Dərinləşən böhran: yeni dünya nizamında köhnə yanaşmaların iflası

Dərinləşən böhran: yeni dünya nizamında köhnə yanaşmaların iflası

Müasir çağırışlar Avropanın siyasi və iqtisadi modelini sınağa çəkir

Yeni dünya nizamının formalaşdığı indiki mərhələdə beynəlxalq münasibətlər sistemində ciddi transformasiya prosesləri gedir. Dövlətlərin siyasi prioritetləri, iqtisadi inkişaf modelləri, təhlükəsizlik strategiyaları və beynəlxalq əməkdaşlıq mexanizmləri dəyişir. Lakin müşahidələr göstərir ki, bu dəyişikliklər bəzi regionlarda, xüsusilə Avropada daha mürəkkəb və ağrılı xarakter alıb. Vaxtilə demokratiyanın, sosial rifahın, insan hüquq və azadlıqlarının əsas müdafiəçisi kimi təqdim olunan Avropa bu gün özünün həmin imicini qorumaqda çətinlik çəkir. İqtisadi durğunluq, artan dövlət borcları, siyasi parçalanma, miqrasiya böhranı və sosial narazılıqlar Avropa İttifaqının gələcəyi ilə bağlı ciddi suallar yaradır.

Xüsusilə Fransada müşahidə olunan proseslər bu mənzərənin diqqətçəkən nümunələrindəndir. Prezident Emmanuel Makronun rəhbərliyi dövründə ölkənin iqtisadi və siyasi problemlərinin dərinləşməsi, hökumət böhranları, büdcə kəsiri və ictimai etimadın zəifləməsi Fransanın Avropadakı ənənəvi nüfuzuna da təsir göstərir. Bu problemlər artıq yalnız bir dövlətin daxili məsələsi olmaqdan çıxaraq bütövlükdə Avropa İttifaqının siyasi və iqtisadi dayanıqlılığına təsir edən amilə çevrilir. Digər tərəfdən, sosial müdafiəyə ehtiyacı olan təbəqələrin vəziyyətinin ağırlaşması, miqrasiya ətrafında qarşıdurmaların artması, etiraz aksiyalarına sərt müdaxilələr və insan hüquqları sahəsində üzə çıxan problemlər Avropanın öz dəyərlərinə münasibətini yenidən müzakirəyə çıxarır. Deməli, yeni dünya nizamında Avropanın əsas problemi yalnız xarici rəqabət və geosiyasi təsir imkanlarının azalması deyil. Daha ciddi məsələ öz daxilində yığılıb qalan problemlərə adekvat siyasi cavab verə bilməməsidir.

Fransanın iqtisadi problemləri...

Avropada müşahidə olunan transformasiyaların ən bariz nümunələrindən biri Fransanın üzləşdiyi iqtisadi və siyasi çətinliklərdir. Uzun illər Avropa İttifaqının aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri hesab edilən Fransa hazırda ciddi maliyyə problemləri, hökumət böhranları və ictimai narazılıqlarla qarşı-qarşıyadır. Xüsusilə dövlət borcunun artması, büdcə kəsirinin yüksək səviyyədə qalması və sosial öhdəliklərin maliyyələşdirilməsi istiqamətində yaranan çətinliklər ölkənin iqtisadi dayanıqlılığı ilə bağlı narahatlıqları artırır.

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatlarına əsasən, 2025-ci ilin sonunda dövlət borcu 3,46 trilyon avroya yüksəlib. Bu, ölkənin ümumi daxili məhsulunun 115,6 faizinə bərabərdir. Büdcə kəsiri isə 152,5 milyard avro təşkil edib. Üstəlik, dövlət borcu bir il ərzində 154,4 milyard avro artıb. Bu göstəricilər Fransanın maliyyə sistemindəki struktur problemlərin miqyasını aydın nümayiş etdirir. Bu vəziyyətin ağır siyasi nəticələri də özünü göstərir. Hökumətlərin tez-tez dəyişməsi, parlamentdə parçalanma və büdcə məsələləri ətrafında kəskin fikir ayrılıqları dövlət idarəçiliyinin effektivliyini zəiflədir. Digər tərəfdən, borca xidmət xərclərinin artması təhsil, səhiyyə, sosial müdafiə və infrastruktur kimi sahələrə ayrılan resurslar üzərində əlavə təzyiq yaradır. Əhalinin sosial vəziyyətinin pisləşməsi isə ictimai narazılıqları gücləndirir.

Fransanın iqtisadi problemləri Avropa İttifaqı üçün də xüsusi əhəmiyyət daşıyır - çünki Fransa Almaniya ilə birlikdə İttifaqın əsas siyasi və iqtisadi dayaqlarından biridir. Belə bir dövlətin maliyyə çətinlikləri ilə üzləşməsi avronun dayanıqlılığı, Avropanın iqtisadi rəqabət qabiliyyəti və ümumi maliyyə intizamı ilə bağlı müzakirələri də aktuallaşdırır. Beləliklə, Fransada baş verənlər təkcə milli iqtisadiyyatın deyil, bütövlükdə Avropa modelinin qarşılaşdığı sınaqlardan xəbər verir.

Böhran Avropada sosial gərginliyi artırır

Avropanın üzləşdiyi digər ciddi problemlərdən biri miqrasiya məsələsidir. Uzun müddət humanizm, multikulturalizm və açıq cəmiyyət prinsiplərini ön plana çəkən Avropa ölkələri indi miqrasiya siyasətinin yaratdığı mürəkkəb çağırışlarla üz-üzədir. Müxtəlif regionlarda baş verən müharibələr, siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və iqlim dəyişiklikləri insanların Avropaya üz tutmasına səbəb olan əsas amillərdəndir. Bu proses isə qəbul edən ölkələrdə sosial müdafiə, mənzil təminatı, məşğulluq, təhsil və təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır.

Eurostatın 2025-ci ilə dair məlumatları göstərir ki, Avropa İttifaqı ölkələrində ilk dəfə beynəlxalq müdafiə üçün müraciət edənlərin sayı təxminən 669 400 nəfər olub. Bu, 2024-cü illə müqayisədə 27 faiz azdır. Lakin rəqəmlərin azalması problemin aradan qalxması demək deyil. Əksinə, miqrasiya axınlarının ayrı-ayrı ölkələr üzrə qeyri-bərabər bölüşdürülməsi, sərhədlərin mühafizəsi və sığınacaq prosedurları ətrafında fikir ayrılıqları davam edir. 2025-ci ildə İspaniya 141 min, İtaliya 126,6 min, Fransa 116,4 min, Almaniya isə 113,2 min ilk müraciət qəbul edib. Bu beş ölkənin payına İttifaq üzrə bütün ilk müraciətlərin 83 faizi düşüb.

Digər mühüm göstərici qeyri-qanuni sərhəd keçidləri ilə bağlıdır. Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) məlumatına əsasən, 2025-ci ildə Avropa İttifaqının xarici sərhədlərində təxminən 178 min qeyri-qanuni keçid qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 26 faiz azalma deməkdir. Bununla belə, Aralıq dənizi marşrutunda təhlükəli səfərlər, insan qaçaqmalçılığı və miqrantların həyatını itirməsi problemi qalmaqdadır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2025-ci ildə Aralıq dənizində 1873 miqrant ölüb və ya itkin düşüb.

Mirasiya problemi siyasi parçalanmanı dərinləşdirir

Məsələnin digər tərəfi isə Avropa cəmiyyətlərində yaranan sosial və siyasi parçalanmadır. Miqrasiya ətrafında müzakirələr seçki kampaniyalarının əsas mövzularından birinə çevrilir, sağ populist qüvvələrin mövqeləri güclənir, bəzi ölkələrdə xarici vətəndaşlara qarşı dözümsüzlük halları artır. Eyni zamanda, miqrantların yerləşdirilməsi və sosial təminatı ilə bağlı yerli icmaların narazılığı da siyasi müstəviyə keçir. Fransa və başqa bəzi ölkələrdə bu məsələ hökumətlərin siyasi gündəliyinə birbaşa təsir göstərir.

Burada əsas ziddiyyət Avropanın bəyan etdiyi humanitar prinsiplərlə real siyasi davranışları arasındadır. Bir tərəfdən insan ləyaqətinin və sığınacaq hüququnun qorunmasından danışılır, digər tərəfdən sərhəd nəzarətinin sərtləşdirilməsi, miqrantların saxlanılması və geri qaytarılması istiqamətində tədbirlər genişləndirilir. Deməli, Avropa miqrasiya problemini yalnız təhlükəsizlik məsələsi kimi deyil, həm də insan hüquqları, sosial ədalət və dövlətlərin məsuliyyət bölgüsü kontekstində həll etməlidir. Əks halda, bu problem İttifaq daxilində siyasi parçalanmanı daha da dərinləşdirə bilər.

İnsan hüquqları məsələsində Avropa ilk növbədə özünə nəzər salmalıdır

Müasir dünyada gedən qlobal ideoloji mübarizənin mühüm istiqamətlərindən biri insan hüquq və azadlıqları məsələsidir. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar və ayrı-ayrı Avropa dövlətləri bu mövzudan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Xüsusilə Fransa və onunla eyni mövqedən çıxış edən bəzi dairələrin Azərbaycana münasibətdə sərgilədiyi yanaşma bu baxımdan hər zaman diqqət çəkib. Ölkəmizə qarşı insan hüquqlarının pozulması ilə bağlı səsləndirilən ittihamların bir çoxu siyasi qərəzlilikdən və ikili standartlardan qaynaqlanıb. Halbuki həmin dairələr başqalarına qiymət verməzdən əvvəl öz ölkələrində baş verən hadisələrə diqqət yetirməlidirlər. Məsələn, Fransada polis zorakılığı ilə bağlı faktlar bu ölkənin insan hüquqları sahəsində ciddi problemlərinin olduğunu göstərir. “Reuters” agentliyinin 10 oktyabr 2026-cı il tarixli araşdırmasına görə, Fransada məktəb şəraiti ilə bağlı tələbə etirazları zamanı polis müdaxilələri nəticəsində xəsarət alanlarla əlaqədar 28 hadisə sənədləşdirilib. Bu hadisələrdən 24-ü polisə nəzarət edən daxili qurum tərəfindən araşdırılır. Məlumatda 14 yaşlı yeniyetmənin gözyaşardıcı qumbara ilə üz nahiyəsindən ağır yaralanması, 15 yaşlı yeniyetmənin isə səs-küylü qumbaranın partlaması nəticəsində əlini itirməsi kimi ağır hadisələr qeyd olunur. Fransa daxili işlər naziri araşdırma müddətində səs-küylü qumbaralardan istifadənin müvəqqəti dayandırıldığını açıqlayıb.

Bütün bunlar göstərir ki, insan hüquqları məsələsi heç bir dövlətin siyasi maraqlarına uyğun şəkildə şərh edilə bilməz. Hüquq və azadlıqlar universal dəyərlərdir və onların müdafiəsi selektiv yanaşma deyil, obyektivlik tələb edir. Azərbaycan öz suveren hüquqları, milli qanunvericiliyi və beynəlxalq öhdəlikləri çərçivəsində müstəqil siyasət yürüdür. Fransanın və digər Avropa dairələrinin ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməsi isə onların öz daxilindəki problemləri kölgədə qoymaq istçyindən qaynaqlanır. Avropa öz ərazisində baş verən pozuntulara eyni tələbkarlıqla yanaşmalıdır. Demokratiya və insan hüquqları siyasi təzyiq aləti deyil, hamı üçün eyni meyarlarla tətbiq edilməli olan fundamental prinsiplərdir.

P.İSMAYILOV