BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

BMT-nin Həssas Hədəflərin Terror Hücumlarından Qorunması üzrə Qlobal Proqramı üzv dövlətlərə dini və mədəni obyekti qorumaqda dəstək verir. Bu obyektlərə qarşı hücumlar birbaşa aid olduqları icmalardan daha uzaqlara təsir etmək məqsədi daşıyır. Onlar cəmiyyətlərdə və hətta sərhədlərarası məkanda qorxu və nifaq toxumu səpirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyev “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.

Bu obyektlərin qorunmasının dinc birgəyaşayış arzusunu və imkanlarını qoruyub saxlamaq üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran A.Zuyev deyib: “Azərbaycanın dini irsə və dinlərarası dialoqa verdiyi önəmi nəzərə alsaq, bu fəaliyyət bu ölkə üçün xüsusilə aktualdır. Bunu şəxsən Prezident İlham Əliyev və Azərbaycan Hökuməti güclü şəkildə dəstəkləyir. Ümidvaram ki, Bakıdan davamlı tərəfdaşlıq əlaqələri ilə yanaşı, dinc dialoqu gündəlik işimizin və həyatımızın bir hissəsinə çevirəcək, yeni körpülər salacaq ideyaları reallığa qovuşdurmaq əzmi ilə ayrılacağıq”.