Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, Bəyanatın qəbulu parlamentin noyabrın 3-də keçirilən iclasının gündəliyində yer alıb.

Bəyanatın mətnini Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirib.

Bəyanatda bildirilir ki, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilib. Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirib. Silahlı Qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixində şanlı səhifələr yazıb. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılıb, hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Qeyd edilib ki, 2020-ci ildə qazanılmış tarixi Qələbə Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaradıb. 2020-ci il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistana aid olan qanunsuz silahlı birləşmələr tərk-silah edilib, separatçı rejim ləğv olunub və Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu bərqərar edilib. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində dövlət bayrağının qaldırılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirib.