiyatlarımız 89,4 milyard dollara çatıb

2027-ci ilin əsas makroiqtisadi göstəriciləri ilə bağlı nəzərə çatdırılıb ki, növbəti ildə ümumi daxili məhsulun məbləği 141 milyard manat olaraq qiymətləndirilir. Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul 109,1 milyard manat proqnozlaşdırılır. Bu da 2026-cı ilə nisbətən 4,4 faizlik real artım deməkdir. Növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır. Hazırda ümumi dövlət borcu 23,9 milyard manat təşkil edir və bu, cari ilin əvvəli ilə müqayisədə 2,8 faiz azdır. Borc portfelinin 16,2 milyard manatı daxili dövlət borcu, 7,7 milyard manatı isə xarici dövlət borcudur. Strateji valyuta ehtiyatları cari ilin 1 oktyabr tarixinə 89,4 milyard dollara çatıb və Dövlət Neft Fondunun gəlirləri növbəti ildə 7,8 milyard dollar, xərcləri isə 7,1 milyard dollar, Neft Fondunun transferti 7 milyard dollar olaraq proqnozlaşdırılır.

Qeyd edilib ki, büdcə siyasətinin əsas istiqamətlərindən biri neftdən asılılığın daha da azaldılmasıdır. Bu məqsədlə Azərbaycan hökuməti tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 17,1 faiz olacağı, icmal büdcədə qeyri-neft gəlirlərinin payı isə 64,5 faizə çatacağı gözlənilir.

S.Babayev büdcə xərclərinin sosial-iqtisadi ehtiyaclarımıza uyğun olaraq tərtib edildiyini deyib. O bildirib ki, icmal büdcənin xərcləri qeyri-neft ümumi daxili məhsulun 46,2 faizi təşkil edəcək. Dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək. Təhsil və səhiyyə xərcləri də ümumi daxili məhsulun müvafiq olaraq 3,6 faiz və 1,5 faizinə çatacaq. Növbəti ildə aqrar sektora ayırmalar aqrar ümumi daxili məhsulun 15,8 faizinə çatacaq. Müdafiə və milli təhlükəsizlik sahəsinə isə 8 milyard 816,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bildirilib ki, növbəti ilin dövlət büdcəsində rayonların dotasiyadan asılılığı tam aradan qaldırılıb. Naxçıvana verilən dotasiya isə cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4 faiz azalacaq.

Daha sonra S.Babayev nəzərə çatdırıb ki, növbəti ildə icmal büdcənin gəlirləri 47,6 milyard manata çatacaq və bu 2026-cı illə müqayisədə 2,6 milyard manat və ya 5,9 faiz artım deməkdir. Gəlirlərin ümumi daxili məhsulda payı 33,8 faizə çatacaq, bu da 2026-cı illə müqayisədə 1,2 faiz çoxdur. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə çatacaq, bu da cari illə müqayisədə 1,5 faiz çoxdur.

Büdcə gəlirlərində 645 milyon manat artım olacaq

Qeyd edilib ki, dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 645 milyon manat artımla proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirlərinin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 milyard manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Qeyri-neft sektoru üzrə daxilolmalar cari illə müqayisədə 1,6 milyard manat və ya 7,2 faiz artımla, neft-qaz sektoru üzrə daxilolmalar üzrə isə əksinə 955 milyon manat və ya 5,8 faiz az proqnozlaşdırılıb.

Neft-qaz sektoru üzrə azalmanın səbəbinə gəlincə, maliyyə naziri bildirib ki, bu, əsasən Dövlət Neft Fondundan transfertin 550 milyon dollar və ya 935 milyon manat azaldılması ilə bağlıdır. Qeyri-neft gəlirlərində artım hesabına 2027-ci ildə Fonddan dövlət büdcəsinə transfertin azaldılması makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli buffer yaratmağa imkan verir. “Növbəti il üçün gəlirlərin 18,4 milyard manatı və ya 47 faizi Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşür. Bu cari illə müqayisədə 1,5 milyard manat və ya 9 faiz çoxdur. Həmin daxilolmaların 14,9 milyard manatı qeyri-neft sektorundan, 3,6 milyard manatı isə neft-qaz sektorundan təmin ediləcək. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il dövlət büdcəsinə daxilolmalar isə təqribən 6.9 milyard manat və ya büdcə gəlirlərinin 17,5 faizi həcmində proqnozlaşdırılır. 2027-ci ildə Dövlət Neft Fondundan transfertin həcmi 11,9 milyard manat və ya büdcə gəlirlərinin 30,3 faizi həcmində olacaq. Büdcə gəlirlərinin 872 milyon manatı dövlət müəssisələrindən alınan dividendlərin, 949 milyon manatı ödəniş?i xidmətlər üzrə daxilolmaların, 484 milyon manatı sair gəlirlərin hesabına təmin ediləcək, dividendlər cari illə müqayisədə 45,3 faiz artacaq”, - deyə maliyyə naziri bildirib.

Gələn il ÜDM artımı 2,3 faiz gözlənilir

Çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək. Bu kontekstdə dövlətin iqtisadiyyatdakı başlıca rolu birbaşa investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçir. Onun sözlərinə görə, bu keçidin ilkin nəticələri artıq müşahidə olunur: “Cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyalar 18 faizədək artıb. Bu meylin davamlı olması üçün iqtisadi artımın yeni mənbələrinin işə salınması tələb olunur. Bu baxımdan daxili tələbin struktur transformasiyasının önəmi qeyd edilməlidir. Dövlət hər il əhəmiyyətli həcmdə mal və xidmət satın alır və bu alışların bir hissəsi idxal hesabına təmin olunur. Yerli istehsalı mövcud olan və ya yaradıla bilən məhsullar üzrə dövlət satınalmalarının yerli istehsala yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Əczaçılıq və rəqəmsal həllər bu baxımdan bariz nümunədir: bu sahələr üzrə alışlar yerli istehsalçılar üçün sabit bazar formalaşdırmağa başlayıb. Bu istiqamətdə müvafiq tədbirlər görülür. Dövlət sifarişlərinin mövcud yerli istehsala yönləndirilməsi və perspektivdə iri dövlət satı?almalarının müəyyən hissəsinin ölkə daxilində istehsalının lokalizasiyası mexanizmi üzərində işlər gedir”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov isə çıxışında qeyd edib ki, qlobal iqtisadi şəraitdə olan çağırışlara baxmayaraq, ölkəmizdə iqtisadi artım davam edib. Cari ilin 10 ayının nəticələrinə əsasən, iqtisadi artım 1,7 faiz təşkil edib. Qeyri-neft ümumi daxili məhsulun artımı isə 2,9 faiz səviyyəsində formalaşıb. Onun sözlərinə görə, Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımı 2,3 faiz, qeyri-neft ümumi daxili məhsulun artımı isə 4,3 faiz səviyyəsində olacağı gözlənilir.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2027-ci il dövlət büdcəsi layihəsinə dair palatanın rəyini səsləndirib. Bildirilib ki, qanunvericiliyə uyğun hazırlanmış qanun layihəsi maddələr üzrə təhlil edilib və bəzi maddələrin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlinib. V.Gülməmmədov büdcə zərfinin izahat hissəsində əvvəlki illərdən fərqli olaraq, fiskal risk anlayışının konkretləşdirildiyini, beynəlxalq təlimatlara uyğun olaraq risklərin təsirinin və başvermə ehtimalının da qiymətləndirildiyini söyləyib.

Qeyd edək ki, parlamentdə büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi noyabrın 18-dək davam edəcək.

Nardar BAYRAMLI