İqtisadiyyata kredit qoyuluşu artıb
2026-cı il oktyabrın 1-nə olan dövrdə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 35 milyard 739,4 milyon manat təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 2,45 faiz, ilin əvvəlinə nisbətən 11,9 faiz, ötən il oktyabrın 1-i ilə müqayisədə 15,1 faiz çoxdur. Kredit qoyuluşunun 24 milyard 885,7 milyon manatı və yaxud 69,6 faizi özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 14,75 faiz çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 799,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 15,9 faiz çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,45 faizdən 24,6 faizə çatıb.
Oktyabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 54,7 milyon manat olub. Bu, illik müqayisədə 16,4 faiz çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,7 faizdən 5,8 faizə qalxıb.
2026-cı ilin ötən 9 ayı ərzində Azərbaycan banklarının depozit portfeli də böyüyərək 46 milyard 789,6 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1,6 faiz, ilin əvvəli ilə müqayisədə 12,1 faiz, ötən il oktyabrın 1-nə nisbətən isə 12,2 faiz çoxdur. Depozit portfelinin 50,3 faizi və ya 23 milyard 536,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6 faiz artım deməkdir. Dövr ərzində ev təsərrüfatlarının əmanətləri 19,3 faiz artaraq 18 milyard 840,2 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 19,5 faiz artaraq 4 milyard 413,2 milyon manata çatıb. Qeyd edilən dövrdə cəmi depozitlərin 25 milyard 359,9 milyon manatı qısamüddətli, 21 milyard 429,8 milyon manatı isə uzunmüddətli olub.
Kreditlər ən çox ticarət sektoruna yönəldilib
Cari ilin ötən üç rübü ərzində bankların ümumi biznes kredit portfeli 18 milyard 440 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 895,4 milyon manat və ya 18,6 faiz artım deməkdir. Biznes kreditlərinin ən böyük hissəsi - 4 milyard manatdan çoxu və ya 25 faizi ticarət müəssisələrinə verilmiş kreditlərin payına düşüb. Sənaye sahələrinə verilmiş kreditlərin həcmi 2 milyard 800 milyon manat, nəqliyyat sahəsinə verilmiş kreditlərin həcmi təxminən 2 milyard 700 milyon manat təşkil edib. Biznes sahələri arasında dördüncü yeri 2 milyard manata yaxını kənd təsərrüfatının payına düşüb. Ən az biznes krediti isə informasiya və rabitə sahəsinə verilib.
Mikro biznes kreditləri 20 faiz artıb
Bu dövrdə bankların mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verdiyi kreditlərin ümumi portfeli 8 milyard 280,8 milyon manata çatıb. Bu, 2025-ci ilin eyni dövründəki 7 milyard 288,2 milyon manatla müqayisədə 992,6 milyon manat və ya 13,6 faiz çoxdur. Ən yüksək artım mikro sahibkarlığın kreditləşdirilməsində qeydə alınıb. Belə ki, mikro sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi son bir ildə 672,6 milyon manat və ya 19,7 faiz artaraq 3 milyard 418,1 milyon manatdan 4 milyard 90,7 milyon manata yüksəlib. Kiçik sahibkarlığa verilən kreditlərin həcmi isə 215,4 milyon manat və ya 13,3 faiz artaraq 1 milyard 619,9 milyon manatdan 1 milyard 835,3 milyon manata çatıb.
Orta sahibkarlığın kredit portfeli daha zəif artım nümayiş etdirib. Bu kateqoriya üzrə kreditlər 104,6 milyon manat və ya 4,6 faiz artaraq 2 milyard 354,8 milyon manat təşkil edib. Halbuki ötən ilin sentyabrında göstərici 2 milyard 250,2 milyon manat idi.
Hesabat dövründə iri sahibkarlığa verilən kreditlərin həcmi 1 milyard 902,9 milyon manat və ya 23 faiz artaraq 8 milyard 256,4 milyon manatdan 10 milyard 159,3 milyon manata çatıb. Beləliklə, iri biznesin kreditləşdirilməsində artım tempi mikro, kiçik və orta sahibkarlığın ümumi artım tempini üstələyib.
Bölgələrdə kredit dərəcələri 20 faizdən yüksəkdir
Kreditlərin dərəcələri üzrə müqayisələr onu təsdiqləyir ki, hələ də faiz həddi yüksəkdir. Hətta biznes kreditləri bir sıra hallarda az qala istehlak kreditlərinin dərəc?lərindən yüksəkdir. Məsələ ondadır ki, bank və kredit təşkilatlarının cari ilin ötən ayları ərazində kreditlərdən əldə etdiyi faiz gəlirləri də artıb. Yanvar-iyul aylarında banklar müştərilərə verilmiş kreditlərdən 2 milyard 538 milyon manat faiz gəlirləri əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 370,3 milyon manat və ya 16,7 faiz çoxdur. Kreditlərdən gəlirlər bankların cəmi faiz gəlirlərinin böyük hissəsini - təxminən 80 faizini təşkil edir.
Göründüyü kimi, bankların kreditlər üzrə faiz gəlirləri kifayət qədər çoxdur. Bu, rəqəm ona dəlalət edir ki, bank sektoru daha münasib şərtlərlə kreditlər verə, faiz dərəcələrini aşağı sala bilər. Yəni faizləri aşağı salmaqla, yenə də gəlir əldə etmək potensialları var. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması, bankların kredit portfelinin böyüməsi faizləri artırmağa yox, azaltmağa imkan yaradır. Halbuki son bir ildə nəinki faizlər aşağı düşüb, əksinə, artıb. Bu, bölgələr üzrə kredit resurslarında daha açıq görünür. Ölkə üzrə orta faiz dərəcəsi 14,2 faiz olsa da, regionlarda bu göstərici 18-20 faizdir. Hətta bəzi bölgələrdə daha yüksəkdir. Belə ki, kredit faizlərinin ən yüksək olduğu iqtisadi rayonların sırasında Dağlıq Şirvan bölgəsi ilk yeri tutur. Bu iqtisadi rayonda kreditlər üzrə orta faiz dərəcəsi 20,65 faiz təşkil edir. İkinci yerdə Mərkəzi Aran iqtisadi rayonu qərarlaşıb. Burada bu göstərici 20,24 faizdir. Qazax-Tovuz iqtisadi rayonunda bu rəqəm 20,06 faizə, Şirvan-Salyan iqtisadi rayonunda 19,84 faizə, Lənkəran-Astara iqtisadi rayonunda orta faiz dərəcəsi 19,8 faizə bərabərdir. Qarabağ iqtisadi rayonunda kredit dərəcəsi 19,7, Mil-Muğan iqtisadi rayonunda isə 19,4 faiz təşkil edir. Ən aşağı göstəricilər isə Bakıdadır- 12,75 faiz. Şərqi Zəngəzur (13,6 faiz) və Naxçıvan (15,5 faiz) iqtisadi rayonları da nisbətən aşağı kredit dərəcəsinə malikdir.
E.CƏFƏRLİ