Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Avşarlar ilkin adlarını zamanımıza qədər yaşatmış yeganə oğuz boyudur

Avşarlar ilkin adlarını zamanımıza qədər yaşatmış yeganə oğuz boyudur

02.10.2009 [14:58]

Həbib Məmmədov: Avşarlar Azərbaycan və Şərq ölkələrində qurulan dövlətlərin ictimai-siyasi həyatında mühüm rol oynayıblar
Azərbaycan xalqının söykökündə iştirak edən başı papaqlı, əli yaraqlı ellərdən biri də avşarlardır. Professor Faruq Sumer “Oğuzlar” kitabında yazır: “Türk tarixində avşarlar ən davamlı rol oynamış böyük bir oğuz boyudur. Bu baxımdan, heç bir oğuz boyu onunla müqayisə edilməz. Bu səbəblə adlarını zamanımıza qədər yaşatmış yeganə oğuz boyudur”.
Avşarlar dünyanın bir çox ölkələrinə yayılıb. Xüsusilə, Türkiyədə, İranda, İraqda, Əfqanıstanda və Azərbaycanda məskunlaşıblar.
Böyük sərkərdələri, dövlət xadimləri, incəsənət və mədəniyyət nümayəndələri, eyni zamanda, hərbi şücaəti ilə görə fərqlənən avşarlar haqqında zəngin tarixi məlumatları oxucularımızın diqqətinə çatdırmaq üçün bu qədim oğuz boyunun araşdırmaçısı, Rusiya mətbuatında avşarlar barədə silsilə məqalələr dərc etdirən Həbib Məmmədovla söhbətləşdik:
- Həbib müəllim, istərdik ki, ilk olaraq qədim oğuz boyu olan avşarların tarixi barədə məlumat verəsiniz...
- Bildiyiniz kimi, avşarlar Azərbaycan xalqının etnogenezisinin formalaşması prosesində iştirak etmiş qədim oğuz boylarındandır. Avşarlar tarixboyu yaranmış dövlətlərdə qulluq etmiş nümayəndələrilə, mədəniyyətilə, qabiliyyətilə və s. böyük rol oynayıblar...
Avşar eli meydana gedəndə baş, mətbəxə gedəndə aş gətirən bir el olub. Oğuz boyları içində adıyla, mənzilə çatanda atıyla tanınıb. Avşar oğulları savaş günü yağı üstünə gedəndə bağlı qapılar açardılar, qalalara, qüllələrə bayraqlar sancardılar. Bir sözlə, avşarların şücaəti, mərdliyi tarixin bütün mərhələlərində özünü əyani şəkildə sübut edib.
ümumiyyətlə, avşar adı yerlərə, yörələrə görə müxtəlif cür səslənir. Avşar, ovşar, əfşar kimi deyiliş və yazılış biçimləri mövcuddur. Bu elin ilkin və dəqiq adı avşardır. Bu adın Avşar adlı türk-Azərbaycan mənşəli etnonimdən törəməsi şübhə doğurmur. Bir daha xatırladım ki, avşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində onlarca eyni adlı toponimlərin yaranmasında fəal iştirak edən etnos olublar. Türk xalqlarının abidələrində bu tayfanın adı dönə-dönə çəkilir. Bəzi tarixçilər qeyd edirlər ki, türk tayfaları olan qacar və avşarlar monqol istilaçıları ilə birlikdə Orta Asiyadan gəliblər. Azərbaycanda bu tayfanın yerləşməsi isə Əmir Teymur və Miranşahın gəlişilə bağlıdır...
Əslində isə avşarların Azərbaycanda yerləşməsi çox-çox əvvəllərə aiddir. Qeyd edim ki, Səfəvilərə qədər Azərbaycanda yaşayırdılar. Sonra demək olar ki, hər tərəfə yayıldılar.
Avşarların İranda da böyük qrupları var. Avşar etnonimi İran toponimində çox yayılıb: Əfşar, Əfşarcıq, Əfşaran, Təppəəfşar, Əfşarlı, Qışlaqəfşar, Əfşarməhəmməd, Hüseynabadəfşar, Ərəbabadəfşar, Cərməəfşar, Cülgəəfşar, Siyahəfşar, Qavəfşar, çəmənəfşar. Afşar etnoniminə Ermənistanda da rast gəlinir. Buradan da belə bir nəticəyə gəlirik ki, türkdilli av(f)şar Orta Asiya, İran və ümumən Qafqazda geniş yayılıb.
Xüsusilə bildirmək istəyirəm ki, türk boyları arasında hökmdar yetirən 5 boydan biri də avşarlardır. Buradan isə avşarların oğuzların İslamdan əvvəlki tarixlərində də ən mühüm rol oynamış boylardan biri olduğuna dair nəticəyə gəlmək mümkündür.
- Məlumdur ki, avşarlardan olan nümayəndələr bir çox dövlətlərin qurulmasında, qorunmasında, hətta bir sıra döyüşlərin taleyinin həll olunmasında böyük rol oynayıblar...
- ümumiyyətlə, avşarlar Azərbaycan və Şərq ölkələrində qurulan dövlətlərin ictimai-siyasi həyatında mühüm rol oynayıblar. Nadir şahın hakimiyyəti dönəmində Avşar elinin başçılarının hər birisi bir əyalətə və vilayətə hakim təyin edilmişdi. Məhəmmədmusaxan Məhəmmədqasım xan oğlu Qasımlı Əraq və Kaşana, Heydərqulu xan Qırxlı Şirvana, Bəhram xan Araşlı Şiraza, Məhəmmədqulu xan Araşlı Xorasanın Səbzivarına, Mehdi xan Həsən xan oğlu Qasımlı İrəvanın Qaramehdisinə, Lütfəli xan Kosaəhmədli Kermana, Musa xan Əmirli Taroma, Saleh xan Qırxlı Xorasanın Əbivərdinə, Əmiraslan xan Qırxlı Azərbaycana, Aşur xan Babalı Arasbara təyin olunublar. İbrahim xan Qırxlı Urmiyanın divanbəyi, Fətəli xan Araşlı orduda çərxçibaşı vəzifəsini tuturdu. Qasım xan Araşlı süvari dəstədə sərkərdə idi. Hüseynəli xan, Bisütun xan, Pero xan və başqaları Nadir şahın yaxınlarından sayılırdı. Avşar eli müstəqil xanlıqlar dönəmində Urmiyada, Xəmsədə və digər yerlərdə öz müstəqilliklərini elan ediblər. Avşar eli Qacarlar sülaləsi dönəmində də dövlətin ictimai-siyasi yaşamında mühüm rol oynayıblar. Rus-İran savaşları zamanı səngərlərdə sipər olublar.
Qaraqoyunlu dövlətinə xidmət edən tayfa başçıları arasında avşar əmirləri də olub. Onlardan biri Cəmşid ağadır. Cəmşid ağa Qara İsgəndər bəy Baranlı-Qaraqoyunluya qulluq edib. Savaşda öldürülmüş ağqoyunlu tavaqçı Əhməd bəyin başını Osmanlı sarayına aparıb.
Ağqoyunlu dövlətinə qulluq edən avşar əmirləri də olub. Onlardan biri də Mənsur bəydir. Faruq Sumer onun haqqında yazır: “Mənsur bəy, Uzun Həsən bəy hələ ağqoyunluların başçısı olmazdan əvvəl onun yaxın nökərləri arasında idi. Qüvvətli bir ehtimala görə, Mənsur bəy Suriya avşarlarına mənsub idi. Həsən bəyə sədaqətlə xidmət etdikdən sonra İran fəth olunanda tabeliyindəki avşarlarla bu ölkəyə gəlmiş və Kuhgiluyə valisi təyin olunmuşdu”.
Səfəvilər dövlətini quran, sərhədlərini genişləndirən, idarə edən avşar əmirləri çox idi. Bunlardan biri Şah İsmayılın Xorasan səfərində iştirak edən Dana Məhəmməd bəy idi. Əhməd sultan adlı digər bir avşar əmiri də I Şah İsmayıl tərəfindən Fərəh hakimliyinə təyin edilmişdi. Avşar elinin adlı əmirlərindən biri də Sultanəli mirzədir. 1514-cü ildə çaldıranda Osmanlı ordusuna qarşı savaşan Qızılbaş ordusunun cinahına Sultanəli mirzə Avşar başçılıq edirdi. I Şah İsmayılı əsir götürmək istəyən osmanlılara “Şah İsmayıl mənəm” demişdi. Osmanlılar onu əsir almışdılar.
- Tarixdə hətta qorçubaşılar haqqında da məlumatlar var...
- Bəli. Qorçubaşı Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin - qorçuların başçısı olub, dövlətin sütunu (Ərkani-dövlət) hesab olunurdu. Qorçubaşı etimad əd-dövlətdən sonra Səfəvi dövlətinin ən böyük əmirlərindən sayılırdı. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. Qorçuların məvacibləri və tiyulları qorçubaşının icazəsi və təsdiqi ilə verilirdi. “Xülasət ət-təvarix”dən məlum olur ki, qorçubaşı Sevindik bəy Avşar İsmayıl mirzəni 1556-cı ildə I Şah Təhmasibin yanına götürüb gəlmişdi. XVI yüzilliyin birinci yarısında bəzən (xüsusən müharibə vaxtı) qorçubaşı vəzifəsi əmir vəzifəsindən yüksək olub...
...Duraq bəy Qorçubaşı müharibə günü əmirlərin əksəriyyətindən yüksək mövqe tuturdu. Qorçubaşıların böyük imtiyazları var idi; hətta onlar valilərin təyin olunmasında da mühüm rol oynayırdılar. Mənbələrdən aydın olur ki, qorçubaşı vəzifəsi XVIII yüzilədək ən yüksək vəzifə olaraq qalmaqda idi. ümumi dövlət qorçubaşılarından başqa ayrı-ayrı əyalətlərin (bəylərbəyliklərin) və qızılbaş tayfalarının öz qorçubaşısı var idi. Qorçular Səfəvi şahlarının qızılbaş tayfalarından ibarət seçmə alay döyüşçüləri idilər. H.Zərinəzadə bu sözün azərbaycanca “qoruyucu” mənasında olduğunu yazır.
- Həbib müəllim, avşarların köçürülməsilə bağlı məsələlərə də toxunmanızı istərdik...
- Qeyd etdiyimiz kimi, avşarlar dünyanın bir çox ölkələrinə yayılıb. Xüsusilə, ən çox İranda, Türkiyədə, İraqda, Əfqanıstanda və Azərbaycanda məskunlaşıblar. Əlbəttə ki, bu köçlər müxtəlif vaxtlarda, istiqamətlərdə olub...
Belə ki, Səfəvilər dönəmində avşarların mühüm hissəsi Azərbaycandan, o cümlədən, Qarabağdan köçürülüb, İranın müxtəlif əyalətlərində yerləşdirilib. I Şah İsmayıl Qırxlı oymağını Xorasanın Əbivərd və Mərv vilayətlərinə köçürmüşdü. Qırxlıların çox hissəsi Əbivərdin ətrafındakı Kubəqanda, Miyab Sərçeşməsində yerləşmişdilər. I Şah Təhmasib 10.000 araşlı ailəsini Farsın Kuhgiluyə vilayətinə köçürmüşdü.
I Şah Abbasın hakimiyyəti dönəmində köçürülmə siyasət başlıca rol oynayırdı. O, heç bir Qızılbaş elinin bir yerdə möhkəmlənməsini istəmirdi. O, araşlıları Xar, Rey və Simnan tərəflərə sürgün etmişdi. Qırxlı oymağından yerdə qalanlarını da Əbivərd ətrafına göndərmişdi. 1596-cı ildə İsmayıl xan Alplının başçılığı altında avşarlar özbəklərə qalib gəldikdən sonra I Şah Abbas İranın qərbindən 1500 avşarı Qoçan, Bocnurd, Dərgəz, Kəlat və Sərəxz sərhədlərinə köçürdü.
Köçürülmə siyasəti Nadir şah dövründə də davam etmişdi. Nadirqulu xan qaynı və sərkərdəsi Lütfəli bəy Kosaəhmədliyə tapşırmışdı ki, 12 min ailəni Urmiya avşarlarından, Marağa müqəddəmələrindən, Sayınqaladan, 2 min ailəni qırxlı oymağından köçürüb Xorasanın Əbivərd ətrafında yerləşdirsin. Onların köçürülməsi üçün 100 min Təbriz tüməni xərclik vermişdi. Aşur xan Babalı-Avşar 1734-cü ildə Nadir şahın əmri ilə avşarlardan 3 min ailəni Xorasana köçürmüşdü. Nadir Azərbaycanı tərk edərkən əmr verib ki, Azərbaycan və İraqi-Əcəmdən 50-60 min ailəni Xorasana köçürsünlər. Onlardan 12 min ailədən çoxu avşarlardan idi. Bu köçərilərdən min ailə avşarların Kərgərli (Qırıxlı, Qırıqlı) qolundan idi. Onları Kəbkan və Miyab ətrafına göndərdilər. Avşarların qalanları Kəlat və ətrafında yerləşdilər. Min nəfər azərbaycanlı cavanı Nadir öz qoşununa götürdü.
Avşar elinin Adaxlı, Araşlı, Alplı, Bəgişli, Qasımlı, Qutulu, Qırxlı, Qılıclı, Qanibəyli, Qarahəsənli, Davudlu, İmanlı, Kərəcli, Giləli, Gözüböyüklü, Gündüzlü, Mahudlu, Tutmaqlı, Tərəzili, Əmirli, Əlibəyli, Ərəbli, Yəşhərli, Yorğanlı, Şahboranlı və başqa oymaqları var. Əhməd Kəsrəvi avşarları bir neçə qola ayırır. Həmin qollar: qırxlı, babalı, cəlayır, kosaəhmədli, gündüzlü, inallı, araşlı, alplı, imirli, bəgəşli.
B.Nikitinə görə, avşarlar şamlı, usalı, qasımlı, imanlı, araşlı, gündüzlü, bəgəşli, kuhgiluyə qollarına bölünür. Tarixçi Tohid Məlikzadə “Salmasın on min illik tarixi” adlı əsərində Avşar elinin 11 tayfa-tirəsini göstərir. Həmin tirələr: Şamlı, Usanlı, Qasımlı, İnanlı, Araşlı, Gündüzlü, Təkəşli, Kəhgilulu, Qırxlı, Təkəli, İmirli. Tohid Məlikzadə ilə Nikitinin bölgüləri yaxındır. Lakin T.Məlikzadə Bəgəşli əvəzinə Təkəşli yazıb ki, Avşar elində bu adda oymaq yoxdur. Oskan Mann avşarları qasımlı, araşlı, kosaəhmədli, qutulu, təkəli, inanlı, bəgəşli, qırxlı, imirli, gündüzlü, təkəlilər qollarına paylaşdırır. A.Dupreyə görə, Urmiya avşarları Araşlı və Qasımlı adlı oymaqlardan, kərəcli, imanlı, davudlu, usallı, qılıclı, qənibəyli, giləli, tutmaqlı, adaqlı, qarahəsənli, əlibəyli, tərəzili, şahburanlı, yəhərli, kuhgiluyəli adlı tayfalardan təşkil olunub. İran tarixçisi Məhəmməd Xaliqi Müqəddəmin yazdıqlarına görə, Tikab (Tikantəpə) yörəsinin Əcirli bölgəsində Avşar elinin ustaclı, badamlı, pətəkli, cənli, hasarlı, qəmişli, gözəlli, laləli, nəxtalı, yeləkli tirələri yaşayırlar. Aşağı Əhmədabad yörəsində alıçlı, təndirli, çublu, faqılı tirələri qərar tutublar. Göyağac ətrafında isə ətaqlı tirəsi binə bağlayıb. Tikabın ətrafında və bölgələrində yaşayan avşar tirələri: bədirli, sarıcalı, qırxlı, yəhərli. Azərbaycanda isə avşar elinin Araşlı (Ağcabədi), Qırxlı (Tovuz), Xırmandalı (Biləsuvar, Masallı) oymaqları qərar tutublar.
- Hazırda hər kəsə bu elin adı ilə bağlı bir çox mədəniyyət nümunələri də bəllidir. Bu özünü həm musiqidə, həm rəqsdə, həm də digər mədəniyyət və incəsənət sahələrində göstərir...
- Əlbəttə ki, Avşar eli Oğuz ulusunun içində mədəniyyəti ilə seçilirdi. Bu da onların güclü soy duyğusu ilə bağlı idi. Avşarlar soy-köklərinə hörmətlə yanaşırdılar. Onlar özgəni öyməz, özlərini söyməzdilər. Birliyi, bütövlüyü siyasət halına gətirmişdilər. Birlikləri sayəsində rifah və zənginliyə qovuşmuşdular. Maraqlıdır ki, avşarlar sənətə kasıblıqdan yox, zənginlikdən meyl edirdilər. Avşarlar damğalı bir qurum idi. Onlar öz damğalarını yaratdıqları əsərlərə, rəsmi sənədlərə, bayraqlarına, mal-qaralarına, dana-davarlarına, at-ayqırlarına vururdular. Avşar damğalarına xalı-xalçalarda, qab-qacaqlarda, geyim-kecimlərdə, keçə-kedizlərdə, bəzən də məzar daşlarında rast gəlinir. Avşarların qurşadığı xəncər “ovşarı” adlanırdı. Avşarların daşıdıqları qılınc “kirmani” adlanırdı. Bu qılıncın Avşarların Kerman qrupu tərəfindən hazırlandığı güman olunur.
Azərbaycanda “Kürd-Ovşarı”, “Əfşarı” adlı muğam şöbələri, “Əfşarı” adlı saz havası var. Türkiyənin Yozqat, Qırşəhir yörələrində “Avşar bozlağı” adlı bir türkü oxunur. Bu bozlaq ağrı-acı hopmuş ağılardan, qoşqulardan ibarətdir. Elə həmin yörə xalqının oynaya-oynaya oxuduğu şərqi “Avşarı halayı”dır.
Antalya, Burdur, Dənizli, Muğla bölgələrində “Avşar bəyləri” adlı türkü dillərdə gəzir. Yenə həmin yörələrdə “Avşar zeybəyi” adlı bir türkü dolaşmaqdadır.
Avşarların adıyla bağlı rəqs növü də var. Bu rəqs “Avşarı” adlanır. Qədim rəqs növü olan “Avşarı”da əhliləşdirilmiş meymundan istifadə olunurdu. Mütəxəssislərin fikrincə, bu “Avşarı” hərbi rəqs sayılırdı. Ensiklopediyada yazılır: “Hərbi muğam, məqam əsası şüştər, musiqi ölçüsü 2/4-dir. Azərbaycan aşıq havası, şux, oynaq xarakterli geniş instrumental müqəddimə ilə başlanır. Sazda “Qaraçı” kökündə ifa olunur. Muğam əsası şurdur. Kuplet formasında olan “Əfşarı”nın poetik mətni qoşmadır”.
Bu gün də avşarlar ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Onlar Azərbaycanın çox yerində, kompakt şəkildə isə Ağcabədi rayonunda yaşayırlar. Avşarlar dövlətə sədaqətli olmaq, onu qorumaq kimi tarixi keyfiyyətlərini bu gün də yaşadırlar. Təsadüfi deyil ki, istər 1993-1998-ci il prezident seçkilərində, istərsə də 2003-2008-ci il prezident seçkilərində bütün Azərbaycan xalqı kimi, avşarlar da mütəşəkkillik nümayiş etdirərək dövlətçiliyimizin inkişafına və möhkəmlənməsinə səs veriblər.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1586 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31