Müharibədən sülhə: Azərbaycanın beynəlxalq təcrübəsi

Müharibədən sülhə: Azərbaycanın beynəlxalq təcrübəsi

Prezident İlham Əliyev: Yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır

Müharibələr tarixən dövlətlər və xalqlar arasında mövcud olan ziddiyyətlərin ən dağıdıcı həll vasitəsinə çevrilib. Lakin müharibənin nəticələri yalnız döyüş meydanında qazanılan və ya itirilən mövqelərlə ölçülmür. Dağılan şəhərlər, sıradan çıxan iqtisadi infrastruktur, məcburi köçkünlük, insan itkiləri və cəmiyyətlər arasında dərinləşən etimadsızlıq onun uzun illər davam edən ağır nəticələridir. Müharibə resursları inkişafdan təhlükəsizliyə, quruculuqdan müdafiəyə yönəldir, regional əməkdaşlıq imkanlarını məhdudlaşdırır və həm indiki, həm də gələcək nəsillərin rifahına zərbə vurur. Buna görə də müasir dünyanın əsas vəzifələrindən biri münaqişələrin qarşısını almaqla yanaşı, onları beynəlxalq hüquqa əsaslanan davamlı sülhlə əvəz etməkdir.

Azərbaycan bu fonda ən ağır vəziyyəti yaşayıb - otuz ildən artıq davam edən Ermənistan işğalı və onun doğurduğu humanitar fəlakətlər fonunda çətinliklərlə üzləşib. Torpaqlarının işğalına, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsinə baxmayaraq, ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə üstünlük verib. Bakı dəfələrlə beynəlxalq təşkilatları qəbul edilmiş qərarların icrasını təmin etməyə, işğala son qoyulması üçün real siyasi iradə nümayiş etdirməyə çağırıb. Lakin diplomatik səylərin uzun müddət nəticəsiz qalması, ən əsası ikili standartar  ədalətsizliyin davam etməsinə şərait yaradıb.

Azərbaycanın təcrübəsi göstərdi ki, sülhə çağırışlar konkret nəticələrlə müşayiət olunmadıqda beynəlxalq mexanizmlərin nüfuzu da zədələnir. Eyni zamanda, bu təcrübə sübut etdi ki, müharibənin başa çatdırılması yalnız hərbi nəticələrlə məhdudlaşmamalı, əldə olunan reallıqların hüquqi və siyasi müstəvidə möhkəmləndirilməsi ilə tamamlanmalıdır. Azərbaycanın yolu məhz bu iki istiqaməti - ərazi bütövlüyünün bərpasını və davamlı sülhün qurulmasını birləşdirən nümunə kimi diqqət çəkir.

Beynəlxalq hüququn icra olunmaması Azərbaycanın özünümüdafiə hüququnu aktuallaşdırdı

Vurtulandığı kimi, Azərbaycanın otuz ildən artıq davam edən işğala qarşı mübarizəsi beynəlxalq münasibətlər sistemində ciddi bir ziddiyyəti üzə çıxardı: hüquqi baxımdan tanınan ərazi bütövlüyü ilə həmin hüququn praktikada təmin olunması arasında böyük fərq mövcud idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu qərarların icrası təmin edilmədi. ATƏT-in Minsk qrupunun uzun illər davam edən vasitəçilik fəaliyyəti də münaqişənin həllinə gətirib çıxarmadı. Nəticədə diplomatiyanın imkanları ilə bağlı cəmiyyətdə yaranan gözləntilər reallıqla uzlaşmadı, işğal isə beynəlxalq gündəlikdə uzunmüddətli problemə çevrildi.

Belə bir şəraitdə Azərbaycanın qarşısında yalnız ərazilərini geri qaytarmaq deyil, həm də beynəlxalq hüququn işlək mexanizm olduğunu təsdiqləmək vəzifəsi dayanırdı. 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazilərimizin azad edilməsi, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra isə ölkənin bütün ərazisində suverenliyin bərpası yeni mərhələnin əsasını qoydu. Bu proses Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququ çərçivəsində əsaslandırdığı mövqeyinin praktiki nəticəsi idi. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan hərbi gücü siyasi məqsədlərdən ayrı tutmadı. Məqsəd başqa ərazilərə sahib olmaq deyil, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi təmin etmək idi. Bu fərq Azərbaycanın mövqeyinin əsas hüquqi və siyasi dayağını təşkil edir. Prezident İlham Əliyev oktyabrin 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində bildirdi ki, biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik. Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik: “Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik”.

Azərbaycanın postmüharibə siyasəti: qələbədən sülh gündəliyinə

Müharibənin başa çatması isə hər zaman sülhün əldə olunması demək deyil. Döyüşlər dayandırıla, tərəflərin hərbi mövqeləri dəyişə bilər, lakin qarşılıqlı etimadsızlıq, siyasi ziddiyyətlər və təhlükəsizlik narahatlıqları davam etdikdə yeni qarşıdurma riski qalır. Azərbaycan müharibədən sonrakı mərhələdə məhz bu reallığı nəzərə alaraq, hərbi qələbəni regional münasibətlərin yeni siyasi modelinə çevirmək istiqamətində addımlar atdı. Ermənistanın kapitulyasiya imzalamasından sonra Bakı qarşı tərəfə sülh sazişinin hazırlanmasını, sərhədlərin delimitasiyasını və kommunikasiyaların açılmasını əhatə edən gündəlik təklif etdi. Bu yanaşmanın mühüm tərəfi ondan ibarət idi ki, Azərbaycan əldə etdiyi üstünlüyü münaqişəni sonsuz qarşıdurma vəziyyətində saxlamaq üçün deyil, onun hüquqi-siyasi həllinə nail olmaq üçün istifadə etdiyini nümayiş etdirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər bu prosesin mühüm mərhələsi oldu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar, liderlər isə birgə bəyannamə imzaladılar. Bu hadisə sülh prosesi istiqamətində əhəmiyyətli irəliləyiş idi. Azərbaycanın təcrübəsinin beynəlxalq əhəmiyyəti də buradadır: hərbi nəticələr diplomatik həll üçün imkan yarada bilər, lakin həmin imkanın davamlı sülhə çevrilməsi siyasi iradə, hüquqi təminatlar və qarşılıqlı öhdəliklər tələb edir. Qələbənin həqiqi strateji nəticəsi yalnız müharibəni bitirməkdə deyil, gələcək müharibənin səbəblərini aradan qaldırmaqda üzə çıxır. Dövlət başçısı çıxışında bildirib ki, biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik: “Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə bu, sonsuz müharibəyə çevrilər. Bu gün demək olar ki, hər il yeni müharibələrin başladığını gördükdə anlayırıq ki, müharibəyə son qoymaq çox çətindir. Müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir. Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır”.

Azərbaycanın təcrübəsi qlobal münaqişələr üçün mühüm nümunədir

Müasir dünyada bir sıra münaqişələrin uzun illər davam etməsi beynəlxalq ictimaiyyət qarşısında mürəkkəb suallar yaradır: tərəfləri danışıqlar masasına necə qaytarmaq, hərbi qarşıdurmanı hansı şərtlərlə dayandırmaq və müharibədən sonra təhlükəsizliyi necə təmin etmək olar? Bu sualların vahid və bütün münaqişələrə tətbiq edilə bilən cavabı yoxdur. Çünki hər bir qarşıdurmanın tarixi, siyasi və hüquqi xüsusiyyətləri fərqlidir. Bununla belə, Azərbaycanın təcrübəsi müharibələrin həlli ilə bağlı bir sıra mühüm nəticələr çıxarmağa imkan verir.

İlk növbədə, münaqişələrin həllində beynəlxalq hüququn selektiv tətbiqi dayanıqlı sülhə mane olur. Ərazi bütövlüyü, suverenlik və dövlətlərin sərhədlərinə hörmət prinsipləri siyasi maraqlardan asılı olmayaraq qorunmalıdır. İkinci mühüm nəticə ondan ibarətdir ki, vasitəçilik mexanizmləri yalnız danışıqların təşkilinə deyil, konkret nəticələrin əldə edilməsinə xidmət etməlidir. İllərlə davam edən görüşlər özlüyündə uğur sayıla bilməz; əsas meyar münaqişənin səbəblərinin aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsidir. Digər tərəfdən, Azərbaycanın məqsədi regional qarşıdurmanı yeni rəqabət müstəvisinə daşımaq deyil, Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir. Kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişlənməsi və dövlətlərarası münasibətlərin normallaşması bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycanın təcrübəsi göstərir ki, ədalətli sülh üçün həm prinsipial mövqe, həm də siyasi çeviklik lazımdır. Beynəlxalq hüquqa əsaslanan qətiyyətlə gələcəyə yönəlmiş diplomatiyanın uzlaşdırılması münaqişədən çıxış yolunu genişləndirə bilər. Müharibənin bitməsi tarixi hadisədirsə, onun bir daha təkrarlanmaması üçün şərait yaratmaq daha böyük siyasi məsuliyyətdir. Prezident İlham Əliyev bildirib ki, hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər: “Fikrimcə, yaratdığımız presedentlərdən hansılarının bəzi münaqişələrin həllində istifadə oluna biləcəyini müəyyənləşdirmək baxımından təcrübəmiz çox dəyərli olacaqdır. Bəli, doğrudur, bütün münaqişələr bir-birindən fərqlənir. Lakin onların hamısının kökündə eyni amillər dayanır. Bunlar ambisiyalar, təcavüz və üstünlük hissidir. Bu, həm də hücum etdiyin insanlara qarşı törətdiyin əməllərə görə cəzalandırılmayacağına əminlik hissidir. Təəssüf ki, bəzən bu vəziyyət sonsuza qədər davam edir. Bizim vəziyyətimizdə bu, 30 il sürdü, lakin biz buna son qoyduq. Qeyd etdiyim kimi, hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə etdik”.

Pərviz SADAYOĞLU