Media: Türkiyə Prezidentinin Liviyaya səfəri dekabrın əvvəlinə planlaşdırılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsində iştirak etmək üçün 8-9 dekabr tarixlərində Tripoliyə səfər etməyi planlaşdırır.

İlk belə sammit 2008-ci ildə İstanbulda, ikincisi 2014-cü ildə Ekvatorial Qvineyanın ən böyük şəhəri Malaboda, üçüncüsü isə 2021-ci ildə İstanbulda keçirilib.

AZƏRTAC xəbər verir ki, türk analitikləri Türkiyənin Liviyanın sürətlə birləşməsinə töhfə vermək istəyini qeyd edirlər.

Nəşrlər həm Liviyanın rəsmi hökumətinin, həm də bu Afrika ölkəsinin Nümayəndələr Palatasının nümayəndələrinin İstanbulda keçirilən “SAHA 2026” müdafiə sənayesi sərgisinə dəvət olunmalarını xatırladırlar.

May sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Liviya Milli Ordusunun komandan müavini Səddam Haftar və Liviya Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsini icra edən müdafiə naziri Əbdüssəlim Zubinin iştirakı ilə üçtərəfli görüş də keçirilib.

Bundan əlavə, həm şərqi (331 nəfər), həm də qərbi (177 nəfər) Liviyanın hərbi qulluqçuları Türkiyədə keçiriləcək “EFES 2026” beynəlxalq təlimlərində iştirak etməyə dəvət olunublar.

Türkiyə mediasının məlumatına görə, Ankaranın fəal iştirakı sayəsində Tripoli və Benqazi nümayəndələri Sirte şəhərində birgə hərbi mərkəz yaratmaq barədə razılığa gəliblər. Lakin Liviyanın gələcəyi ilə bağlı siyasi razılaşma milli dialoqun növbəti mərhələsinə qədər təxirə salınıb.