Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xəzər sülh, əmin-amanlıq və sabitlik dənizidir

Xəzər sülh, əmin-amanlıq və sabitlik dənizidir

19.11.2010 [09:46]

Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşü keçirilib
Dünən Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü keçirilib.
Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə rəsmi foto çəkdiriblər.
Zirvə görüşünü açan Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq, bugünkü görüşün əlamətdar hadisə olduğunu deyib. Azərbaycanın dövlət başçısı Xəzəryanı ölkələr arasında dostluq, mehribanlıq münasibətlərinin mövcudluğunu qeyd edərək, bu ölkələrin əsrlər boyu yaxın qonşuluq şəraitində yaşadığını söyləyib və bildirib ki, Azərbaycan öz qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurub.
Azərbaycan Prezidenti Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində fəal işlərin aparıldığını və bunun gələcəkdə praktiki nəticələr verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, habelə Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi ilə bağlı önəmli addımlar atılıb. “ümid edirəm ki, gələcəkdə bu gözəl təcrübə əsas kimi götürülə bilər”, - deyən Prezident İlham Əliyev nəqliyyat sahəsində də əməkdaşlığın dərinləşdiyini söyləyib.
Azərbaycan dövlətinin başçısı deyib ki, Xəzər dənizinin böyük təbii ehtiyatları var və bütün Xəzəryanı ölkələr enerji resursları baxımından zəngin ölkələrdir: “Bizim ölkələrdə hasil edilən neft-qaz ehtiyatları dünya enerji bazarında həlledici təsirə malikdir”.
Prezident İlham Əliyev Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi üçün iqtisadi əlaqələrin güclənməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizdə Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də böyük proqramların icra edildiyini söyləyib.
Xəzərdə təhlükəsizlik tədbirlərindən danışan Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə fəal çalışdığını bildirib. Dövlətimizi başçısı deyib ki, Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir və belə də qalmalıdır.
İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
İran Prezidenti qeyd edib ki, 2007-ci ildə Tehranda keçirliən zirvə görüşündən sonra Xəzəryanı ölkələr arasında iqtisadi, siyasi, mədəni, ətraf mühitin mühafizəsi və digər sahələrdə əlaqələrin daha da genişləndiyi müşahidə olunur.
Mahmud Əhmədinejad Xəzəryanı ölkələrin bir çox sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı İran tərəfinin təkliflərini zirvə görüşü iştirakçılarının diqqətinə çatdırıb.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev göstərilən qonaqpərvərliyə və Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
ölkəsinin iqtisadi əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən Nursultan Nazarbayev Xəzərin hüquqi statusunun həlli ilə bağlı böyük işlərin görüldüyünü, yaxın zamanlarda Qazaxıstanda bu məsələ ilə bağlı konfransın təşkil ediləcəyini söyləyib. O, Qazaxıstanın Xəzərin hüquqi statusu ilə bağlı bütün görüşlərdə iştirak etməyə hazır olduğunu da diqqətə çatdırıb.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib və bu sammitin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Dmitri Medvedev Xəzərin hüquqi statusunun müəyyən edilməsi prosesinin sürətlənməsi üçün kompleks məsələlərin həllində və Xəzəryanı ölkələrin əməkdaşlığının yeni formatının müəyyən edilməsində bu görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Rusiya Prezidenti deyib ki, biz təkcə dənizi bölməklə kifayətlənməməliyik, eyni zamanda, onun bioloji müxtəlifliyini və nadir təbii sərvətlərini qorumalıyıq. Rusiya Prezidenti Xəzərin statusu barədə yekun nəticənin əldə edilməsi ilə əlaqədar Rusiya tərəfinin təkliflərini də açıqlayıb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzəryanı ölkələrin dövlət başçıslarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O qeyd edib ki, Xəzəryanı ölkələr Xəzər hövzəsinin mühüm strateji region olduğunu yaxşı anladığından məsələ ilə bağlı danışıqlar prosesi konstruktivlik əsasında qurulub.
Türkmənistan Prezidenti bildirib ki, son zamanlar əməkdaşlığın hüquqi bazası ilə bağlı məsələdə irəliləyiş var. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsi üzərində də iş konstruktiv qaydada gedir. Bu gün tərəflər həmin sənədin bir çox müddəaları üzrə konsensus əldə ediblər. Əldə edilən nailiyyətlər sırasına dəniz mühitinin qorunması ilə bağlı çərçivə konvensiyasının imzalanması da daxildir.
Türkmənistan Prezidenti vurğulayıb ki, bu gün Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir.
Dünən Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişi və prezidentlərin birgə bəyanatını imzalayıblar.
Dünən Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün sənədlərinin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünün konstruktiv keçdiyini, imzalanan sənədlərin əməkdaşlığın çərçivəsini dəqiq müəyyən etdiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu sənədlər hazırlıq mərhələsində olan məsələlərin razılaşdırılması işində mühüm addımdır.
Prezident İlham Əliyev müzakirələr zamanı qəbul edilən qərarlar haqqında da məlumat verib. Bildirib ki, 5 il müddətinə nərə balığına ovun qadağa olunması ilə bağlı mexanizmin 3 ay müddətində hazırlanması barədə müvafiq qurumlara tapşırıqlar verilib. Həmçinin, müvafiq qurumlar Xəzərdə milli sektorların hüdudları ilə bağlı müzakirələr aparmalıdırlar.
İran Prezidenti Mahmud Əhmədinejad Bakıdakı Zirvə Görüşü zamanı böyük dostluğun və əməkdaşlığın əsasının qoyulduğunu söyləyib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bugünkü müzakirələr zamanı əsas məsələ - Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı irəliləyişin olduğunu söyləyib. O, imzalanan sənədlərin mühüm əhəmiyyətini qeyd edərək, Zirvə Görüşünün konstruktiv şəraitdə keçdiyini vurğulayıb.
Rusiya Prezidenti Dmitri Medvedev Zirvə Görüşünün konkret nəticələr verdiyini və bu nəticələrdən razı qaldığını söyləyib. Dmitri Medvedev əsas məsələ - Xəzərin hüquqi statusu ilə bağlı irəliyə doğru yaxşı addım atıldığını deyib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin sülh və əməkdaşlıq dənizi olduğunu söyləyib.
Dövlət başçıları Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür ediblər.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək əldə olunan nəticələrə verdikləri töhfələrə görə Xəzəryanı ölkələrin dövlət başçılarına minnətdarlığını bildirib.

Paylaş:
Baxılıb: 1037 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30