Azərbaycan daima ali mənəvi dəyərlərinə sadiqlik nümayiş etdirir

Ölkəmiz beynəlxalq təhlükəsizliyin təminində fəal iştirakçıdır

Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlüyün, ksenefobiyanın artdığı bir dövrdə Azərbaycanın mənzərəsi tamam fərqli cəhətlərlə - multikulturalizm və tolerantlıqla  səciyyələnir. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, mədəniyyətlərin, sivilizasiyaların qovşağı sayılan Azərbaycan üzü əsrlərdən bu yana fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkan kimi tanınmaqdadır.

Qeyd edildiyi kimi, əsrlərdir ki, tolerantlıq nümunəsi sayılan Azərbaycan bu gün də öz dəyərlərinə sadiqlik nümayiş etdirir. Müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu amil istər qanunvericiliyimizdə, istərsə də gündəlik yaşamımızda öz əksini tapmaqdadır. Çoxmillətli və çoxkonfessiyalı ölkə sayılan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hazırda Azərbaycan əhalisinin mütləq əksəriyyətini müsəlmanlar, o cümlədən, xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər.  2025-ci ilin yekun statistikasına görə, respublikamızda 994 dini qurum fəaliyyət göstərir ki, onlardan 956-sı müsəlman, 38-i qeyri-müsəlman təmayüllüdür. Ölkə ərazisində ümumilikdə 2387 məscid, 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai və 1 krişna ibadət yeri fəaliyyət göstərir. Ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Belə ki, Əsas qanunumuzun 25-ci, 44-cü, və başqa maddələrində fərqli dini inanclara malik şəxslərin azad ibadət etmə hüququ tanınır. Eləcə də, bütün vətəndaşlar dinindən və dilindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Təsadüfi deyil ki, Azərbaycanda yaşayan insanların mühüm əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq digər dinlərə də eyni hörmətlə yanaşılır və dini bayramların keçirilməsində, dini ayinlərin yerinə yetirilməsində heç bir problem yaşanmır.

Bakı sivilizasiyalararası dialoqun ünvanıdır...

Yeri gəlmişkən, ölkəmiz həm də sivilizasiyalararası və dinlərarası dialoqa mühüm töhfələr verir. Bakı daima bu istiqamətdə qlobal forumlara ev sahibliyi edir, beynəlxalq dialoqun inkişafına dəstək olur. Xatırladaq ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının (“Bakı Prosesi”) əsası 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub. Bu platforma çərçivəsində Bakıda rəsmi olaraq 7 Ümumdünya Forumu təşkil edilib. I Forum 7-9 aprel 2011-də baş tutub və “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşayış və dialoq” mövzusuna həsr olunub. II Forum isə 29 may - 1 iyun 2013-cü il tarixlərində reallaşıb və “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşayış: fərqli mədəniyyətlər, ortaq dəyərlər” devizi altında keçirilib. III Forum 18-19 may 2015-ci il tarixlərində keçirilib ki, bu tədbirin mövzusu da “Mədəniyyətlərarası dialoq: mədəniyyət və davamlı inkişaf naminə ortaq dəyərlərin bölüşülməsi” olub. IV Forum 4-6 may 2017-ci ildə baş tutub və “İnsan təhlükəsizliyi üçün dialoqun inkişafı: sülh, ədalət və davamlı inkişaf” mövzusunu əhatə edib. V Forum 2-3 may 2019-cu ildə “Ayrı-seçkilik, qərəzlilik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoqun qurulması”, VI Forum isə 1-3 may 2024-cü ildə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunub. Bu tədbirlər çərçivəsində genişmiqyaslı “Dini liderlərin Bakı görüşü” təşkil olunub. “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə iki gün davam edəcək və oktyabrın 29-da başa çatacaq.

Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində oynanılan mühüm rol

Azərbaycanda hökm sürən tolerant və multikultural mühit beynəlxalq aləm tərəfindən də dəstəklənir və təqdir olunur. oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinosu qəbul edib. Migel Anxel Moratinos Azərbaycanda növbəti Mədəniyyətlərarası Dialoq Forumunun təşkili münasibətilə təbriklərini çatdırıb. Qonaq bu Forumun beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm platformaya çevrildiyini vurğulayıb. Migel Anxel Moratinos Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində mühüm rol oynadığını qeyd edib. O, həmçinin Azərbaycanın islamofobiya ilə mübarizə sahəsində fəal mövqeyini, ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların mütəmadi surətdə keçirilməsini təqdir edib və BMT-nin Sivilizasiyalar Alyansının bu istiqamətdə Azərbaycanın səylərini dəstəklədiyini vurğulayıb.

Bəli, Azərbaycan hər zaman islamafobiya ilə mübarizə aparır, xaricdə islam mədəniyyətinin təbliğinə böyük önəm verir. Azərbaycan dinlər və mədəniyyətlər arası əlaqələrin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda ölkəmiz islam həmrəylininin gücləndirilməsi, islam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır. 2017-ci ildə Bakı İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Bu, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisi kimi şöhrət qazanıb. Ölkəmiz dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq içərisində yaşamasına töhfə verir.

Qlobal təhlükəsizliyə verilən töhfə...

O da danılmaz faktdır ki, dünyamız son illərdə geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi, yeni hərbi-siyasi bloklaşmaların, hətta qütbləşmələrin formalaşdığı və beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir mərhələdən keçir. Qlobal güclər arasında qarşıdurmalar, müharibələr, terrorizm, hibrid təhdidlər və kiber hücumlar beynəlxalq təhlükəsizliyi zəiflədən amillər kimi ön plana çıxır. Belə bir mühitdə təhlükəsizlik sisteminin qorunub saxlanılması, yeni çağırışlara adekvat mexanizmlərin formalaşdırılması və qlobal həmrəyliyin təmin olunması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir.

Təhlükəsizlik məsələlərinin effektiv həllində vahid yanaşma, dövlətlərin həmrəyliyi xüsusi rol oynayır. Kəskinləşən ziddiyyətlərin hökm sürdüyü qlobal nizamda Azərbaycan təhlükəsizlik siyasətini yalnız öz milli maraqları çərçivəsində deyil, ümumbəşəri dəyərlər və beynəlxalq sabitlik naminə həyata keçirir. Bu isə ölkəmizi qlobal təhlükəsizlik arxitekturasının mühüm dayaqlarından birinə çevirir. Azərbaycanın bu prosesdə rolu xüsusi qeyd olunmalıdır. Son 6 ildə regional münaqişənin həllinə nail olaraq post-münaqişə mərhələsində sülh quruculuğu gündəliyini ön plana çıxaran Azərbaycan artıq yalnız öz təhlükəsizliyini təmin edən dövlət deyil, eyni zamanda regional sabitliyin təşəbbüskarı kimi çıxış edir. Enerji və nəqliyyat layihələri vasitəsilə müxtəlif ölkələri ortaq maraqlar ətrafında birləşdirməsi də sülhə töhfənin praktik nümunəsidir. Qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya münaqişə risklərini azaldan əsas amillərdən biri kimi məhz Azərbaycanın timsalında ortaya çıxır. Bununla yanaşı, Azərbaycanın çoxtərəfli diplomatiyada fəal iştirakı, beynəlxalq humanitar təşəbbüslərə verdiyi dəstək və mədəniyyətlərarası dialoqu təşviq etməsi qlobal sülh gündəliyinə mühüm töhfədir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edərkən Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirilib. 

P. İSMAYILOV