150-200 kilometrlik məsafədə nə baş verir?
24.06.2022 [10:20]
Bölgələrdə ucuz, şəhərdə baha meyvələr
M.FEYİZLİ
Yay ayları həm də meyvənin bol olduğu mövsüm kimi səciyyələndirilir. Büdcəsi aşağı olan bir çox insanlar müxtəlif adda meyvələrin kütləvi şəkildə bazarlara çıxarılmasını gözləyirlər ki, bu məhsullardan gözləri doyunca yesinlər. Ancaq deyəsən, respublikamızda illər uzunu formalaşan bu ənənə cari mövsümdə pozulacaq. İyun ayının qurtarmasına saylı günlər qalır, dükan-bazarlarda isə meyvələrin qiymətləri adamı yayın istisindən daha çox yandırıb-yaxır.
“Yaşıl bazar”da qiymətlər ceyran belində
Paytaxtın Nərimanov rayonunda yerləşən “Yaşıl bazar” adlandırılan ticarət məkanında piştaxtalardakı meyvələr bir növ muzey eksponatlarını xatırladır - səliqəli və zövqlə düzülən meyvələr uzaqdan adamın ağzını sulandırır. Əlini uzadıb qiymətləri soruşanda isə heyrətdən donub qalırsan. “Öküzürəyi” deyilən gilas 10-12 manata təklif olunur. Digər növ gilasların qiyməti 3-10 manat aralığında dəyişir. Alça, xüsusilə də “göycə” indi məşhur meyvəyə çevrilib - qiymətləri 4-8 manat aralığında. Ərik də, necə deyərlər, lider meyvələr sırasında qərarlaşıb - alıcılara 4-7 manata təklif olunur. Çiyələyin, albalının, moruğun da qiymətləri adamı əməlli-başlı xərcə sala bilər.
Düzü, meyvə mövsümü başlayanda dükan-bazarlardakı bahalığı görəndə “hələ nübardır” deyib gözləməyə üstünlük verirdik, fikirləşirdik ki, qiymətlər belə yüksək səviyyədə çox qalmayacaq, günlər ötdükcə aşağı düşəcək və biz də geninə-boluna meyvə yeyəcəyik. Burada deyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Budur, yayın ilk ayının sonunda meyvələrin qiymətləri yenə də “nübar dövründə” olduğu kimi yüksəkdir.
Müştəri gözləyə-gözləyə...
“Yaşıl bazar”da iştahımıza “dur” deyib satıcılardan qiymətlərin yüksək olmasının səbəblərini soruşduq. Həmsöhbətlərimiz daş atıb başlarını tutdular ki, yayın bu çağında meyvələrin belə yüksək qiymətlərlə təklif olunmasının məsuliyyəti onların üzərində deyil. “Bizlik bir şey yoxdur. Biz də gördüyünüz bu meyvələri bir ətək pul verib “Meyvəli”dən alırıq, üstünə də öz xərclərimizi və gəlirlərimizi əlavə edib satırıq”.
“Yaşıl bazar”da sorğu-sualımızı könülsüz cavablandıran satıcıların əksəriyyəti bu cür fikirləri bölüşdülər. Hətta gileylənənlər də oldu: “Qiymətlərin baha olması bizim də ziyanımızadır-məhsul az satılır və qazancımız da az olur. Dövriyyəmiz çox olanda gəlirlərimiz də artır. Özünüz görürsünüz, bazarda müştərilərin sayı barmaqla sayılacaq qədər azdır. Bir çoxları da sadəcə bazarı gəzib dolaşır, heç nə almadan çıxıb gedirlər. Biz də qalırıq müştəri gözləyə-gözləyə”.
Bahalaşma zənciri
Əsas sualın üstünə gələk: Yayın bu çağında meyvələrin qiyməti niyə bu qədər yüksəkdir? Bəziləri bunun səbəbini ağacların vegetasiya dövründə yağıntının çox düşməsi ilə əlaqələndirirlər. Ancaq heç bir halda təbiətin şıltaqlığı qiymətlərin iyun ayında belə yüksək səviyyədə qalmasının yeganə səbəbi sayıla bilməz. Müxtəlif belə hadisələr həmişə baş verib və bu da qiymətlərə az təsir göstərib. Müşahidələrimiz isə başqa qənaətə gəlməyə əsas yaradır. Bu gün heç kəs deyə bilməz ki, regionlarda meyvə azdır. Deyirlər ki, bölgələrdəki bağ-bağatda ağacların budağı ağırlıqdan yerə dəyir. Regionlardan meyvələrin Bakıya və digər şəhərlərə çatdırılması mexanizmi təxminən belədir. Özlərini “iş adamı” adlandıran ayrı-ayrı şəxslər kəndlərdən meyvələri toplayaraq iri şəhərlərə daşıyırlar. Dükan-bazarlardakı bahalıq zənciri də elə burada formalaşır. İşbazlar kəndlərdə çox ucuz qiymətə aldıqları meyvələri şəhərlərdə bir neçə dəfə baha qiymətə təklif edirlər. Bakıya qədər olan 150-200 kilometrlik məsafədə, görəsən, nə dəyişir ki, qiymətlər belə kəllə-çarxa çıxır?
Kəndlinin ayağı bazardan kəsilib
Acınacaqlı mənzərədir: Bu gün kəndli həyətində, pay torpağında yetişdirdiyi məhsulu bazara çıxarda bilmir. Başqa sözlə desək, onların ayağı bazardan tamam kəsilib. Dükan-bazarda meyvə satanların əksəriyyətinin kənd-kəsəklə əlaqəsi yoxdur. Regionlarda yaşayan bir neçə tanış-bilişlə əlaqə yaratdıq. Torpaq sahiblərinin də deməyə sözləri çox imiş. Onlar yetişdirdikləri məhsulları bazara çıxartmaqda problemlərlə üzləşdiklərini bildirirlər. Ümumi qənaət belədir: “Məhsulu şəxsi qaydada Bakıya daşımaq heç kəsə sərf etmir. Bunu Kənd Təsərrüfatı və yaxud digər qurumlar səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkil etmək lazımdır. Əgər biz inflyasiyanın, qiymətlərin aşağı salınmasından danışırıqsa, ilk növbədə, regionlarda yetişdirilən məhsulun möhtəkirlərin əlinə keçməsinə imkan verməməliyik. Kəndlərlə şəhərlər arasında birbaşa ünsiyyət qurulmalıdır. Ara adamları artdıqca, qiymətlər də yüksəlir. Bunun isə məhsulu yetişdirənlərə heç bir xeyri yoxdur”.
“Meyvəli” bahalıq zəncirində mühüm halqanı təşkil edir
Məsələ ilə bağlı mövqeyini soruşduğumuz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında meyvələrin qiymətlərinin yüksək olması ilə bağlı onun təmsil etdiyi quruma da çoxlu müraciətlərin daxil olduğunu bildirdi. Onun sözlərinə görə, “Meyvəli” topdansatış bazarı bahalıq zəncirində mühüm bir halqanı təşkil edir. Burada, demək olar ki, hər şey başlı-başına buraxılıb və hər kəs istədiyi qiymətləri diktə edir. İstehlak bazarlarına nəzarət etməli olan qurumlar isə özlərini “heç nəyi görməyən və heç nəyi eşitməyənlər” kimi aparırlar. “Bazar iqtisadiyyatı şəraitində yaşasaq da, hesab edirəm ki, müəyyən tənzimləyici tədbirlərin görülməsinə ehtiyac var. İstehlakçıların vəziyyətini başa düşmək lazımdır. “Meyvəli”də müəyyən işlər görülməlidir ki, qiymətlər aşağı düşsün. Buna müəyyən qədər nail olmaq mümkündür. Bazarın möhtəkirlərdən təmizlənməsi ən vacib məsələlərdən biridir”, - deyə Eyyub Hüseynov vurğulayıb.
Fikirlərinə davam edən Eyyub Hüseynov başqa bir vacib məsələyə də diqqət çəkib. Söhbət Bakının ətrafındakı əkinə yararlı torpaqların təyinatının dəyişdirilməsindən gedir: “Bazarlardakı məhsulların qiymətində daşıma xərclərinin payı böyükdür. Dünyanın əksər ölkələrində meqapolislərin yaxınlığında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün aqroparklar təşkil olunur. Bakı bu imkandan məhrum edilib. Əvvəllər bizim paytaxtımızın ətrafında da kənd təsərrüfatı təyinatlı torpaqlar var idi. Ancaq həmin torpaqların təyinatı əsassız şəkildə dəyişdirilərək orada fərdi evlərin tikintisi aparıldı. Bütün böyük şəhərlər kimi, Bakının da kənd təsərrüfatı məhsulları ilə təchizatı mühüm məsələdir və buna kompleks şəkildə yanaşılmalıdır”, - deyə Eyyub Hüseynov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

