Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu Öndərin miras qoyduğu ənənələr gələcəyimiz olan uşaqların taleyində mühüm rol oynayacaq

Ulu Öndərin miras qoyduğu ənənələr gələcəyimiz olan uşaqların taleyində mühüm rol oynayacaq

31.05.2023 [12:57]

Məlum olduğu kimi, uzun illərdir 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi əksər dünya ölkələrində qeyd edilir. Bütün dünyada cəmiyyətin ən həssas və kövrək təbəqəsi hesab edilən uşaqlar, sözsüz ki, Azərbaycanda da daim yüksək qayğı və diqqətlə əhatə olunub. Azərbaycan dövləti onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb. Belə ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin olunmasına yönəldilib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib.

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, uşaq siyasətində də  mühüm addımlar atılıb. Azərbaycan Respublikasının 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulması ölkəmizin uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində işlər görmək niyyətini ortaya qoyub. Eyni zamanda “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” yaradılıb.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılmışdır. Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmiş və icrası yüksək səviyyədə təmin olunmuşdur.

Ulu Öndər öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Burada əsas məqsəd uşaqların yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsi idi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyin bərpasının ilk illərində böyük ictimai-siyasi problemlərlə üzləşmiş, ədalətsiz müharibəyə cəlb olunmuş, torpaqlarının 20 faizini itirmiş ölkəmizi düçar olduğu faciələrdən xilas edərkən uşaqları unutmamış, vaxt taparaq həmişə onların görüşünə gəlmiş, problemlərinin həlli istiqamətində təsirli tədbirlər görmüşdür. Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, uşaqlar Ulu Öndər Heydər Əliyevlə hər bir görüşdən böyük zövq alırdılar.

Məsələn, Ümummilli Lider Heydər Əliyevin 11 dekabr 1994-cü ildə uşaqlarla görüşü yaddaşlarda əbədi həkk olunmuşdur. Fenomen şəxsiyyət böyük uzaqgörənliyi ilə qeyd etmişdir:  “Bu, bir reallıqdır ki, Azərbaycan Respublikasında uşaqlar respublikamızın son illərdə düşdüyü ağır, bəlalı, əzab-əziyyətli günlər içində yaşayaraq, eyni zamanda öz valideynlərinin, onlara qayğı göstərən insanların, təşkilatların, xeyriyyə cəmiyyətlərinin köməyi ilə dərs keçirlər, tərbiyə alırlar, böyüyürlər və inkişaf edirlər. Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar. Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm də gələcəkdə cəmiyyətdə öz yerlərini tutacaqlar. Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir”.

Ulu Öndər hər zaman bildirirdi ki, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir.

Ümummilli Lider Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaq hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq İli” elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür.

Bu gün Azərbaycan Respublikasında uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Eyni zamanda valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır.

 Sonda böyük inamla bildirmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı mühüm addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər gələcəyimiz olan uşaqların taleyində mühüm rol oynayacağına zəmanət verir.

 Zamir HÜSEYNOV,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31