Azərbaycan müsbət idarəçilik modelinə malikdir
12.09.2013 [09:17]
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında ölkəmizlə bağlı yer alan qərəzli məqamlara cavab olaraq Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlövhəli analitik yazı hazırlanıb
Azərbaycanın dinamik iqtisadi inkişafı, müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan dövlətlərdə pozitiv təəssürat yaratsa da, bəzi qərəzli dairələrdə narahatlıq hissi meydana gətirir. Məhz buna görə də həmin anti-Azərbaycan dairələri respublikamızdakı ictimai-siyasi şüura neqativ təsir göstərmək, dövlətimizə təzyiq etmək üçün nəinki ölkəmizə qarşı qara piar kampaniyası aparır, eyni zamanda, illeqal vasitələrə istinad edirlər. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların, ictimai birliklərin fəaliyyəti xüsusi yer tutur. Eyni zamanda, bəhs olunan təsisatlar yerli qanunvericiliyə zidd mövqe sərgiləyir, onların fəaliyyəti ictimai birliklər və QHT-lərin fəaliyyətinə dair müvafiq qanunlarla ziddiyyət təşkil edir. Bununla yanaşı, “araşdırma” və ya “qiymətləndirmə” adı arxasında qərəzli hesabatlar tərtib olunur, dezinformasiya xarakterli, həmçinin qeyri-obyektiv informasiyalar yayılır. Məsələn, son olaraq bu kontekstdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlar yer alıb. Buna baxmayaraq, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) tərəfindən bəhs olunan qərəzli məqamlara cavab olacaq “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” sərlövhəli analitik yazı hazırlanıb və həmin material qurumun saytında yerləşdirilib.
“Seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir”
Qeyd edək ki, ESİSC-nin hazırladığı analitik yazının “Ön söz” bölməsində oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində səs verəcək seçicilərin sayı, namizədlərini irəli sürmüş partiyalar barədə məlumat verilib: “Aylardan bəri Azərbaycan hökuməti azad, ədalətli, şəffaf və obyektiv seçkilərin təşkilinə olan öhdəliyini dəfələrlə bəyan etmişdir. Bu müstəvidə ölkə hüquqi çərçivəsini təkmilləşdirmiş və beynəlxalq təşkilatlarla yaxın əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulamışdır. Bundan əlavə, hakimiyyət qurumları şəffaflığı təmin etmək məqsədi ilə mühüm səylər göstərmişdir. Məsələn, internet vasitəsilə müşahidə ediləcək səsvermə məntəqələrinin sayı 10 faizdən 20 faizə çatdırılacaqdır. Məntəqələrdə quraşdırılacaq veb-kameraların sayı da artırılacaqdır. Əvvəlki seçkilərdə 500 kamera quraşdırılmışdısa, 2013-cü il prezident seçkilərində 1000-ə yaxın kameranın quraşdırılacağı bildirilir. Bütövlükdə seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir”.
Göründüyü kimi, seçki kampaniyası ərəfəsində aidiyyəti strukturlar mövcud resurslardan istifadə edərək bərabər rəqabət şəraiti yaratmaqla seçkiöncəsi situasiyanın demokratiklik və sabitlik səviyyəsini daha da gücləndirib. Heç şübhəsiz, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın demokratik ənənələrə sadiq olduğunu göstərir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan həm də növbəti prezident seçkilərinə təkmil qanunvericiliyin fonunda gedir. Buradan da belə bir nəticə hasil olunur ki, “demokratiya” və “insan hüquqları” adı arxasında fəaliyyət göstərən qüvvələrin qərəzli münasibətinə baxmayaraq, gerçəklik budur ki, Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Reallığı əks etdirməyən hesabat qərəzli xarakter daşıyır
ESİSC-nin materialında, həmçinin, bir sıra beynəlxalq müşahidəçilərin Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti müsbət qiymətləndirdikləri vurğulanıb. Lakin həmin müsbət qiymətləndirmələrə rəğmən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ölkəni qeyri-müvafiq olaraq avtoritar rejim kimi təqdim edərək, ötən iyirmi ildə Azərbaycan demokratiyasının əldə etdiyi bütün nailiyyətləri təkzib etməklə sözügedən mənfi hesabatı dərc etməsi ESİSC tərəfindən təəccüblə qarşılanıb.
Əslində ESİSC-in təəccüblü yanaşması kifayət qədər başadüşüləndir. Çünki sözügedən qərəzli hesabatda Azərbaycanın demokratik ənənələrə malik olduğu, demokratik inkişaf yolunda irəlilədiyi birmənalı şəkildə inkar olunur. Bununla da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözügedən hesabatı hansı məqsədlə dərc etdiyi məlum olur.
Yeri gəlmişkən, ESİSC-nin materialında da xüsusilə qeyd edilir ki, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa uyğun gəlmir: “Azərbaycandakı vəziyyətin və ATƏT-in qarşılaşdığı yeni məsələlərin qısa təhlilindən sonra Azərbaycan demokratiyasına alternativ baxış təqdim edəcək və ATƏT hesabatının müəllifləri tərəfindən qaldırılmış əsas məsələlərə cavab verməyə çalışacağıq. Biz də Qərbi Avropa və Şimali Amerika daxil olmaqla dünyada Azərbaycandakı sistemlə digər bir neçə seçki məcəlləsini müqayisə edəcəyik. Beləliklə, Azərbaycanın öz demokratik prosesini möhkəmləndirmək məqsədilə xaricdən dərs götürməyə ehtiyacı olmadığını nümayiş etdirəcəyik”.
ATƏT böhran vəziyyətindədir
ESİSC-nin materialında Azərbaycanın yerləşdiyi coğrafi məkan, ərazisi, əhalisinin etnik tərkibi və sayı, üzvü və təsisçisi olduğu beynəlxalq qurumlar barədə ətraflı məlumat verilir və bildirilir: “Hazırda 30000-ə yaxın etnik erməni heç bir ayrı-seçkilik olmadan Azərbaycanda yaşayır, halbuki Ermənistanda heç bir etnik azərbaycanlı yaşamır. Azərbaycan ermənilərinin bir hissəsi hazırda rəsmi Bakının nəzarətindən kənardakı işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayır”.
Eyni zamanda, ATƏT-in böhran vəziyyətində olduğu bildirilən və bunun səbəblərinin şərh edildiyi materialda gənc müstəqil Azərbaycanın müharibə şəraitində demokratiya yolu ilə uğurla irəlilədiyi vurğulanır və qeyd edilir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağ da daxil olmaqla ölkə ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edilib, həmin dövrdə siyasi qeyri-sabitlik hökm sürüb: “1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə gəlmiş və müharibə vəziyyətinə baxmayaraq, möhkəm siyasi sabitlik yaratmış və ölkəni inkişaf yoluna çıxarmışdır”.
Materialda bildirilir ki, bu məsələ ATƏT-in hesabatlarında da qeyd olunur: “Seçki Ermənistan ilə davam edən münaqişə şəraitində keçəcək və Azərbaycanın əhəmiyyətli hissəsinin işğal altında olması, çox sayda məcburi köçkünün olması seçkilərin idarəsini çətinləşdirir”.
ATƏT özünü təkzib edir
Yeri gəlmişkən, materialda Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in hesabatları xatırlanır və bu qurumun öz-özünü təkzib etdiyi bildirilir. Yazıda 2008-ci ildə keçirilən prezident seçkilərinə dair ATƏT-in hesabatından sitat gətirilir: “ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara riayət edilməsində əhəmiyyətli irəliləyiş qeydə alınmışdır”.
Analitik yazıda Azərbaycanın ATƏT-in tövsiyələrinə cavab verdiyi bildirilərək qeyd olunur: “Qərəzsiz müşahidəçilər Azərbaycan hakimiyyətinin ATƏT-in tövsiyələrini yerinə yetirməyə hazır olmasını şübhə altına ala bilməz. ATƏT-in Seçki Müşahidə Missiyası 2008-ci il prezident seçkiləri ilə bağlı 27 tövsiyə vermiş və onlardan 19-u artıq icra edilmiş və ya faktiki olaraq tətbiq olunmuşdur”.
Qeyd edilir ki, ATƏT-in hesabatında suveren Azərbaycan Respublikası tərəfindən guya icra edilmədiyi iddia edilən 9 tövsiyədən mətbuat azadlığı və mediaya çıxışın asanlaşdırılmasına dair 3 tövsiyə Azərbaycan reallığı ilə bağlı məlumatsızlığı göstərir. Qəzet təsis etmək çətin prosedur deyil. Yeganə hüquqi tələb adının qeydiyyata alınmasıdır. “Azadlıq”, “Yeni Müsavat” və digərləri kimi müxtəlif radikal və hökumətə qarşı olan qəzetlər fəaliyyət göstərir. Bundan başqa, elektron media tamamilə azaddır və adətən hökumətə qarşı kəskin mövqe tutur.
O da təəccüblə qeyd edilir ki, ATƏT-in hesabatı Azərbaycanda mətbuat azadlığı məsələsini az inkişaf etmiş ölkə baxımından nəzərdən keçirir: “KİV-lərin keyfiyyətinin Avropa İttifaqındakı kimi ən yaxşı yeni informasiya texnologiyaları ilə təmin edildiyini bilavasitə görmək imkanımız oldu”.
“Tətbiq olunmayan digər beş tövsiyə müstəqil dövlətdə tətbiq edilə bilməz. Onların həyata keçirilməsi Azərbaycanın ATƏT-in dövlət işlərinə qarışmaq hüququnu tanıdığını nəzərdə tutur. Hökumət hər hansı bir şəkildə dövlət müstəqilliyi və suverenliyinin qorunması olan əsas missiyasında uğursuzluğa düçar ola bilməz”, - deyə vurğulanır.
ESİSC-nin materialında ATƏT-in hesabatında Azərbaycanın siyasi həyatı ilə bağlı öz əksini tapmış qərəzli fikirlər də tənqid edilir və bildirilir ki, ölkədə 55 siyasi partiya mövcuddur. Bu partiyaların fəaliyyətinin qanunlarla və digər normativ-hüquqi aktlarla tənzimləndiyinin qeyd olunduğu yazıda deyilir: “40-dan çox siyasi partiya mövcud hökumətə müxalifət mövqeyində dayanır. 11 partiya, o cümlədən 8 müxalifət partiyası Milli Məclisdə 84 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 deputat yerinə malikdir. Milli İstiqlal Partiyası, Kommunist Partiyası, Müsavat Partiyası, Müasir Müsavat Partiyası, Demokrat Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası kimi bir sıra müxalifət partiyaları fəaliyyət göstərir. Həmin partiyalar yerli hökumət səviyyəsində seçilmişlər və hazırda bələdiyyələrdə təmsil olunurlar”.
Materialda daha sonra deyilir: “Siyasi partiyalar haqqında” Qanuna əsasən, Milli Məclisə keçirilmiş son seçkilərin nəticələrindən asılı olaraq siyasi partiyalar Qərbi Avropada olduğu kimi, dövlət büdcəsindən maliyyə vəsaiti almaq hüququ əldə edir. Bu məqsədlə, 2013-cü ilin dövlət büdcəsində 2,5 milyon manat vəsait nəzərdə tutulmuşdur. Qeyd edilən Qanunun 17-1.2-ci maddəsinə görə, vəsaitin 10 faizi seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalara verilir. Hazırda bu meyara uyğun gələn siyasi partiya yoxdur. Dövlət büdcəsində siyasi partiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi isə Milli Məclisdə təmsil olunmuş partiyalara deputatların sayına görə verilir”.
Təkmil seçki qanunvericiliyinə tənqidi yanaşmaq ATƏT-in qərəzliliyini göstərən növbəti faktdır
Materialda, həmçinin, sözügedən hesabatda Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qərəzli şəkildə tənqid olunduğu bildirilir: “Gördüyümüz kimi, qanun seçicilərin və namizədlərin hüquqlarını geniş şəkildə müdafiə edir. Aydındır ki, bəzi problemlərin, xüsusilə, ucqar dağ rayonlarında səsvermə əməliyyatlarının lazımi qaydada həyata keçirilməsinə zərər verə biləcəyi iddia edilə bilər. Buna baxmayaraq, bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan torpağının böyük hissəsinin erməni qonşusu tərəfindən işğal edilməsi səbəbindən müharibə şəraitində olan gənc demokratik dövlətdir. Bu amilləri nəzərə alaraq, demokratiya və insan hüquqlarının təşviqinə həsr edilmiş beynəlxalq təşkilatın yalnız 20 ildə əldə edilən irəliləyişləri daha məmnuniyyətlə qarşılaması gözlənilən olardı.
Həqiqətən də söyləmək lazımdır ki, geniş şəkildə demokratik dövlətlər kimi tanınan bir sıra ölkələrdə səsvermə əməliyyatları qüsursuz deyildir”.
Legitimlik və xalq-iqtidar birliyi ATƏT-i niyə narahat edir?
2009-cu ilin martında Azərbaycanda keçirilmiş referendumun Prezidentə əsl xalq dəstəyi olduğu, dövlət başçısının 2 müddətə seçilməsi limitinin ləğvinin əhalinin böyük əksəriyyəti tərəfindən müsbət qarşılandığı vurğulanan ESİSC-in materialında bu məsələdə də ATƏT-in qərəzli mövqe tutduğu bildirilir: “Hökumət və hər kəsdən öncə Prezident İlham Əliyev müharibə şəraitində olan inkişaf etməmiş bir keçmiş Sovet respublikasını müasir bir dövlətə çevirə bilmək etimadını qazanmışdır. Prezidentin tərəfdaşları da, həmçinin, dövlət məsələlərini idarəetmə sahəsində səriştəsinə görə Ona minnətdardırlar. Bu, Azərbaycana sabitlik, tərəqqi və artmaqda olan çiçəklənmə gətirmişdir, halbuki, digər keçmiş Sovet respublikaları hələ də siyasi qarışıqlıq və iqtisadi tərəddüdə məruz qalmışlar”.
Bundan əlavə, qeyd etmək lazımdır ki, dünyada bir çox demokratik ölkələr dövlət və hökumət başçılarının yenilənmə müddətinin sayına məhdudiyyət qoymurlar. Misal üçün, Böyük Britaniyaya nəzər saldıqda, Baş nazirlər Marqaret Tetçer və Toni Bleyerin ardıcıl olaraq üç seçkidə qalib gəldiyini görə bilərik. Almaniyada isə kansler Angela Merkel hazırda üçüncü müddətə öz namizədliyini irəli sürür və keçmiş kansler Helmut Kol 16 il hakimiyyətdə qalmışdır. Saylar və ya nümunələr həqiqətən də 2 dəfədən daha çox ardıcıl müddətdən istifadə etmiş siyasi liderlərin çoxluğunu göstərir.
Belə olan halda sual olunur: legitimlik və xalq-iqtidar birliyi ATƏT-i niyə narahat edir?
İkili standart ATƏT-in dəyərləndirmə kriteriyası və yanaşma tərzinə çevrilib
ATƏT-in hesabatlarında Ermənistanla müqayisədə Azərbaycana daim ikili standartlardan yanaşıldığı heç kəsə sirr deyil. ATƏT-in missiya nümayəndələrinin hesabatlarında Azərbaycanda yalnız müxalifət təmsilçilərinin, Ermənistanda isə hakimiyyət tərəfdarlarının fikirlərinə yer verilir. Yeri gəlmişkən, ESİSC-in materialında bu məqam da yer alıb: “ATƏT-in hesabatında bildirildiyi və bizim vurğuladığımız bu 2 məqam Azərbaycan Respublikası və Ermənistan Respublikasında vəziyyəti izah etməyə gəldikdə ikili standartların göstəricisidir. ATƏT ekspertlərinin Ermənistanda tam məmnun şəxslər tapdığı halda, Azərbaycanda seçki sisteminə qarşı yalnız qəzəbli mövqe bildirən şəxslər ilə rastlaşmasına inanmaq qeyri-mümkündür”.
Materialda qeyd olunur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda siyasi vəziyyəti əks etdirən belə bir ağır sənəd təqdim etməsinin səbəbi insanda maraq yaradır: “Bir daha xatırlatmaq lazımdır ki, Azərbaycanın həm enerji resursları, həm də Rusiya, Türkiyə və İran ilə qonşuluq baxımından nadir geosiyasi mövqeyi bu ölkəni dünyanın böyük qüvvələri üçün əsas fikir obyektinə çevirir. Məhz buna görə də, Azərbaycan qərəzli tənqid obyekti olmuşdur”.
Material bu fikirlərlə tamamlanır: “İnkar etmək olmaz ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bir istisnadır, hətta bu bölgədə bir sıra ölkələrin və hökumətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsidir. Kənardan müşahidə edən şəxs sabit sosial rifah, qadınlar üçün Avropa İttifaqına üzv dövlətlərdəkinə çox yaxın şərait və dini azlıqlara qarşı tam hörmət hissi olduğunun şahidi ola bilər.
Gəlin unutmayaq ki, demokratiyanın və vətəndaş azadlığının bu əsas göstəriciləri ərazisinin əhəmiyyətli hissəsini, o cümlədən, Dağlıq Qarabağı Ermənistanın işğalı nəticəsində itirmiş və 1 milyon vətəndaşı qaçqın və məcburi köçkün olan bir ölkədə mövcuddur. Xarici işğala məruz qalmış digər dövlətləri narahat etdiyi kimi, böyük narahatçılığa baxmayaraq, gənc Azərbaycan Respublikası sosial rifaha, vətəndaş hüquqlarına və demokratiyaya hədəflənmiş siyasi kursunu davam etdirir. Belə bir şücaətə ATƏT-in aşağı dəyər verməsi və son tövsiyələri ilə ölkənin heyrətamiz tərəqqisinin üzərinə kölgə salmaq istəyi insanı yalnız dəhşətə gətirə bilər.
Məntiqli və siyasi etika Qərb demokratiyalarından başlayaraq, beynəlxalq qurumların Azərbaycan Respublikasını seçdiyi yolda (sosial tərəqqi və parlament demokratiyası) dəstəkləməsinə səbəb olacaqdır”.
Yerli ekspertlər də bu hesabatı ölkəmizə qarşı qərəzli yanaşma kimi qiymətləndirir
Yeri gəlmişkən, Azərbaycan ictimaiyyətinin nümayəndələri - ekspertlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatını qərəzli yanaşma nümunəsi kimi qiymətləndirir, bunu ölkəmizin demokratik imicinə kölgə salmaq cəhdi kimi dəyərləndirirlər.
Məsələn, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı deyib ki, Azərbaycan demokratik dövlətdir və demokratik ənənələrə sadiqdir: “Bu, ölkədə keçirilən hər bir seçki kampaniyası ərəfəsində də müşahidə olunur. Öz növbəsində oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etmək istəyənlərə qanun çərçivəsində sərbəst şərait yaradılıb. Aktiv fəaliyyət göstərən şəxslər və partiyalara hər hansı bir süni maneə yaradılmayıb. Belə olan halda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun reallıqları təhrif etməsi və ölkəmizə qərəzli yanaşması yolverilməzdir. Bu, həmin təşkilatın məkrli fəaliyyətini göstərir”.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov isə bildirib ki, bəhs olunan təşkilat ölkəmizə qarşı müxtəlif zaman kəsiklərində qərəzli hesabatlarla çıxış edib. “Birincisi, hansısa müxalifət nümayəndələri ilə görüşüb, onlardan qərəzli məlumat almaq və bunun əsasında hesabat hazırlamaq doğru deyil. İkincisi, Azərbaycanın demokratik inkişafı göz qabağındadır, reallıqdır. Bu faktı təhrif etmək də qərəzliliyin ifadəsidir. Bütövlükdə hesab edirəm ki, bu cür qərəzli hesabatlar ölkəmizin demokratik imicinə kölgə sala bilməz”.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

