Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İcbari tibbi sığortanın tətbiqi əhalinin səhiyyə ilə bağlı maliyyə yükünü azaldacaq

İcbari tibbi sığortanın tətbiqi əhalinin səhiyyə ilə bağlı maliyyə yükünü azaldacaq

30.11.2019 [10:04]

Zaur Əliyev: Vətəndaşın sığortalı olub-olmamasından asılı olmayaraq, heç bir vətəndaş tibbi xidmətə ehtiyacı olduğu halda tibbi xidmətdən kənarda qalmayacaq. Bu da icbari tibbi sığorta sisteminin uğurlu tətbiqinə şərait yaradacaq

 

Müsahibimiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir
- Zaur müəllim, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələr üzrə islahatlar həyata keçirilir. Bu islahatların vacib tərkib hissəsindən biri də icbari tibbi sığorta sisteminə keçidlə bağlıdır. Sizcə, bu sistemin tətbiqi Azərbaycan səhiyyəsinə, bütövlükdə ölkəmizə nə verəcək?
- Azərbaycan Respublikası Prezidentinin sosial siyasətinin bir istiqaməti olan səhiyyə sistemində son illər uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilmiş, bütövlükdə səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır.
Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemi üçün əlavə gəlir mənbəyinin yaranmasına, səhiyyə resurslarını özündə cəmləşdirməklə xərclərin daha səmərəli istifadəsinə zəmin yaradacaq.
İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisələrinin idarə edilməsi təkmilləşəcək, səhiyyə müəssisələri, eləcə də tibb işçiləri arasında sağlam rəqabət mühiti yaranacaq. Sözügedən sistemin tətbiqinin səhiyyə sahəsinə göstərəcəyi müsbət təsirlərdən əlavə, əsas məsələ olan insanların sağlamlığına da böyük töhfəsi olacaq. Bildiyiniz kimi, icbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış maliyyələşmə modelidir və həmrəyliyə əsaslanan sosial layihədir. Yəni insanlar hər ay gəlirlərindən icbari tibbi sığorta fonduna müəyyən vəsait köçürürlər. Xəstəliyi olan şəxslər isə toplanmış vəsaitlərdən istifadə etməklə sağlamlıqlarına qovuşmaq imkanı əldə edirlər. Bu qaydada insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar.
İcbari tibbi sığortanın tətbiqi əhalinin səhiyyə ilə bağlı maliyyə yükünü də azaldacaq. Sığortaolunan vətəndaşlar maliyyə sıxıntısı çəkmədən vaxtında müalicə oluna biləcəklər. Vətəndaşların həkimə vaxtında müraciət etmələri xəstəliklərin ağırlaşmasının qarşısını alacaq, erkən aşkarlanmış xəstəliklərin müalicəyə cəlb edilməsi mümkün olacaq.
- Məlum olduğu kimi, Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər haqqında qanun layihəsi müzakirə olunur. Bilmək istərdik ki, qanuna dəyişikliklər nələrdən ibarətdir?
- Bildiyiniz kimi, sözügedən qanunun bir sıra maddələrinə dəyişikliklər edilməsi təklif olunur. Təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. Nəzərinizə çatdırım ki, 2021-ci ildən isə qeyri-dövlət və qeyri-neft sektoru üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Qeyd etdiyim kimi, dövlət tərəfindən 1 yanvar tarixindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Bu, dövlət başçısının bütün əhaliyə göstərdiyi yüksək qayğının bariz nümunəsidir.
Vətəndaşın sığortalı olub-olmamasından asılı olmayaraq, heç bir vətəndaş tibbi xidmətə ehtiyacı olduğu halda tibbi xidmətdən kənarda qalmayacaq. Bu da icbari tibbi sığorta sisteminin uğurlu tətbiqinə şərait yaradacaq.
- 2020-ci ildə icbari tibbi sığorta sisteminin bütün respublikada mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Bu barədə nə deyə bilərsiniz? Mərhələli keçidin səbəbləri nədir?
- İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsi təklifini hökumətə təqdim edib.
Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23,82 faizinə tibbi xidmət göstəriləcək.
İkinci mərhələdə - aprel-iyun aylarında 17 region - Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24,60 faizi icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaq.
İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19,53 faizinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmət göstəriləcək.
Dördüncü mərhələdə, oktyabr-dekabr aylarında Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32,05 faizini təşkil edir.
İcbari tibbi sığorta tətbiq edilməyən ərazilərdə tibbi xidmətlərdən yararlanmaq məsələsinə gəldikdə, qeyd edim ki, əhali qanunvericilikdə nəzərdə tutulmuş qaydada tibbi xidmətlərdən istifadə etməyə davam edəcək.
- İcbari tibbi sığortaya keçidlə bağlı kadr potensialı hansı səviyyədədir? Məlumdur ki, Agentlik indiyə qədər bir çox tədbirlər, treninqlər keçirib və hazırda bu proses davam etməkdədir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda həkimlərin ümumi sayı son 10 ildə ciddi şəkildə dəyişməyərək 32-33 min intervalında olmuşdur. 2017-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 32,2 min həkim var və əhalinin hər 10 000 nəfərinə 32,2 həkim düşür. Bu göstərici Avropa ölkələrinin orta göstəricisinə çox yaxındır. Belə ki, 2013-cü ildə Avropa İttifaqında hər 10 000 nəfər əhaliyə 35,0 həkim düşmüşdür. Buna baxmayaraq, həkimlərin Azərbaycanın regionları üzrə paylanması qeyri-bərabərdir. Belə ki, dövlət tibb müəssisələrində işləyən həkimlərin 59%-i (17 231 nəfər) Bakıda fəaliyyət göstərir. Əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı 77,4 təşkil edir ki, bu da ölkə üzrə göstəricidən 2,5 dəfə çoxdur.
Səhiyyə sektorunun vəziyyətini qiymətləndirərkən nəzərə alınmalı olan digər göstərici hər 10 000 nəfərə düşən orta tibb işçilərinin sayıdır. Rəsmi statistik məlumatlara görə, 2017-ci ildə orta tibb işçilərinin ümumi sayı 54,5 min nəfər olmuşdur. Bu isə əhalinin hər 10 min nəfərinə 56,2 orta tibb işçisi düşdüyünü göstərir. Bu göstərici üzrə Azərbaycan digər Şərqi Avropa ölkələrinə yaxındır. Dövlət tibb müəssisələrində işləyən orta tibb işçilərinin 35%-i (19 141 nəfər) Bakıda cəmləşmişdir. Bakıda əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işçilərinin sayı 86,0 təşkil edir ki, bu da ölkə üzrə göstəricidən 1,5 dəfə çoxdur.
Agentlik tərəfindən cari ildə həyata keçirilən tədbir və təlimlərə gəldikdə isə qeyd edə bilərəm ki, qurum fevral və aprel aylarında icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrinin rəhbər heyəti və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı təşkilatlarının əməkdaşları ilə görüşlər keçirib. Görüşlərdə iştirakçılar icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırılıblar.
Nəzərinizə çatdırım ki, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə Agentlik tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi məqsədilə həm tibb işçiləri, həm də qeyri-tibb işçiləri üçün bir sıra təlimlər keçirir. Təlimlər kadr məsələlərinin tənzimlənməsi, xəstə xidmətləri və baş tibb bacılarının işinin təşkili, qeydiyyat işinin qurulması, informasiya texnologiyaları və proqram təminatı üzrə mövzuları əhatə edir.
İyul ayından etibarən Agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanıldı. İlkin mərhələdə ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər həyata keçirildi. İkinci mərhələdə isə bu günədək 32 əsas tibb müəssisəsində təlimlər baş tutdu. Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.
Həmçinin noyabr ayından başlayaraq Agentliyin nümayəndələri tərəfindən bir sıra regionlarda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Ağsu, Xızı, Şamaxı, İsmayıllı, Kürdəmir, Göyçay, Ucar, Zərdab, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) tibb müəssisələrində kadr məsələləri üzrə məsul əməkdaşlar üçün təlimlər keçirilib. Bu istiqamətdə təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.
- Zaur müəllim, Milli Məclisdə müzakirələr zamanı bəzi millət vəkilləri icbari tibbi sığorta sisteminə keçidlə bağlı cəmiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasının zəruri olduğunu bildiriblər. Bu istiqamətdə hansı işlər görülür?
- Ölkə əhalisini icbari tibbi sığorta barədə məlumatlandırmaq məqsədilə Agentlik tərəfindən respublikanın bir sıra regionlarında maarifləndirici tədbirlər təşkil olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yerli qeyri-hökumət təşkilatları tərəfindən cari ilin avqust ayından başlayaraq respublikanın müxtəlif regionlarında, eləcə də Bakıda icbari tibbi sığorta barədə əhalinin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər keçirilib. Nəzərinizə çatdırım ki, cari ayda Şura Agentlik ilə birgə “Regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi” mövzusunda qrant müsabiqəsi elan etdi. Gələn ildən müsabiqədə qalib gələn qeyri-hökumət təşkilatları əhali arasında bir sıra maarifləndirmə tədbirləri həyata keçirəcəklər.
“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər təsdiq olunduqdan sonra bu tədbirlərin miqyasının genişləndirilməsi, əhalinin dəyişikliklərlə əlaqədar məlumatlandırılması məqsədi ilə Agentlik tərəfindən fəaliyyət planı hazırlanıb. Cari ildən başlayaraq, 2020-ci il də daxil olmaqla regionlarda və paytaxt Bakıda, ali təhsil müəssisələrində, eləcə də sahibkarlar arasında geniş maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda, icbari tibbi sığorta və sistemdən istifadə mexanizmləri haqqında çap materiallarının, məlumatlandırıcı videoçarxların hazırlanması və infoqrafik postların Agentliyin sosial şəbəkələrdəki səhifələrində yerləşdirilməsi istiqamətində də işlər həyata keçirilir. Agentliyin rəsmi internet saytı, 4 sosial media səhifəsi və 1 “YouTube” kanalı vasitəsilə icbari tibbi sığorta haqqında bütün məlumatlar mütəmadi olaraq paylaşılır.
Yerli telekanallarda və mətbuatda icbari tibbi sığorta haqqında maarifləndirici veriliş və müzakirələrin təşkili də əvvəlki qaydada davam edəcək.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31