Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Aktor belə gəldi, aktyor elə getdi” deyirlər...

“Aktor belə gəldi, aktyor elə getdi” deyirlər...

17.02.2022 [09:59]

Bu, ciddi qəbul edilmir, hətta insanlar tərəfindən lağ obyektinə çevrilir

Nurlan QƏLƏNDƏRLİ

Azərbaycanda diqqət çəkən və vaxtaşırı müzakirə mövzusuna çevrilən məsələlərdən biri mediada siyasi ekspert qıtlığıdır. Çap mediasına, internet resurslarına və efir məkanına nəzər yetirdikdə eyni simaların oxşar və təkrar fikirlərinə rast gəlmək adi hala çevrilib. Digər məsələ odur ki, mediada siyasi proseslərin təhlili ilə məşğul olan politoloqlar Azərbaycan dilində danışsalar da, cəmiyyət onları başa düşmür. Çünki mürəkkəb cümlələr, saysız-hesabsız terminlər siyasi şərhçinin üslubunu və efir məkanını “bəzəyir”.

Bütün bu məqamları “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyevlə müzakirə etdik:

- Aydın müəllim, mediada siyasi ekspert qıtlığı müşahidə edilir. Söhbət kəmiyyətdən deyil, keyfiyyətdən gedir. Qəribə hal budur ki, siyasi elmlər üzrə fəlsəfə və elmlər doktorları çoxaldıqca savadlı və faydalı siyasi ekspertlərin sayında azalma müşahidə edilir. Bunu nə ilə əlaqələndirirsiniz?

- Həm siyasət, həm də digər sahələr üzrə ekspert problemi var. Politologiya maraqlı elmdir. Amma bir çox hallarda politoloqlarımız baş verən hadisələrin izahını əsasən elmi rakursdan verirlər. Prosesləri izah edərkən politologiyanın elmi ölçülərini daha çox tətbiq etmək yox, reallığa söykənmək doğru olar. Təəssüflər olsun ki, politoloqlar daha çox elmi yanaşma ilə reallıqlar arasında fərq olduğunu unudurlar. Hətta bir çox hallarda siyasətlə politologiyanın sərhədlərini qarışdırırlar. Bilirsiniz ki, kök etibarilə eyni olsa da, siyasət ilə politologiya arasında fərq var. Siyasətçi real prosesləri mümkün qədər mürəkkəbləşdirməklə məşğuldur. Siyasi ssenariləri o qədər mürəkkəbləşdirirlər ki, özlərinə və qruplarına məxsus əsl məqsədi, hədəfi gizlədərək icrasına nail ola bilsinlər. Yəni planları pozulmasın, zərbə almasınlar. Politologiya isə hadisə və prosesləri mümkün qədər sadələşdirməli olan elmdir. Beləliklə, siyasətçi mürəkkəbləşdirir, politoloq onu sadələşdirməlidir. Azərbaycanda bunun əksini görürük. Bəzən politoloqlarımızın təhlilləri siyasətçinin şərhindən daha mürəkkəb olur. Bu da onun nəticəsidir ki, ya siyasi ekspertlər prosesləri təhlil etmək üçün kifayət qədər təcrübə və intellektə malik deyillər, ya da politologiyanın əsl mahiyyətinin nədən ibarət olduğunu anlamırlar.

Gəncləşmə - yeniləşmə olmalıdır, yeni nəsil gəlməlidir. Amma siyasi ekspertliklə məşğul olanların tərkibini yalnız gənclik prinsipi ilə yeniləmək səhv olar. Kiminsə gənc yaşında politologiyadan auditoriyada yaxşı dərs deməyi hələ onun yaxşı siyasi şərhçi olacağı demək deyil. Belə bir qayda yoxdur ki, ən yaxşı futbolçu ən yaxşı məşqçi olur. Bəzi yaxşı məşqçilər futbolçu kimi o qədər də uğurlu karyerası olmayanlar sırasından çıxıb. Təbii ki, bu, birmənalı hökm deyil: yəni demək istəmirəm ki, heç vaxt yaxşı politologiya müəllimindən yaxşı siyasi şərhçi olmaz. Amma prinsipi bu cür müəyyənləşdirmək olmaz ki, politologiyadan yaxşı dərs deyəni siyasi şərhçi kimi kütləvi tribunalara buraxmaq lazımdır.

Bu sahədə işin effektiv olmamasının səbəblərindən biri “elmi dərəcəsi varsa, siyasi elmlər üzrə fəlsəfə və elmlər doktorudursa, ondan siyasi şərhçi kimi istifadə etmək olar” prinsipinə əsaslanmaqdır. Dəfələrlə rast gəlmişəm ki, “alimdir - elmi dərəcəsi var” prinsipi ilə efirə dəvət olunmuş adamlar kütləvi tribunada lazımi effekti verən çıxış edə bilməyiblər. Sırf tarixə və nəzəriyyəyə aludə olaraq hadisələri bugünkü reallıqlarla əlaqələndirməkdə, prosesləri izah etməkdə çətinlik çəkiblər.  Əsas məsələ siyasi təhlili - şərhi ictimai və dövlət maraqları, milli hədəflər ilə bağlamaq, prosesləri asan - anlaşılan dildə izah etməkdir.

- Yeri gəlmişkən, politoloqlar hansı dildə danışırlar? “Dil” dedikdə hansısa xarici dili nəzərdə tutmuruq. Siyasi şərhçilərin cümlələrinə nəzər saldıqda görürük ki, onların fikirlərini anlamaq, cəmiyyətə çatdırmaq üçün xüsusi “tərcüməçi” lazımdır. Anlaşılmaz, qüsurlu cümlələr oxucunu, tamaşaçını yorur, bezdirir, mediadan uzaqlaşdırır, elə deyilmi?

- Bəzi siyasi ekspertlər düşünürlər ki, nə qədər mürəkkəb cümlə qursalar, nə qədər çox termindən istifadə etsələr, bir o qədər savadlı, böyük - nəhəng görünəcəklər. Heydər Əliyevin, Prezident İlham Əliyevin çıxışlarına nəzər salın: mücərrəd sözə, terminə rast gəlməyəcəksiniz. Heydər Əliyev böyük dövlətçilik təcrübəsinə malik olub, İlham Əliyev həm də beynəlxalq münasibətlər üzrə müəllim kimi fəaliyyət göstərib. Onlar mürəkkəb cümlələr qura, sizə lazım olduğundan daha çox termindən istifadə edə bilərdilər. Amma baxın, onlar siyasətdən danışanda, siyasi proseslərin təsvirini və təhlilini verəndə heç vaxt mücərrəd, terminoloji sözlərdən istifadə etməyiblər. Çünki cəmiyyət üçün sadə leksikonda danışmaq lazımdır. İnsanın savadının göstəricisi hadisəni təsvir edərkən onu mürəkkəbləşdirmək yox, mümkün qədər sadələşdirməkdir.

Beynəlxalq siyasətdən bəhs edərkən anlaşılmaz sözlərdən, mürəkkəb cümlələrdən, terminlərdən istifadə etməyin heç bir mənası və əhəmiyyəti yoxdur. “Aktor belə gəldi, aktyor elə getdi” deyirlər. Bu, ciddi qəbul edilmir, hətta insanlar tərəfindən lağ obyektinə çevrilir. Soruşurlar ki, “o nə deyir, aktordur, yoxsa aktyor”... Aktor nə deməkdir, dövlət, tərəfdaş, qüvvə və s. deyilə bilər.

Media nümayəndələri kimi dəfələrlə Azərbaycanın rayonlarında olmuşuq. İcra hakimiyyəti orqanlarının xətti ilə ictimaiyyət nümayəndələri ilə görüşlərimiz olub, çıxışlar etmişik, dövlət siyasətinə dair müxtəlif məsələlərin izahını vermişik. Bəzən elə çıxışlara rast gəlmişəm ki... O çıxışları nəinki sadə vətəndaşlar, heç mən ?ə başa düşməmişəm. Zəhmətkeş insanların qarşısında politologiyadan, sosiologiyadan, demoqrafiyadan öyrəndiyin müxtəlif terminləri ard-arda söyləməyin mənası nədir? Çıxışlardan sonra ictimaiyyət nümayəndələri yaxınlaşaraq “o söz nə deməkdir” , - deyə soruşublar.

Bir məqamı da qeyd etmək istəyirəm: insanlar, ilk növbədə, siyasi şərhçinin özünü - şəxsini (keçdiyi yolu, təcrübəsini və s.) qəbul etməlidir ki, fikirlərinə önəm versin. Bu mənada, ekspert seçiminə xüsusi diqqət yetirmək lazımdır. 

- Problemlərdən biri də siyasi şərhçilərin öz üzərilərində işləməmələridir. Məsələn, “analitik təhlil”, “informativ məlumat” kimi ifadələrdən istifadə edən ekspert, şübhəsiz ki, intellekt çatışmazlığından əziyyət çəkir. Bəs oxucu, izləyici - tamaşaçı nə etsin?

- Siyasi təhlilin hədəfi olmalıdır. Dövlət siyasi şərhlərin verilməsinə, təhlillərin aparılmasına xüsusi diqqət yetirir. Çünki bu işin ictimai və dövlətçilik planında hədəfləri var. Yəni bu, milli məsələdir. Hədəflər müxtəlifdir: Azərbaycana yad auditoriyalardan gələn ziyanlı tezisləri zərərsizləşdirmək, dövlətin daxili və xarici siyasətinin vacib istiqamətləri ilə əlaqədar ictimai rəylə işləmək siyasi şərhçilərin əsas vəzifələrindəndir. Dövlətin apardığı siyasəti sadə dildə cəmiyyətə çatdırmaq - izah etmək lazımdır ki, hər bir fərd milli maraqları qorumaq imkanına sahib olsun.

Son vaxtlar Azərbaycan televiziyalarında siyasi ekspert seçimlərində hansı prinsiplərə söykənildiyini anlaya bilmirəm. Mənzərə məni çox təəccübləndirir. Siyasi şərh üçün təkcə nəzəri biliklərə malik olmaq yetərli deyil, praktik hazırlıq - təcrübə də vacib şərtdir. Yalnız elmi-nəzəri biliklərə söykənərək siyasi təhlil aparmaq ictimai rəylə iş baxımından faydalı deyil və zərərlərini hiss edirik. Ona görə də radio və televiziyalarda bu səpkidə olan seçimlərdə diqqəti və məsuliyyəti artırmaq lazımdır. Xüsusilə də, indiki şəraitdə.

Sovet hökuməti dövründə uzun müddət bizə təqdim və təlqin edilən “xalis media, xalis jurnalistika” yoxdur. Peşə fəaliyyəti ölkənin maraqlarına, yaxud hansısa ideologiyaya bağlı olur. Bəzən deyirlər ki, “media nümayəndələri, siyasi ekspertlər tərəfsiz olmalıdırlar”. Bu, yanlış yanaşmadır. Jurnalistin, siyasi ekspertin fəaliyyəti ictimai maraqlara, dövlətin mənafeyinə əsaslanmalı, ölkənin tarixi, mədəniyyəti və ənənələri və s. əsas götürülməlidir. Yəni milli mənafelər peşə maraqlarından öndə və üstün olmalıdır. 2011-ci ildə biz ərəb coğrafiyasında baş verən hadisələr zamanı “tam tərəfsiz olaraq” təqdim edilənlərin üzünü gördük. Onların hansı tezislərə əsaslandıqları, peşə fəaliyyətlərini hansı maraqlar və ideologiyalar əsasında qurduqları bəlli oldu.  İctimai və dövlət maraqlarının peşə prinsiplərindən üstün tutulması reallıqdır. Dünya bu prinsiplə işləyirsə, biz niyə işləməyək? İstər media nümayəndələri, istərsə də siyasi ekspertlər bunu nəzərə almalıdırlar.

Azərbaycan Prezidentinin apardığı siyasətin ideoloji izahı və təbliğ olunması məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Bu işlə məşğul olmağı hər kəsin öhdəsinə buraxmaq olmaz. Prezidentin daxili və xarici auditoriya qarşısında, həmçinin müxtəlif görüşlər və tədbirlər çərçivəsində çıxışlarının şərh - təhlil olunmasına diqqətli yanaşmaq gərəkdir. Bəzən televiziya kanallarında görürük ki, bəzi millət vəkilləri təhlil aparmaq əvəzinə Prezidentin sözlərini, fikirlərini sadəcə təkrarlamaqla, yalnız sitat gətirməklə məşğul olurlar. İzah Prezidentin dediklərini təkrar etməkdən ibarət deyil.

Mediamızda da bu problem mövcuddur. Amma müsbət nümunələr də var. Məsələn, Alqış müəllim baş redaktor təyin edildikdən sonra “Yeni Azərbaycan” qəzetinin tərtibatında, məzmununda ciddi dəyişikliklər - irəliləyişlər, mühüm yeniliklər  var. Alqış Həsənoğlu “Yeni Azərbaycan”da inqilab etdi. Açığını deyim, bu zamana qədər “Yeni Azərbaycan” qəzetində sadəcə şüar görərdik, başlıqlar şüar xarakterli idi. Bu gün isə başlıqlarda, mətnlərdə məzmun, oxucunu özünə çağıran yenilik var. Belə olmalıdır və olması da təqdirəlayiqdir. Ümumiyyətlə, qəzet materialı oxucuya cəlbedici formada təqdim etməlidir, bu, fayda verməlidir - həm dövlətə, həm cəmiyyətə. Məsələn, İlham Əliyevin Ağdama səfərini sadəcə olaraq “Prezident Ağdama səfər etdi”, “Prezident Ağdamda obyektlərin açılışını etdi” kimi başlıqlarla vermək effektiv, uğurlu, oxucu üçün yenilik olmaz, sıradan bir yanaşma olar. Çünki aydın məsələdir ki, Prezident mütəmadi olaraq səfərlərə gedir, açılışlar edir. Səfərə kompleks yanaşaraq onun içindən incini - elə mətləbi tapıb başlığa çıxarmaq lazımdır ki, yeni olsun, cəmiyyəti cəlb etsin.

Paylaş:
Baxılıb: 1211 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30