Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu

Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu

01.12.2018 [11:24]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Naxçıvanda aparılan işlər çox yüksək qiymətə layiqdir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”.
Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan geniş quruculuq işləri Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Yaşayış məntəqələrində həyata keçirilən tədbirlər həm də əhalinin rifah halının yaxşılaşmasına göstərilən qayğının və insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Bu il Culfa rayonunun Qazançı kəndində də müasir infrastruktur yaradılıb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub.
Qazançı kənd tam orta məktəbinin binası istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Qazançı kənd tam orta məktəbinin direktoru Gültəkin Əliyeva çıxış edərək deyib ki, muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş Qazançı kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbin son beş ildə nəticələri uğurlu olub, 26 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Yeni məktəb binasında yaradılan müasir şərait tədrisin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Gültəkin Əliyeva kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, gənc nəslin layiqli vətəndaş kimi yetişməsində bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Ölkəmizdə bütün sahələrlə yanaşı, məktəb işi də diqqət mərkəzindədir. Şagirdlərin ölkəmizin gələcəyinə hazırlanması sahəsində tədbirlər görülür, yeni məktəb binaları tikilir, maddi-texniki baza gücləndirilir, tədris prosesində yeni texnologiyalar tətbiq olunur. Məktəb işi sadəcə şagirdlərə təhsil verməkdən ibarət deyil. Məktəb hər bir ölkənin gələcəyini hazırlayır. Sağlam gələcək hazırlamaq üçün məktəbdə lazımi şərait yaradılmalı, müəllimlər gəncləri əsl vətəndaş kimi yetişdirməlidirlər”.
Ali Məclisin Sədri Ümummilli liderimiz Heydər Əliyevin “İnsanın cəmiyyətdə özünə yer tutması məktəbdən başlanır”, - fikrini xatırladaraq deyib: “Şagirdlərin gələcəkdə cəmiyyətdə layiqli yer tutması onların bu gün məktəbdə necə formalaşmasından və təhsil almasından asılıdır. Hər bir gənc özünə peşə seçməlidir. Çünki məktəbi bitirən gənc peşə sahibidirsə, onda o, cəmiyyət üçün də, ölkəsi və ailəsi üçün də yararlı vətəndaş olacaqdır. Bu gün Qazançı kənd tam orta məktəbində yaradılan şərait qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Müəllimlər şagirdlərə yaxşı təhsil verməli, gənclərimiz isə özlərini gələcəyə hazırlamalıdırlar”.
Ali Məclisin Sədri deyib: “Qazançı kənd tam orta məktəbinin nailiyyətləri vardır. Son illərdə ali və orta ixtisas məktəblərinə qəbulda məktəb 100 faizlik nəticə göstərib. Ali məktəblərə qəbul olmuş 23 gəncin 15-i müəllim peşəsini seçib. Tələbə adını qazanan məzunların içərisində yüksək bal toplayanlar da var. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseyə, orta ixtisas və peşə məktəblərinə də qəbul olunublar”.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb və yaradılan şəraitlə tanış olub.
Ali Məclisin Sədri şagirdlərin idman yarışlarında iştirakının təmin olunması, şahmat dərslərinin tədrisində elektron lövhələrdən, kompüterlərdən və elektron dərsliklərdən istifadə olunması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında keçirilən nümunəvi və interaktiv dərslərin davam etdirilməsi barədə tapşırıqlar verib.
Müəllimlər otağında pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri deyib: “Məktəb binasında yaradılan şərait bütün fənlər üzrə tədrisin səmərəli təşkilinə imkan verəcəkdir. Artıq müəllimlər tədris zamanı heç bir çətinliklə qarşılaşmayacaqlar. Ona görə də şagirdlərə biliklər dərindən öyrədilməli, onların hazırlığına diqqət artırılmalıdır. Şagirdlər yalnız seçdiyi ixtisasları əhatə edən fənləri deyil, digər fənləri də bilməlidirlər”.
Məktəbin müəllimi Günel Süleymanova minnətdarlıq edərək yaradılanlardan səmərəli istifadə edəcəklərinə, bilikli gənclər yetişdirməklə etimadı doğruldacaqlarına söz verib.
Məktəbin həyətində müəllimlər və şagirdlər üçün bufet tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıqlar salınıb.
Qazançı Kənd Mərkəzi istifadəyə verilib
Noyabrın 30-da Qazançı kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada 7813 ədəbiyyat oxucuların istifadəsinə verilib.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Lalə Cəfərova deyib ki, ərazi ilk təşkilatın 105 üzvü vardır. Onlardan 38-i gənc, 54-ü isə qadındır. Bu gün Qazançı kəndi müasirləşib, abadlaşıb. Kənddə yaşamaq, işləmək və qurub-yaratmaq üçün hər cür şərait var. Müasir infrastruktur yaradılıb, memarlıq abidəmiz olan Qazançı körpüsü bərpa olunub. Tarix göstərdi ki, müstəqil Azərbaycanın bir inkişaf yolu vardır. O da Ümummilli lider Heydər Əliyevin yoludur. Bu yol bugünkü və gələcək inkişafımızın qarantıdır. Qazançı kənd sakinləri də Ulu öndərimizin yoluna sadiqdirlər. Lalə Cəfərova yaradılan şəraitə görə partiya üzvləri və sakinlər adından minnətdarlıq edib.
Ali Məclisin Sədri ölkəmizdə Ulu öndər Heydər Əliyevin yolunun davam etdirildiyini və bu yolun bəhrəsi kimi Qazançı kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirib, səmərəli fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası Qazançı kənd ərazi ilk təşkilatının sədri Lalə Cəfərovaya təşəkkür edib.
Qazançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Aslanov deyib ki, kənddə əhali əsasən heyvandarlıq, əkinçilik, quşçuluq və arıçılıqla məşğul olur. Bu il 291 hektar sahədə dəmyə üsulu ilə taxıl əkilib. Hazırda kənddə 4 ailə fermer təsərrüfatı vardır. Yaradılan şərait fərdi təsərrüfatların daha da genişlənməsinə imkan verir.
Ali Məclisin Sədri ailə təsərrüfatlarının sayının artırılması, kənddə qədim təsərrüfat sahələrinin, xüsusilə üzümçülüyün bərpa olunması ilə bağlı tapşırıqlar verib.
Həyətdə abadlıq işləri aparılıb, yaşıllıq salınıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.
Kənddə müasir həkim ambulatoriyası fəaliyyətə başlayıb
Noyabrın 30-da Qazançı kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, hamilə qadınların sağlamlıqlarının qorunması, peyvənd işinin vaxtında aparılması, rayon mərkəzi xəstəxanası tərəfindən kəndə həkim briqadalarının göndərilməsi, uşaqların və yaşlıların qeydiyyata alınması və tibbi müayinəsi barədə tapşırıqlar verib.
Binada fərdi istilik sistemi quraşdırılıb.
Qazançıda xidmət mərkəzi istifadəyə verilib
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kəndində xidmət mərkəzinin də açılışını edib.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşüb.
Kənd sakinləri Füzuli Əliyev, Zakir Həsənov, Yavər Əliyev və Akif Səyyadov minnətdarlıq ediblər.
Ali Məclisin Sədri sakinləri təbrik edərək deyib: “Bu gün Qazançı kəndi abad yaşayış məntəqəsinə çevrildi. Kəndlərin inkişafı, müasirləşməsi, abadlaşması ölkəmizin inkişafı deməkdir. Bu işlərin həyata keçirilməsində məqsəd ondan ibarətdir ki, insanlarımız rahat yaşasın. Yaradılan şərait sakinlərə öz işlərini rayon mərkəzinə getmədən kənddə həll etməyə imkan verəcəkdir. Şagirdlərin yaxşı təhsil alması üçün məktəb, sakinlərin sağlamlığının qorunması üçün lazımi avadanlıqlarla təchiz olunmuş ambulatoriya, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Culfa şəhərindəki, Naxçıvan şəhərindəki məktəblərdə yaradılan tədris şəraiti Qazançı kənd tam orta məktəbində də vardır. Həmçinin kənd daimi rabitə xidməti, sürətli internet, su, təbii qaz və elektriklə təmin olunub”.
Ali Məclisin Sədri deyib: “Qazançı qədim tarixə malik olan yaşayış məntəqəsidir. Tarixi mənbələrdə də bu öz əksini tapıb. Görkəmli rus şair-diplomatı Qriboyedov öz xatirələrində Naxçıvan şəhərindən Haçadağa, oradan Qazançı kəndinə gəldiyini və buradan Qarabağa, Gəncəyə və Tiflisə getdiyini qeyd edir. Tariximizi qoruyub gələcək nəsillərə çatdırmaq bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Ona görə də kənddəki qədim birtağlı Qazançı körpüsü də bərpa olundu. Bu gün Qazançı kəndində əkinçilik, maldarlıq, heyvandarlıq və arıçılıq da inkişaf etdirilir. Dövlət ailə təsərrüfatlarına köməklik göstərir, kreditlər verilir, istehsal olunmuş məhsulların bazarda satışına şərait yaradılır. Təmiz havaya, səfalı təbiətə və müasir infrastruktura malik olan Qazançı kəndində yaşamaq və işləmək üçün bütün imkanlar var. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, məskunlaşma artmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır”.
Qazançı kəndində mərasim evi tikilib
Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən sakinlərin rahatlığının təmin olunması vacib amil kimi götürülür. Mərasim evlərinin tikilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Noyabrın 30-da Qazançıda mərasim evi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb.
Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpa olunub
Yaxın Şərqin qədim ticarət mərkəzlərindən biri olan və Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvandakı körpülər tarixi-mədəni irsimizin bir parçasıdır. Karvan yollarını birləşdirən qədim körpülər memarlıq quruluşu və mühəndislik texnikası ilə seçilib, xalqımızın mədəni inkişafının göstəricisinə çevrilib. Muxtar respublikada tarixi abidələrin bərpası sahəsində görülən işlər qədim memarlıq abidələri olan körpüləri də əhatə edib.
Noyabrın 30-da Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ziyalıları və elm adamları adından minnətdarlıq edərək deyib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə imzaladığı sərəncamlar mühüm elmi əhəmiyyətə malikdir. Bu gün Naxçıvanda tariximizə sahib çıxılır. Son illər 70-dən artıq abidəmiz bərpa olunub. XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsünün bərpası da bu sahədə görülən işlərin davamı kimi elm adamlarının qarşısına mühüm vəzifələr qoyur”.
Ali Məclisin Sədri muxtar respublikada bərpa olunmayan tarixi abidələrin müəyyənləşdirilməsi və onlarda bərpa işlərinin aparılması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Qazançı körpüsü haqqında tarixi mənbələrdən məlumatların toplanması və monoqrafiya şəkilində nəşr olunması, Qazançı körpüsü haqqında materialların və fotoşəkillərin internetdə yerləşdirilməsi və tanıdılması barədə tapşırıqlar verib.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31