Azərbaycanın iqtisadi potensialının təqdimatı

Dohada keçirilən IX Ümumdünya İnvestisiya Forumunda ölkəmizin investisiya mühitindən bəhs edilib

Qətərin paytaxtı Doha şəhərində keçirilən IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi imkanları və sərmayə mühiti haqqında məlumat verilib.

Çıxışda Forum çərçivəsində təşkil olunan “Gələcəyin qurucularına investisiya” dəyirmi masada çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanın iqtisadi şaxələndirmə və rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirdiyi çoxşaxəli islahatlardan bəhs edərək bildirib ki, ölkəmiz regiondan kənarda bir sıra ölkələr üçün etibarlı iqtisadi tərəfdaşa, enerji təchizatçısına çevrilib. Hazırda Azərbaycan öz xarici tərəfdaşları ilə əlaqələri dərinləşdirir, yeni investisiyalar və təkrar investisiyalar yaratmağa davam edir. Ölkəmizin enerji sektoruna cəlb olunan beynəlxalq investisiyalar infrastrukturla yanaşı, peşəkar bacarıqların, təcrübənin və beynəlxalq tərəfdaşlıqların inkişafına töhfə verməkdədir. Ölkəmiz rəqəmsal gələcəyə hazırlıqlı sahibkarlıq ekosistemlərinin formalaşdırılması, süni intellekt və rəqəmsallaşmanın yaratdığı imkanların səfərbər olunması, innovasiya, inklüzivlik və dayanıqlı iqtisadi inkişafın təmin edilməsində xarici biznes icması ilə əlaqələri də artırıb. Xüsusilə də qeyri-neft-qaz məhsullarının ixrac imkanlarının genişləndirilməsi, yerli müəssisələrin rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışının dəstəklənməsi əsas prioritetlərdəndir və bu istiqamətdə investorlarla qarşılıqlı layihələrin icrası təşviq olunmaqdadır.

Ölkəmiz beynəlxalq sərmayədarlarla daha sıx çalışmaqdadır

Hazırda neftlə bərabər zəngin qaz istehsalçısı olan Azərbaycan Avropa ölkələrinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Eləcə də dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə, o cümlədən bərpaolunan enerjinin tədarükündə fəal addımlar atır. Eləcə də nəqliyyat və logistika sahəsində iqtisadi intensivliyi artırıb. Böyük potensiala malik sahələrdən biri də mədənçilikdir. Bir neçə gün əvəvl bu sahəyə dair yeni proqram təsdiq edilib və strateji xətlərdən biri əcnəbi iş adamlarını bu sahəyə cəlb etmək motivasiyalardır. Bütün bunlar yerli və xarici investisiyalar üçün də əla fürsət deməkdir.

E.Əliyev vurğulayıb ki, Orta Dəhlizin, bərpaolunan enerji və rəqəmsal infrastruktur layihələrinin iqtisadi faydasının artırılması üçün yerli şirkətlərin bu layihələrdə iştirakı, yeni texnologiyaların tətbiqi və kadrların peşəkar bacarıqlarının inkişafı ölkəmiz üçün önəm daşıyır. Həmçinin, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində kiçik müəssisələrin beynəlxalq standartlara uyğunlaşması, iri alıcılarla əlaqələrinin qurulması və ixrac bazarlarına çıxışının dəstəklənməsi üzrə məqsədyönlü təşəbbüslər davam etdirilir. Azərbaycan sürətlə dəyişən qlobal iqtisadi mühitdə beynəlxalq sərmayədarlarla daha sıx çalışaraq birgə səylərinin səfərbər edilməsi sayəsində qabaqcıl təcrübələrin mübadiləsi və tərəfdaşlıqların gücləndirilməsinə nikbin yanaşır. Bu istiqamətdə UNCTAD-ın əlaqələndirici rolunun və birgə təşəbbüslərin sahibkarlar üçün yeni imkanların yaradılmasına və onların qlobal iqtisadi proseslərdə iştirakının genişləndirilməsinə töhfə verəcək.

Qlobal platformanın Azərbaycan üçün əhəmiyyəti

Qeyd edək ki, IX Ümumdünya İnvestisiya Forumu geosiyasi gərginlik, iqtisadi parçalanma və sürətli texnoloji dəyişikliklər fonunda qlobal investisiya məsələlərinin müzakirəsi üçün dövlət siyasətini formalaşdıran şəxsləri, investorları, biznes liderlərini və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirmək məqsədilə təşkil olunub. Forum çərçivəsində investisiya siyasəti üzrə dialoq, süni intellektə investisiyalar, dayanıqlı maliyyə və biznes, iqlim, ətraf mühit və okeanlar, investisiyaların təşviqi və xüsusi iqtisadi zonalar, sahibkarlıq, turizm və mədəniyyət üzrə tədbir və müzakirələr keçirilir.

Qlobal investorlar üçün strateji platforma olan Forum Azərbaycanın regionda cəlbedici investisiya mərkəzinə çevrildiyini təsdiq edir. Forum çərçivəsində keçirilən tədbirdə iştirakı və dünyanın nüfuzlu şirkət üzvləri tərəfindən ünvanlanan sualları cavablandırması bir daha Azərbaycanın sərmayədar ölkə imicini təsdiq etməklə yanaşı, sərmayə iqlimi barədə beynəlxalq iqtisadi icmaya ətraflı məlumatların çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edildiyi kimi Azərbaycanda siyasi sabitlik, təhülkəsizlik, iqtisadi mühitin əlverişliliyi xarici investorlar üçün də xüsusi diqqətdə saxlanılır və onlar daha stabil ölkələrə sərmayələr yatırır. Son 20 ildə ölkəmiz 350 milyard dollar həcmində sərmayələrin cəlb olunması və onun yarısının birbaşa xarici kapital olması da məhz qeyd edilən mühüm faktorlarla əlaqədardır.

Beləliklə, IX Ümumdünya İnvestisiya Forumu Azərbaycanın uzunmüddətli investisiya strategiyasının mühüm platformasına çevrilən genişmiqyaslı, strateji proqram olduğunu təsdiqləməklə, yeni layihələrin təqdimatını həyata keçirmək, regional əməkdaşlığı genişləndirmək və Azərbaycanın Şərq ilə Qərb arasında iqtisadi körpü rolunu praktik layihələr vasitəsilə nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın investisiya siyasətinin beynəlxalq səviyyədə təqdimatına xidmət edir.

E.CƏFƏRLİ