Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Qala divarları arasında intibah...

Qala divarları arasında intibah...

15.08.2009 [01:56]

Mikayıl Cabbarov: Bizə miras qalmış bu tarixi-memarlıq abidələri kompleksinin inkişaf etdirilməsi, dünya miqyasında tanınması, bizdən sonrakı nəsillər üçün qorunması qarşımızda duran əsas vəzifələrdəndir
Azərbaycan memarlıq sənətinin bir çox qiymətli nümunələri dünya memarlığının inciləri sırasına daxil olub, ölkəmizin paytaxtı Bakı şəhərindəki qədim memarlıq abidələri isə mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilib...
Xalqımızın milli sərvəti olan İçərişəhər Azərbaycanda hələ yüzillər bundan əvvəlki şəhərsalma sənətinin əzəmətli təzahürüdür. Burada ucaldılmış Qız Qalası, qala divarları və Şirvanşahlar sarayı kompleksinin şöhrəti dünyaya yayılıb. Orta əsrlər şəhər mədəniyyətinin təcəssümü kimi kompleksə daxil olan məscidlər, karvansara, zorxana, bazar meydanı (xənəgah) və digər tikililər mühəndis-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğurur. Bakının bugünkü görkəmi özünəməxsus relyefi ilə nadir memarlıq incilərinin harmonik vəhdətini əks etdirir...
Lakin uzun illər Azərbaycanın nadir tarixi-memarlıq abidələri lazımınca qorunmayıb, Onlardan bir çoxu baxımsızlıq üzündən yararsız hala düşüb, səriştəsizlik nəticəsində bəzilərinin bərpası tikililərin heyrətamiz tarixi görünüşünə və çoxəsrlik memarlıq irsi ənənələrinə ciddi xələl gətirilərək aparılıb.
Amma Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” 2006-cı il 18 avqust tarixli Sərəncamı bu sahədə əsaslı dönüş yaradıb. Sərəncamla Bakı şəhərindəki tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxlu qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədi ilə müvafiq qurumlara tapşırıqlar verilib. Hətta paytaxtdakı tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı Dövlət Proqramının layihəsi də hazırlanıb.
Bu görülən işlərin nəticəsi olaraq, İçərişəhər tarixi-memarlıq abidəsi YUNESKO-nun “qara siyahı”sından çıxarıldı. Əlbəttə ki, bu, böyük bir nailiyyətdir. Hətta iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlət başçısı bir daha bu məsələyə toxunaraq göstəriş və tövsiyələrini verib: “Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bu, birmənalı belədir və hər bir Azərbaycan vətəndaşı qürur hissi ilə bunu deyə bilər. Bakının tarixi simasını saxlamaq, bərpa etmək şərtilə yeni müasir infrastrukturun yaradılması, əlbəttə ki, şəhərimizə əlavə gözəllik verir. Bizim tarixi yerlərimiz - İçərişəhər bu gün öz tarixi simasını özünə qaytarır. Görülən tədbirlər nəticəsində İçərişəhər YUNESKO-nun qara siyahısından çıxarılıbdır. İçərişəhər öz tarixi simasını qorumalıdır. Eyni zamanda, orada təmir-bərpa işləri ancaq o tarixi irsimizi nəzərə almaqla aparılmalıdır. İçərişəhər, eyni zamanda, turistlər üçün də rahat yer olmalıdır və turizmi inkişaf etdirmək üçün orada əlavə infrastrukturun yaradılması da nəzərdə tutulur. Ancaq orada yaradılan, inşa edilən hər bir obyekt ümumi tarixi irsimizə uyğun şəkildə olmalıdır”.
Bu mənada bu gün İçərişəhərdə aparılan işlərlə və bu tarixi-memarlıq abidəsinin gələcəyi ilə bağlı perspektiv işlər barədə ictimaiyyəti daha geniş məlumatlandırmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovla söhbətləşdik:
- Mikayıl müəllim, ilk olaraq Bakı şəhərinin simvolu olan İçərişəhərin tarixi haqqında danışardınız...
- İçərişəhərin tarixi əsrləri, minillikləri əhatə edir. Azərbaycanın, Bakının elmi-mədəni irsinin inkişafında İçərişəhərin rolu danılmazdır. İçərişəhərdə mövcud olan qədim abidələr-Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi və digər incəsənət nümunələri bu gün dünya əhəmiyyətli abidələr sırasına daxildir. İçərişəhərdə, eyni zamanda, yüzlərlə yerli əhəmiyyətli abidələr yerləşir...
Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınıb, buraya kompleks, saray, divanxana, şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış “Şərq” divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ildə, son “Şərq” divanxanasının tikintisi isə 1558-ci ilə memar Əmirşaha aid olduğu qeyd edilir. Azərbaycan memarlığının unikal abidəsi olan Qız Qalası İçərişəhərin cənub-şərq hissəsində ucaldılıb və bu abidə iki mərhələdə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi bir çox alimlərin hesab etdiyi kimi eramızdan əvvəl VII-VI əsrlərə aid edilir. Qalanın hündürlüyü 29,7 m, diametri isə 16,5 metrdir. Divarlarının qalınlığı aşağı hissədə 5 m, yuxarı yaruslarında isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, daxilində su qatlarına qədər çapılmış 21 metr dərinliyində olan quyu var...
ümumiyyətlə, İçərişəhər həm də qədim yaşayış məskənidir. Buradakı qədim tikililər öz tarixi xüsusiyyətlərini qoruyub saxlayıb. Bu paytaxtımızın sakinlərinin, ölkəmizin müxtəlif bölgələrindən olan insanların, hətta xarici dövlətlərdən Azərbaycana gəlmiş turistlərin də diqqətini cəlb edir. Bir sözlə, İçərişəhərin hər bir azərbaycanlıya doğma, əziz olduğunu söyləsək heç də yanılmarıq.
Bizə miras qalmış bu tarix-memarlıq abidəsinin inkişaf etdirilməsi, dünya miqyasında təbliğ edilməsi, gələcək nəsillərə ötürülməsi bizim qarşımızda duran əsas vəzifələrdəndir.
- Müstəqilliyimizin ilk illərində İçərişəhərdə aparılmış qanunsuz tikintilər, baxımsızlıq üzündən bu tarix-memarlıq abidəsi dağılmaq və tamamilə itmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ardıcıl sərəncam və fərmanları, məqsədyönlü fəaliyyətləri nəticəsində bu gün İçərişəhərin yenidən dirçəldiyini görürük...
- Düzgün buyurursunuz ki, 1991-1993-cü illərdə ölkədə bütün istiqamətlərdə durğunluq, xaos müşahidə olunurdu. Əlbəttə ki, bu müddətdə böhran mədəniyyət, incəsənət sahəsinə də sirayət etmişdi. Bu tendensiya İçərişəhəri də neqativ istiqamətdə gedən proseslərə qatmışdı. Bu müddət ərzində İçərişəhərdə qanunsuz olaraq tikinti və söküntü işlərinin aparılması bu tarixi-memarlıq abidəsinin tarixi arxitekturasını, ansamblını pozmuşdu. Amma Ulu öndərimiz Heydər Əliyev xalqın dəvətilə hakimiyyətə gəldikdən və ölkədə siyasi-iqtisadi sabitliyi bərqərar etdikdən sonra İçərişəhərin bərpası məsələsi gündəmə gəlmişdi. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin bir sıra sərəncam və fərmanlarının mühüm əhəmiyyəti olub.
Cənab Prezident İlham Əliyev isə bu işlərin davam etdirilməsi məqsədilə qərarlar vermiş və qətiyyətli addımlar atıb. Verilmiş sərəncam və fərmanların icrası üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb. İçərişəhərin bərpası və qorunması fəaliyyətinin tənzimlənməsi üçün bizim idarəyə mərkəzi icra hakimiyyəti orqanının statusu verilib. Bu orqan, eyni zamanda, İçərişəhərin qorunmasında effektiv iş apararaq bu gün təqdirəlayiq nəticələr əldə edib. Artıq bu gün əminliklə demək olar ki, İçərişəhərdə qanunsuz tikinti və söküntü işləri tamamilə dayandırılıb.
Əvvəlki illərdə İçərişəhər baxımsızlıq ucbatından YUNESKO-nun Təhlükədə olan ümumdünya İrs Siyahısına salınmışdı. YUNESKO-nun ekspertləri İçərişəhərin baş planının olmamasını, qanunsuz tikililərin aparılmasını tarix-memarlıq abidəsinə təhlükə sayırdılar. Bu baxımdan ekspertlər inanmırdılar ki, biz bu işlərin öhdəsindən gələk.
Bir daha qeyd etmək istəyirəm ki, İçərişəhərin qorunmasına və tarixi görkəminin bərpasına Ulu öndər Heydər Əliyevin rəhbərliyi dönəmindən başlanmış, son 5 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının daimi diqqəti nəticəsində bu işlər daha geniş vüsət alıb. Görülmüş işlərin nəticəsi olaraq, bu il iyul ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilmiş sessiyada YUNESKO-nun Dünya İrs Komitəsinin qərarı ilə İçərişəhər “qara siyahı”dan çıxarıldı. Qısa zaman kəsiyində və əsaslı surətdə görülmüş işlər nəticəsində İçərişəhərin dirçəldilməsi işini digər ölkələrə nümunə olaraq göstərildi.
Beynəlxalq ekspertlərin tövsiyəsi ilə, Azərbaycanda 2010-cu ildə beynəlxalq seminarın keçirilməsi nəzərdə tutulur. Bunda isə əsas məqsəd tarixi abidələrin qorunmasında, restavrasiyasında əldə olunmuş təcrübəni mübadilə etməkdir. Əlbəttə ki, bu işlər İçərişəhərin inkişafında yeni inkişaf mərhələsi açır.
- İçərişəhərdəki mədəniyyət incilərinin qorunmasında mühüm işlər görən Heydər Əliyev Fondunun fəaliyyətindən danışardınız...
- ümummilli liderimizin sözlərilə desək, İçərişəhər açıq səma altında muzeydir.
Əlbəttə ki, İçərişəhərin qorunmasında, təbliğ edilməsində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Qeyd edim ki, tarixində ilk dəfə olaraq İçərişəhərin inkişaf konsepsiyasını özündə əks etdirən Master Plan hazırlanıb. Master Plan bir şəhərsalma sənədidir. Məhz bu sənədin hazırlanmasında, müzakirə edilməsində Fondun böyük rolu olmuşdu...
Bununla bərabər, mən bildirməliyəm ki, İçərişəhər tarix-memarlıq abidəsi olmaqla yanaşı, canlı bir orqanizmdir. İçərişəhərdə daimi olaraq 4000 insan, 1300-dən artıq ailə yaşayır. Burada, həmçinin, otellər, ofislər, xarici ölkələrin səfirlikləri fəaliyyət göstərir. Bu baxımdan İçərişəhərin qorunması həm də bir sosial çağırışdır. Əgər İçərişəhər səhər saat 9:00-da açılan və axşam 20:00 bağlanan  bir muzey olsaydı, bu çağırışlar olmazdı...
Məlumat üçün bildirim ki, Master Plan bir qrup xarici və yerli memarlar tərəfindən hazırlanıb. Həmin işçi qrupun rəhbəri italyan Karlo Sezaro olmuşdu. İşçi qrup İçərişəhəri məhəllələrə bölərək, inkişaf sənədi hazırlamışdı...
Bundan başqa əlavə edim ki, bu il Nazirlər Kabineti tərəfindən İçərişəhərin bufer zonası müəyyənləşdirilib. Bu da dünyada qəbul edilmiş bir təcrübədir. Yəni, həm İçərişəhərdə, həm də kənarda inşa edilə biləcək hər hansı bir tikili abidənin arxitektura ansamblına mənfi təsir göstərə bilər. YUNESKO bufer zonasının yaradılması ilə bağlı təklif irəli sürərkən, məhz, İçərişəhərin görkəminin qorunub saxlanılmasını nəzərdə tuturdu.
Bütün bu görülən işlərin nəticəsi olaraq YUNESKO İçərişəhər tarixi-memarlıq abidəsini ümummdünya İrs Siyahısında tam şəkildə bərpa etdi. Bizim bu işimizə dövlət başçısı İlham Əliyev də müsbət qiymətini verdi. Prezident İlham Əliyevin fəaliyyətimizi dəyərləndirməsi bizi daha da ruhlandırır və məsuliyyətli edir.
Əlbəttə ki, əldə olunmuş nəticələrlə
 kifayətlənməyəcəyik və işimizdə daha məsuliyyətli olacağıq. İçərişəhər öz tarixi simasını qorumaqla yanaşı, turistlər üçün də rahat yer olacaq və turizmi inkişaf etdirmək üçün burada əlavə infrastruktur yaradılacaq.
- Müsahibəyə görə təşəkkür edirik!
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1320 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31