İranəsilli yazıçı Pərinuş Sənii: Azərbaycan xalqının qonaqpərvərliyi məndə böyük təəssürat yaratdı

Azərbaycan olduqca gözəl və qonaqpərvər ölkədir. Açığı, bura gəlməzdən əvvəl Azərbaycanı belə təsəvvür etmirdim. Gördüklərim gözləntilərimi xeyli üstələdi. Ölkənizin gözəlliyi, təmizliyi, insanların səmimiyyəti və mehribanlığı məndə böyük təəssürat yaratdı. Azərbaycanı çox sevdim.

Bunu AZƏRTAC-a açıqlamasında dünyaşöhrətli iranəsilli yazıçı Pərinuş Sənii söyləyib.

Yazıçı qeyd edib ki, səfər zamanı Azərbaycanın zəngin mədəni irsi ilə tanışlıq onun üçün maraqlı təcrübə olub. O, xalqların mədəniyyətləri arasında bir çox oxşarlıqların olduğunu vurğulayaraq, Azərbaycanın adət-ənənələrini və mədəni dəyərlərini özünə yaxın hiss etdiyini bildirib.

XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı təəssüratlarını bölüşən Pərinuş Sənii tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, kitablar müxtəlif xalqlar və mədəniyyətlər arasında əlaqələrin qurulmasında mühüm rol oynayır. Bu baxımdan beynəlxalq kitab sərgiləri mədəniyyətlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və ədəbi əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfə verir.

“Sərgi olduqca genişmiqyaslı və yüksək səviyyədə təşkil olunub. Burada müxtəlif mövzularda nəşrlərin, xüsusilə uşaq ədəbiyyatının və fərqli xalqların mədəniyyətini əks etdirən kitabların təqdim olunması sevindiricidir. Belə tədbirlər insanların bir-birini daha yaxından tanımasına, müxtəlif mədəniyyətlər arasında əlaqələrin güclənməsinə geniş imkanlar yaradır”, – deyə yazıçı bildirib.

 

Azərbaycana səfərindən və oxucularla görüşündən məmnunluğunu ifadə edən Pərinuş Sənii dəvətə görə təşəkkürünü bildirib. O qeyd edib ki, uzun və yorucu səfərə baxmayaraq, Bakıda olmaq və oxucularla şəxsən görüşmək onun üçün çox xoş və yaddaqalan təcrübədir.

“Məni ən çox təsirləndirən Azərbaycan xalqının səmimiyyəti, mehribanlığı və qonaqpərvərliyi oldu. Xüsusilə gənclərin və yeniyetmələrin kitaba, mütaliəyə böyük maraq göstərməsi məni çox sevindirdi. Bu, olduqca təqdirəlayiq haldır. Azərbaycanda belə səmimi mühitlə və ədəbiyyata bu qədər böyük maraqla qarşılaşacağımı gözləmirdim”, – deyə o əlavə edib.

Azərbaycan ədəbiyyatına da toxunan yazıçı bildirib ki, səfərdən əvvəl müasir Azərbaycan müəlliflərinin yaradıcılığı ilə o qədər də yaxından tanış olmayıb. Lakin Bakıda olduğu müddətdə ölkəmizdə çoxsaylı istedadlı yazıçıların fəaliyyət göstərdiyini öyrənib. Pərinuş Sənii onların əsərlərini oxumaq, yaradıcılıqlarını daha yaxından öyrənmək və Azərbaycan ədəbiyyatı haqqında biliklərini genişləndirmək istədiyini vurğulayıb.

Gələcək yaradıcılıq planlarından danışan yazıçı hazırda üzərində işlədiyi və hələ tamamlamadığı bir neçə əsərinin olduğunu bildirib. O, əsas məqsədinin həmin əsərləri başa çatdırmaq olduğunu söyləyib.

“Yaradıcılığımda hər zaman real həyat hadisələrinə, insan talelərinə və cəmiyyəti düşündürən problemlərə üstünlük verirəm. İnsanların üzləşdiyi çətinliklər, onların yaşadıqları və dünyada baş verən hadisələr mənim üçün əsas ilham mənbəyidir. Gələcəkdə konkret hansı mövzulara müraciət edəcəyimi indidən söyləmək çətindir. Lakin əminəm ki, əsərlərimdə yenə də insan həyatına və bəşəriyyəti narahat edən məsələlərə diqqət yetirəcəyəm. Məni xəyali hadisələrdən daha çox real həyat və insanın yaşadığı dünya maraqlandırır”, – deyən Pərinuş Sənii fikirlərini yekunlaşdırıb.