ABŞ hakimiyyəti Konqo Demokratik Respublikasının futbol üzrə milli komandasının Dünya Kubokunda iştirak etmək üçün ölkəyə daxil olmasına icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.
“Ebola” virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbindən komandanın hazırlıq prosesi müvəqqəti dayandırılıb, oyunçular və məşqçi heyəti ABŞ-yə uçmazdan əvvəl 21 günlük karantindən keçiblər. Konqo yığması artıq Hyustona eniş edib.
Konqo Demokratik Respublikasının milli komandası Dünya Kubokunda K qrupunda Portuqaliya, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq. Komanda iyunun 17-də ABŞ-nin Texas ştatının Hyuston şəhərində Portuqaliya, iyunun 24-də Meksikanın Sapopan şəhərində Kolumbiya, iyunun 28-də isə ABŞ-nin Atlanta şəhərində Özbəkistanla qarşılaşacaq.