Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycanın regionları. Yeni inkişaf dövrü” üçcildliyi çapdan çıxıb

“Azərbaycanın regionları. Yeni inkişaf dövrü” üçcildliyi çapdan çıxıb

04.06.2014 [09:16]

“Azərbaycanın regionları. Yeni İnkişaf dövrü” adlı üçcildlik nəşr bu günlərdə işıq üzü görüb. Nəfis şəkildə çap olunmuş, yüksək zövqlü bədii tərtibata və poliqrafik keyfiyyətə malik bu nəşr Azərbaycan Respublikası Prezidentinin katibliyi tərəfindən buraxılıb. Nəşrin hazırlanmasında Prezidentin mətbuat katibi xidmətinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Prezidentin katibliyindən AzərTAc-a bildiriblər ki, nəşr Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən proqramların - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı dövlətimizin başçısı tərəfindən qəbul edilmiş bir sıra digər sərəncamların icrası sahəsində görülən işləri əks etdirir.
Azərbaycanın regionlarında görülən işlərin, həyata keçirilən proqramların ətraflı, əhatəli və sistemli şəkildə işıqlandırılmasına xidmət edən mükəmməl struktura malik bu nəşr Prezident İlham Əliyevin aşağıdakı sözləri ilə başlayır: “Bizim gözəl iqlimimiz, təbiətimiz, torpağımız var, əlverişli coğrafi vəziyyətimiz, zəngin təbii ehtiyatlarımız, gözəl, istedadlı insanlarımız var. Bunlar olan halda, biz mütləq və mütləq Azərbaycanı müasir, zəngin, qüdrətli dövlətə çevirməliyik və çevirəcəyik.
Azərbaycanın hərtərəfli inkişafı bölgələrin inkişafından asılıdır. Məhz buna görə də biz bölgələrə yeni infrastruktur gətirməyə çalışırıq. Yaradılan müəssisələr, fabriklər, zavodlar bölgələrin inkişafına xidmət edir. Mənim məqsədim ondan ibarətdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin və dünyadakı ən yüksək səviyyə, ən yüksək standartlar Azərbaycanın hər bir yerində tətbiq olunsun, bölgələrdə, rayonlarda dünya standartlarına cavab verən infrastruktur obyektləri, idman qurğuları, tibb ocaqları, məktəblər, zavodlar, fabriklər istifadəyə verilsin.
Əminəm ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır, Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik. Biz düz yolla gedirik - bu yol inkişaf yoludur”.
Nəşrin 1-ci cildinin əvvəlində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə əlaqədar keçirilmiş konfranslarda Prezident İlham Əliyevin nitqləri verilib.
Birinci cildə daxil edilmiş “Naxçıvan iqtisadi rayonu”, “Abşeron iqtisadi rayonu” və “Aran iqtisadi rayonu” bölmələrində adıçəkilən regionlarda iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilmiş layihələr barədə rəngarəng illüstrativ və məlumat xarakterli materiallar dərc edilib.
İkinci cildə “Dağlıq Şirvan iqtisadi rayonu”, “Gəncə-Qazax iqtisadi rayonu”, “Quba-Xaçmaz iqtisadi rayonu” və “Lənkəran iqtisadi rayonu”, üçüncü cildə isə “Şəki-Zaqatala iqtisadi rayonu”, “Yuxarı Qarabağ iqtisadi rayonu” bölmələri daxil edilib. Üçüncü cildin sonunda verilmiş “Əlavələr” bölməsində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər barədə dövlətimizin başçısının sərəncamları daxil edilib.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizin möhkəm iqtisadi təməli yaradılıb, hərtərəfli inkişaf yolu dönməz xarakter alıb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanının davamı olaraq 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2004-2008-ci illər üçün Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafına yol açıb.
Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən Dövlət Proqramı Ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini - neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla ölkənin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb.
Dövlət Proqramı ölkənin inkişafında yeni mərhələnin başlanğıcını qoyub, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırıb. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən müddətdə öz bariz təsdiqini tapıb, regionların siması köklü şəkildə dəyişib, əhalinin paytaxta və digər iri şəhərlərə axını səngiyərək əks proses başlanıb, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıb. Bu gün hər bir ailə, hər bir vətəndaş Dövlət Proqramının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Proqramın uğurlu icrasını və beş ildə bütün sahələrdə əldə olunmuş nailiyyətləri real qiymətləndirən Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifahının daha da yüksəldilməsi yeni proqramın əsas hədəfləri kimi müəyyən edilib.
Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi irəli sürülüb.
Dövlət proqramlarının icrası nəticəsində ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilib.
İki proqramın icrası nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artıb. İnvestisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılıb ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.
2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə yeni iş yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə enib.
Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.
Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində bu gün regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb.
Son 10 ildə inşa edilmiş və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirib, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaradıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “Azərbaycan düzgün yoldadır. Bizim apardığımız siyasət real işlərdə - insanların həyat səviyyəsinin yaxşılaşmasında, şəhərlərimizin gözəlləşməsində, ölkəmizin güclənməsində və Azərbaycanın iqtisadi inkişafında özünü göstərir.
Bu gün bölgələrdə vəziyyət tamamilə dəyişib. Yeni müəssisələr, fabriklər yaradılır, abadlıq işləri sürətlə gedir, iri infrastruktur layihələri həyata keçirilir. Biz bunu dünyada mövcud olan ən yüksək səviyyədə edirik. Bölgələrin inkişafı nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin olunur.
Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq edirik, ən yeni texnologiyaları Azərbaycana gətiririk. Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir. Bizim yolumuz inkişaf yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik”.

Paylaş:
Baxılıb: 1000 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31