Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Respublikasının prokurorluq orqanları 100 illik şərəfli tarixə malikdir

Azərbaycan Respublikasının prokurorluq orqanları 100 illik şərəfli tarixə malikdir

21.09.2018 [09:02]

Hacıyev Rasim Akif oğlu
Yasamal rayon prokuroru,
baş ədliyyə müşaviri


Ölkəmizin prokurorluq orqanlarının bütün əməkdaşları, veteranlarımız, bütövlükdə respublikanın hüquq ictimaiyyəti prokurorluq işçilərinin peşə bayramını və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 100-cü ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, bu orqana göstərilən yüksək qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda böyük qürur hissi doğurur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının prokurorluq orqanları 100 illik şərəfli tarixə malikdir. 1918-ci il mayın 28-də Şərqdə ilk müstəqil respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və Azərbaycanın istiqlal bəyannaməsi qəbul edildi. Bu hökumətdə ədliyyə naziri Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır. Bundan sonrakı dövrdə ədliyyə naziri Xəlilbəy Xasməmmədovun təqdimatı ilə 14 noyabr 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə “Azərbaycan məhkəmə palatası” və onun əsasnaməsi təsdiq edilmiş, eyni zamanda, ştat üzrə prokurorlar təyin edilərək fəaliyyət göstərmişlər.
28 aprel 1920-ci il tarixdə 11-ci ordunun işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti öz səlahiyyətlərini bolşeviklərə verməklə fəaliyyətinə xitam vermiş, nəticədə Azərbaycan Sovet Sosialist Respublikası yaradılaraq yeni hökumət təşkil edilmişdir. İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarına əsasən fəaliyyətdə olan 1918-ci ildə yaranmış “Məhkəmə palatası”, Bakı, Gəncə dairə məhkəmələri, onların nəzdində olan rütbəli prokuror nəzarəti və məhkəmə müstəntiqləri, onlara bərabər andlı məhkəmələri, vəkillər idarəsi və məhkəmə pristavları ləğv edilmiş, bunların əvəzinə İnqilab Komitəsi nəzdində inqilabi qanunları müdafiə funksiyasını daşıyan yeni məhkəmə palatası və müstəntiqlərdən ibarət istintaq komissiyaları təsis edilmişdir.
28 may 1922-ci ildə Rusiya Ədliyyə Komissarlığı nəzdində Dövlət Prokurorluğu təsis olunmuşdur. Müvafiq olaraq 11 iyun 1922-ci il tarixdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Ədliyyə Komissarlığı nəzdində Dövlət Prokurorluğu təsis edilmişdir. Həmin dekretə əsasən, dövlət adından bütün dövlət orqanlarında qanunların dürüst icrasına nəzarət etmək, təsərrüfat idarələri, şəxslər tərəfindən qanun pozuntularına yol verildiyi halda qanunsuz qərarlardan protest vermək və təqsirkarlar haqqında cinayət işi qaldırmaq, cinayətlərin açılması sahəsində təhqiqat və istintaq orqanlarının fəaliyyətinə bilavasitə nəzarət etmək, məhkəmələrdə dövlət ittihamçısı kimi çıxış etmək, dustaqların təcridxanalarda qanuni saxlanılmasına nəzarət etmək prokurorluğa həvalə edilmişdir. Daha sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin “Azərbaycanın məhkəmə quruluşu haqqında” 17 noyabr 1923-cü il tarixli qərarı ilə Ədliyyə Nazirliyi nəzdində Dövlət Prokurorluğu bir şöbə kimi yaradıldı.
1927-ci ilə Azərbaycan MİK öz qərarı ilə “Məhkəmə quruluşu haqqında əsasnamə”ni təsdiq edərək Bakı və Gəncə dairə məhkəmələri əvəzinə 13 əyalət prokurorluqları yaradılmışdır. 1929-cu ildə isə respublikada yeni inzibati və ərazi bölgüləri ilə əlaqədar əyalət prokurorluqları ləğv edilərək əvəzinə 8 dairə prokurorluqları təsis edilmişdir. 1930-cu ildə Respublika Ədliyyə Nazirliyi ləğv edildikdən sonra prokurorluq Mərkəzi İcraiyyə Komitəsinin tabeliyinə verilməklə ona respublika prokuroru başçılıq edirdi.
1931-ci ildə isə Zaqafqaziya respublikaları prokurorluğu təşkil edilərkən Azərbaycan, Gürcüstan və Ermənistan prokurorluqları onun tabeliyində fəaliyyət göstərmişlər.
20 iyun 1933-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin qərarı ilə ilk dəfə SSRİ Prokurorluğu yaradıldı, 17 dekabr 1933-cü ildə isə prokurorluq haqqında əsasnamə təsdiq edildi. Qərarla SSRİ Prokurorluğunun İttifaq respublikaları üzərində rəhbərliyinin formaları və əlaqələri müəyyənləşdirildi. Prokurorluqların mərkəzləşdirilməsi prosesi başa çatdıqdan sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin 20 iyul 1934-cü il tarixli qərarı ilə istintaq aparatı ittifaq və respublika ədliyyə komissarlıqları nəzdindən çıxarılıb SSRİ Prokurorluğuna tabe edildi.
1936-cı ildə SSRİ Konstitusiyası qəbul olunaraq əsas Qanunun 164-168-ci maddələri sovet dövlət orqanları sistemində prokurorluğun yerini, onun əsas vəzifələrini, mərkəzi və yerli hakimiyyət orqanları ilə qarşılıqlı münasibətini müəyyən etdi, bütün nazirliklər, dövlət komitələri və baş idarələr, müəssisə, idarə və təşkilatlar, yerli xalq deputatları sovetlərinin icraedici və sərəncamverici orqanları, kolxozlar, kooperativ təşkilatları və digər ictimai təşkilatlar, vəzifəli şəxslər, habelə vətəndaşlar tərəfindən qanunlara dürüst və eyni qaydada riayət olunması üzərində Ali Nəzarət SSRİ Baş Prokurorluğuna və ona tabe olan prokurorluqlara həvalə edildi.
Azərbaycan Respublikasının əvvəlki konstitusiyalarında prokurorluq müstəqil dövlət orqanı kimi öz əksini tapmışdır. Azərbaycan SSR-in 1936-cı, daha sonra 1978-ci il konstitusiyalarında prokurorluğa böyük səlahiyyətlər verilməsi ilə prokurorluq dövlətin həyatında ona ayrılmış çoxşaxəli və vacib funksiyaların daşıyıcısına çevrildi.
SSRİ Prokurorluğu hüquq sistemində öz yerindən irəli gələn vəzifələri icra edərkən dövlətin mənafeyini güdürdüsə, müasir prokurorluq insan hüquq və azadlıqlarının keşikçisi, onların təminatçısı qismində fəaliyyət göstərir.
Hakimiyyətin bölünməsi prinsipinin hüquq nəzəriyyəsində qəbul edilməsi, onun əvvəlcə 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 13-cü maddəsində, daha sonra isə Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilməsi Azərbaycan Respublikasının dövlət hakimiyyəti sistemində prokurorluğun yerinin müəyyənləşdirilməsinə hüquqi əsaslar yaratmışdır. 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyətinə aid edilmişdir. Prokurorluğun yerini məhkəmə hakimiyyəti sistemində müəyyən etməklə Azərbaycan Respublikası Konstitusiyası hüquqi varisliyi təmin etmişdir. Həmin varisliyin təsdiqinin əyani təcəssümü Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncamı olmuşdur.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən orqana çevrilməliydi. Bunun təməli Ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə işlənilib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuşdur.
Belə ki, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının respublika ərazisində birbaşa qüvvəyə malik olduğu, onların təmin edilməsi isə dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bu baxımdan təsadüfi deyil ki, dövlət həyatının bütün sahələrinin təşkili və fəaliyyət əsaslarını müəyyən edən Konstitusiya normalarının böyük qismi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər işçiləri ilə tarixi görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılmış, prokurorluqda sağlam kadr korpusunun formalaşdırılması prosesinə başlanılmış, zəruri normativ və maddi-texniki baza yaradılmış, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün qanunverici əsaslar yaradılmışdır. Həmin görüşdə dərin məzmunlu nitq söyləyən Ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir.
Müşavirədən sonra Azərbaycan Respublikası Prokurorluğunda Respublikanın Baş prokuroru, cənab Zakir Qaralovun bilavasitə rəhbərliyi ilə hərtərəfli islahatlara start verilmiş, Ulu öndər Heydər Əliyevin proqram xarakterli çıxışından irəli gələn tövsiyələr çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu hazırlanmış, dövrün tələblərindən irəli gələrək bir sıra yeni idarələr, şöbələr yaradılmışdır. Ötən müddətdə qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki və hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma, vahidlik, mərkəzləşmə, siyasi bitərəflik prokurorluğun fəaliyyətinin əsas prinsiplərini təşkil etmişdir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli prokurorluq orqanlarının fəaliyyətini diqqət mərkəzində saxlamaqla yanaşı, daima bizlərə qayğı göstərir. Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə 27 sentyabr 2008-ci il tarixli Sərəncamla “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.
Biz, prokurorluq işçiləri diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk və əminik ki, Onun rəhbərliyi ilə yeni nailiyyətlər əldə edəcəyik.

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31