Avropa ilə Asiya arasında mədəniyyət körpüsü

Avropa ilə Asiya arasında mədəniyyət körpüsü

Bu günlərdə Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Forum Azərbaycan hökumətinin təşkilatçılığı və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO,  ICESCO, UN Tourism təşkilatlarının dəstəyi ilə keçirilır.  Budəfəki tədbir 2011-ci ildə respublikamızda keçirilən ilk forumun 15 illik yubileyinə təsadüf edir.

Beləliklə, Azərbaycan gözəl bir ənənənin əsasını qoyub və onu uğurla davam etdirir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, internetin dünyanı kiçik bir kəndə çevirdiyi, bütün bunların nəticəsi olaraq qloballaşmanın sürətləndiyi bir dövrdə aktuallığı heç vaxt olmadığı qədər artan birgəyaşayış, mədəniyyətlərarası dialoq çağırışlarına məhz paytaxtımızda cavab axtarılır. Bu, bir tərəfdən Azərbaycanın dünyada artan nüfuzunun, beynəlxalq proseslərdə güclənən rolunun təsdiqidirsə, digər tərəfdən də ölkəmizin, xalqımızın tolerantlığını, çoxmədəniyyətliliyə sadiqliyini nümayiş etdirir. Forumda çıxış edən Prezident İlham Əliyev respublikamızın nümunəsinə diqqət çəkərək bildirib ki, biz Avropa ilə Asiya arasında yerləşirik, əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub.

Bəşəriyyət sanki geridönüş edir - mədəniyyətlərarası dialoqa təhdidlər heç vaxt olmadığı qədər artıb

Hazırda dünya çox narahat bir dönəmdən keçir. Ayrı-ayrı regionlar müharibə alovuna bürünüb. Yaxın Şərq od-alov içindədir, müharibələrin, qarşıdurmaların biri bitməmiş digəri başlayır. Şərqi Avropada Rusiya ilə Ukrayna arasında müharibənin sonu görünmür. Fəsadlar isə hər ötən gün artır. Eyni zamanda,  Avropanı kütləvi etirazlar  bürüyüb, yeni inqilab dalğası yaranmaqdadır.

Həmçinin iqlim dəyişmələri də beynəlxalq birlik üçün ciddi imtahandır. Sürətli sənaye inkişafı qlobal istiləşməni sürətləndirib ki, bu da ciddi fəsadlara - bir tərəfdə selbasmalara, daşqınlara, digər tədəfdə isə quraqlığa, su çatışmazlığına səbəb olur. Xüsusilə də okeanlarda dörd bir tərəfdən su ilə əhatə olunan kiçik ada dövlətləri “olum, ya qalım” dilemması ilə üz-üzədirlər.

Dünyanın olduqca narahat mənzərəsinin digər bir mühüm əlaməti isə mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır.

Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya p?edmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan qoca qitədə bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, İslamafobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə alovlanan münaqişələrin və müharibələrin ssenariləri bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olmaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Verilən məlumatlara görə, hazırda dünyada izlənilən bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa ölkələrini? payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində  müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir ki, bu da qəbuledilməzdir.

Azərbaycanın fərqli nümunəsi - tarixdən gələn ənənə, bu günün həyat tərzi

Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə respublikamızın reallıqları tamam fərqli raku?sdan diqqət çəkir. Azərbaycanın dövlət başçısı İlham Əliyev dünyada multikulturalizmə davamlı şəkildə çağırış edən azsaylı liderlər sırasında yer alır. Başqa dinlərə, mədəniyyətlərə sayğılı münasibət bəslənilməsi Azərbaycanda oturuşmuş bir ənənədir. Tarix boyunca respublikamızın ərazisində müxtəlif inanclara məxsus insanlar əmin-amanlıq şəraitində yaşayaraq öz gələcəklərini qurublar. Tarixdən gələn ənənələr bu gün də yaşayır. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Hazırda  ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır. Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılıb. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqların təmsilçiləri ictimai-siyasi həyatın müxtəlif sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.

Azərbaycan həmçinin dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir və birgəyaşayışa çağırışlar edir. Prezident İlham Əliyev 2008-ci ildə sonradan bütün dünyada Azərbaycanın brendinə çevrilən “Bakı prosesi” təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs çərçivəsində Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa İttifaqının yüksəksəviyyəli rəsmilərini Bakıda bir araya gətirməyə və faydalı dialoq qurmağa nail olub. Bu prosesin tərkib hissəsi olaraq paytaxtımız Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna müntəzəm qaydada ev sahibliyi edir. Ölkəmizin mənzərəsini ümumiləşdirsək, belə deyə bilərik: Multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm tarixdən gələn ənənədir,  həm də insanların həyat tərzidir. Respublikamızın reallıqlarına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik”.

Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bununla bağlı Bakının ev sahibliyi etdiyi forumun iştirakçıları da öz fikirlərini diqqətə çatdırıblar. BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos çıxışında “Bakı prosesi”nin əməkdaşlığa verdiyi töhfələri vurğulayaraq deyib: “2008-ci ildə “Bakı prosesi” müxtəlif ölkələrin hökumətlərinin, vətəndaş cəmiyyətlərinin, beynəlxalq təşkilatların nümayəndələrini və gəncləri bir araya gətirmişdi. O vaxt irəli sürülən təkliflər artıq yeni tərəfdaşlıqlara çevrilmişdi. Bu da bizim yeni fəlsəfəmizdir və Azərbaycan tərəfindən sülhün yayılması fəlsəfəsidir. Azərbaycan öz əlini bütün regionda mədəniyyətlərarası əməkdaşlığı inkişaf etdirməyə uzadıb. Bu da VII Forumun əsas mövzularından biridir”.

Müqəddəs İslam dininə, xalqımızın zəngin milli-mənəvi dəyərlərinə sıx bağlılıq və böyük hörmət

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində İslam dini xüsusi yer tutur. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, müstəqil Azərbaycan böyük İslam coğrafiyasında yerləşən ölkələrlə və bu ölkələrin birləşdiyi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Ölkəmizin sədrliyini uğurla yekunlaşdırdığı Qoşulmama Hərəkatının tərkibində çoxlu sayda İslam dövləti var. Respublikamız sədrliyi dönəmində qurumun funksionallığının artmasına sanballı töhfələr verdi. Azərbaycanın davamlı səyləri sayəsində beynəlxalq səviyyədə hərəkatın nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi.

Ölkəmiz həmçinin dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində fəal iş aparır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradənin ifadəsidir. Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi edib. Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da dünyada İslam mədəniyyətinin qorunması və təbliği istiqamətində fəal iş aparır. Fondun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması buna yaxşı nümunədir. Onu da vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu işğal dövründə ermənilərin Qarabağda dağıtdıqları, təhqirlərə məruz qoyduqları tarixi-dini abidələrin bərpasını öz üzərinə götürüb. Həmin abidələrin böyük əksəriyyəti İslam dininə aiddir.

Öz növbəsində İslam dünyası da Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasəti yüksək dəyərləndirir. Bu gün geniş İslam coğrafiyasında Azərbaycana və onun Liderinə böyük hörmət bəslənir. “Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik”, - deyə Prezident İlham Əliyev forumdakı çıxışında vurğulayıb.

Mübariz FEYİZLİ