Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfər edib
07.11.2015 [10:01]
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar.
Burada müxtəlif yaradıcılıq kollektivlərinin və dərnəklərin fəaliyyəti ilə tanış olan dövlət başçılarına məlumat verilib ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Marneuli rayonunda istifadəyə verilən “Çay evi” tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub. Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada, həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir.
Qeyd edilib ki, layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi və Marneuli Gənclər Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilib. Üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir. Mərkəzdəki “Muğam” restoranında milli mətbəximizin təamları təqdim edilir.
Bildirilib ki, “Çay evi” memarlıq layihəsi 2013-cü ildə Londonda keçirilən və Avropanın nüfuzlu beynəlxalq qurumu olan “European Property Awards”ın təsis etdiyi “Sosial memarlıq” nominasiyasında qalib gələrək birinci yerə layiq görülüb.
“Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışı: “Əziz dostlar, mən dünən Gürcüstana rəsmi səfərə gəlmişəm. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Dünən apardığım danışıqlar bir daha göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir.
Dünən biz Birgə Bəyannamə imzalamışıq. Bəyannamədə əməkdaşlığımızın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın böyük tarixi və gözəl gələcəyi var. Bu gün Gürcüstan və Azərbaycan - iki dost, qardaş ölkə birgə fəaliyyət göstərir, regionda mühüm layihələr icra edir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır və biz bundan sonra da əlaqələrin inkişafı üçün əlimizdən gələni edəcəyik.
Bu gün səfər çərçivəsində mən Marneuliyə sizinlə görüşə gəlmişəm. Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Biz çox istəyirik ki, həm Azərbaycanda yaşayan gürcülər, həm Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da ölkələrin ictimai, siyasi, iqtisadi həyatında öz rolunu oynasınlar və həm öz ölkələrinin dəyərli vətəndaşları kimi töhfə versinlər, eyni zamanda, əlbəttə, öz tarixi köklərini də unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar. Onların iş yerləri ilə təmin edilməsi istiqamətində daha da ciddi addımlar atılsın, onlar öz dəyərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi bu ölkənin ümumi inkişafına öz töhfəsini versinlər.
Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə həmişə dəstək olmuşlar və Gürcüstanın yaxşı vətəndaşları olmuşlar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşayırsınız. Bu gün xalqlarımızı birləşdirən həm tarixi əlaqələr, həm çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda, bax, bugünkü Gürcüstan-Azərbaycan əlaqələri əlbəttə ki, sizin də həyatınızda müsbət təsirini göstərir.
Mən çox şadam ki, bu gözəl mərkəzdə uşaqlar müxtəlif dərnəklərdə təhsil alırlar. Biz burada həm azərbaycanlı, həm də gürcü uşaqları görürük. Onlar birlikdə bu işlərlə məşğul olurlar. Bu da birliyi, dostluğu möhkəmləndirir. Əlbəttə, bu “Çay evi” mərkəzinin çox böyük funksional tərəfi var. Xüsusilə, məni sevindirən odur ki, burada gürcü dili kursları təşkil edilibdir. Mən bunu dəfələrlə demişəm və bir daha deyirəm. Biz istəyirik ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar gürcü dilini mükəmməl bilsinlər, öz ana dili kimi bilsinlər. Ancaq o təqdirdə siz Gürcüstanda layiqli yer tuta bilərsiniz. Yəni, azərbaycanlılar Gürcüstanda təcrid edilmiş vəziyyətdə yaşamamalıdırlar, yaşaya bilməzlər. Siz bu dövlətin dəyərli vətəndaşlarısınız, öz əməyinizlə Gürcüstanın inkişafına töhfə verirsiniz. Gürcü dilini bilmək birinci şərtdir və çox yaxşı ki, bu kurslar təşkil edilir. Burada həm uşaqlar və bildiyimə görə, digər kateqoriyadan olan insanlar da dərs alırlar. Bu, çox vacibdir və əlbəttə ki, siz Azərbaycan dilini, öz tarixi köklərinizi heç vaxt unutmamalısınız. Hər bir millət öz tarixi-mədəni kökləri əsasında inkişaf edir. Əlbəttə, Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, sizin həm rahat yaşamanız təmin edilsin, eyni zamanda, siz tarixi kökləri daim uca tutasınız.
Bu gün Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın imkanları genişlənir və mən həm dövlət şirkətlərinə, eyni zamanda, özəl sektorun nümayəndələrinə daim tövsiyə edirəm ki, burada yaşayan azərbaycanlılar üçün daha da yaxşı şərait yaratsınlar, Gürcüstana investisiya qoysunlar, iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılsın və şadam ki, bu gün biz bunu görürük.
Mən axırıncı dəfə Marneulidə 2004-cü ildə olmuşam, vətəndaşlarla görüşmüşəm və indi də gəlmişəm. Mən bax, bu yerləri xatırlamıram, çünki o vaxt yox idi və burada - girişdə, foyedəki şəkillər göstərir ki, əvvəlki “Çay evi”nin vəziyyəti necə idi, indi necədir. Bu, böyük inkişafdır. Eyni zamanda, bu gün biz soyuducu anbar kompleksinin də işi ilə tanış olacağıq. Bu da kənd təsərrüfatı ilə məşğul olanlar üçün əvəzolunmaz bir infrastruktur obyektidir, iqtisadi inkişaf üçün çox lazımdır. Yəni, əminəm ki, bundan sonra həm SOCAR, həm Azərbaycanın digər şirkətləri, özəl qurumların nümayəndələri Gürcüstana investisiya qoyacaqlar və burada yaşayan azərbaycanlılar, gürcülər üçün yeni imkanlar yaradacaqlar.
Mən öz həmkarıma minnətdarlığımı bildirmək istəyirəm ki, o, sizə daim diqqət göstərir. Bilirəm ki, cənab Prezident sizinlə ən azı ildə bir dəfə görüşür, sizə dəstək olur. Bu, çox önəmlidir, yəni, siz Gürcüstan dövlətinin, Gürcüstan Prezidentinin dəstəyini, diqqətini hiss edirsiniz və buna görə mən öz həmkarıma minnətdaram. Bir daha demək istəyirəm ki, dünən keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi Gürcüstan-Azərbaycan qardaşlığını daha da möhkəmləndirir. Əminəm, bu, sizin üçün də çox önəmlidir və biz gələcəkdə də çalışacağıq ki, siz daim özünüzü rahat hiss edəsiniz, yaxşı yaşayasınız, dolanışıq da yaxşı olsun, iş yerləri də olsun, həm Azərbaycanı sevəsiniz, həm də Gürcüstanı. Sizi bir daha salamlayıram”.
Prezident Giorgi Marqvelaşvilinin çıxışı: “Mən Sizi və Marneuli ictimaiyyətinin nümayəndələrini salamlayıram. Mən şadam ki, bu gün cənab İlham Əliyev ilə birgə burada sizinlə - Gürcüstanın azərbaycanlı vətəndaşları ilə görüşmək imkanı əldə etmişik. Bu ictimaiyyət bizim vətəndaşlar kimi dövlətimizin tərkib hissəsidir. Bu rayonun sakinlərinə, burada yaşayan azərbaycanlılara Gürcüstanın inkişafına və Azərbaycan-Gürcüstan əlaqələrinin genişlənməsinə verdikləri töhfələrə görə minnətdarlığımı bildirirəm.
Ötən gün cənab Əliyev ilə bizim mehriban dostluq əlaqələrimizi daha da inkişaf etdirmək üçün müzakirələr apardıq. Azərbaycan-Gürcüstan əlaqələri nümunəvidir. Bu nümunə hər iki ölkəni daha da möhkəmləndirəcək.
Biz buraya gələndə söhbət edərkən mərhum prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin uzaqgörənliklə bu dostluğa verdikləri önəmi xatırladıq. Onlar bizim əlaqələrimizin strateji istiqamətini müəyyən etmişlər. Bu gün bir daha əmin olduq ki, 20-25 il əvvəl onların qoyduqları bünövrə bizim gələcəyimizin əsas yolunu müəyyən edib.
Mən çox sevinirəm ki, bu gün sizinlə görüşə gəlmişəm. Əminliklə deyə bilərəm ki, bütün Gürcüstan xalqı İlham Əliyevə məhəbbətlə yanaşır. Bilirəm ki, siz də İlham Əliyevi ikiqat istəyirsiniz. Mən sevinirəm ki, rayonda böyük inkişaf var. Bu yeniliklər sizin səyinizlə və Azərbaycanın bölgəyə, iqtisadiyyata dəstəyi vasitəsilə yaranıb. Mən qeyd etmək istəyirəm ki, bu dəstək təkcə Marneulidə deyil, hər yerdə nəzərə çarpır. Gürcüstanın iqtisadiyyatının gücləndirilməsində Azərbaycan ilə tərəfdaşlıq mühüm rol oynayır. Bu dəstək sosial layihələrin reallaşdırılmasında da nəzərə çarpır. Bu gün bütün bağçalarda istilik sistemi mövcuddur. Mən deyərdim ki, bir çox kilsələr və digər müəssisələr istiliklə təmin olunublar. Bundan başqa bir çox mədəni, idman və elmi layihələrə kömək göstərilir. Bunu görməmək mümkün deyil. Bütün bunları bizim dost Azərbaycan dost Gürcüstan üçün edir. Mən iftixar hissi ilə deyə bilərəm ki, bölgədə həyata keçirilən bütün layihələr öz bəhrəsini verir”.
Gürcüstan Prezidenti qeyd edib ki, bu bölgənin vətəndaşları daha sıx iqtisadi, siyasi və mədəni inteqrasiyaya meyillidirlər. Burada bilikli və istedadlı insanlar çoxdur. Onların siyasi proseslərdə yaxından iştirak etməsi Gürcüstan dövlətinin gücü deməkdir.
Gürcüstan Prezidenti deyib: “Bizim xalqlarımız və dövlətimiz daha çox inkişafa impuls verən layihələrin reallaşdırılmasını istəyirlər. Bu layihələrin reallaşmasına İlham Əliyevin istəyi təkan verir. İlham Əliyev çox ürəyiaçıq insandır və mən prezident kimi Azərbaycana səfər edəndə məni çox mehribanlıqla qəbul etdi. Mən də çalışıram ki, cənab İlham Əliyevin Tbilisiyə səfəri zamanı az da olsa sizdə gördüyüm qonaqpərvərliyin qarşılığını verə bilim.
Bu yaxınlarda Azərbaycanda seçkilər keçirildi. Cənab Prezident bu siyasi prosesdən dərhal sonra vaxt taparaq Gürcüstana səfər edib. Bu, gözəl jestdir. Ona bu jestinə görə təşəkkürümü bildirirəm. Bunu bütün dünya görür və bütün dünya başa düşür ki, Azərbaycan-Gürcüstan əlaqələri necə böyük əhəmiyyət kəsb edir. Bir daha çox sevinirəm ki, bizim istəkli qonağımız İlham Əliyev ilə buradayıq. Hər zaman sizin xidmətinizdə durmağa hazırıq”.
Sonra Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev çıxış edərək deyib: “Cənab Prezident, Sizin Gürcüstana səfəriniz bütün gürcü ictimaiyyətinin diqqət mərkəzindədir. Gürcüstanda yaşayan minlərlə soydaşımız neçə gündür Sizin bu səfərinizi bir bayram kimi gözləyir. Mən tam məsuliyyətlə deyirəm ki, bu gün hər bir evdə bayramdır. Mən bütün soydaşlarımızın sevgilərini, salamlarını Sizə çatdırmaq istəyirəm.
Təbii ki, mən bir deputat kimi həm də Azərbaycan ilə Gürcüstan arasında olan mövcud əlaqələrin yüksək səviyyəsini dərin məmnunluq hissi ilə ifadə etmək istəyirəm. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər Sizin prezidentliyiniz dövründə bütün istiqamətlərdə - həm iqtisadi, siyasi, həm də humanitar sahələrdə yüksələn xətlə inkişaf edib. Mən əminəm ki, Sizin Gürcüstana bu səfəriniz də münasibətlərin inkişafına yeni töhfə verəcək.
Azərbaycanın haqq işi Gürcüstanda həmişə müdafiə olunub. Biz çox məmnunuq ki, beynəlxalq aləmdə, bütün beynəlxalq qurumlarda Gürcüstan və Azərbaycan bir-birinin haqq işini dəstəkləyir. Azərbaycan ilə Gürcüstan arasında olan bu əlaqələr bu gün nəinki region çərçivəsindən çıxır, hətta mən deyərdim ki, artıq dünya əhəmiyyəti kəsb edir. Bu əlaqələrin möhkəmlənməsi, daha da inkişaf etməsi bütöv gürcü cəmiyyətinin arzusudur”.
Gürcüstandakı Azərbaycan icmasının həmişə Azərbaycan dövlətinin qayğısını öz gündəlik həyatında hiss etdiyini deyən Mahir Dərziyev əsrlər boyu bu torpaqda yaşayan soydaşlarımızın Azərbaycana sıx bağlı olmaqla yanaşı, Gürcüstan dövlətinə və dövlətçiliyinə sadiqlik nümayiş etdirdiklərini bildirib. Gürcüstan parlamentinin üzvü Prezident İlham Əliyevin bu bölgəyə əvvəlki səfəri zamanı qaldırılan məsələlərin həlli üçün göstərdiyi səylərin müsbət nəticələrindən danışaraq deyib: “Fürsətdən istifadə edərək, cənab Prezident, Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbəyə görə bütün soydaşlarımız adından Sizi təbrik etmək istəyirik. Bu qələbə Azərbaycan xalqının iradəsinin ifadəsi, Sizin uğurlu daxili və xarici siyasətinizə göstərdiyi etimadın nəticəsidir.
Bizim Azərbaycan sevgimiz, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan sevgisi, istəyi təbiidir, başadüşüləndir. Biz də Gürcüstanda yaşayan azərbaycanlılar olaraq Azərbaycan dövlətinə çiçəklənmə, tərəqqi arzu edirik. Arzu edirik ki, iki dost, qardaş ölkələrimiz arasındakı münasibətlər daha geniş, daha yüksək səviyyəyə qalxsın. Çox sağ olun. Bir daha xoş gəlmisiniz”.
Sonra Marneulidə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, iş adamı İspəndiyar Məmmədov, sahibkar Heydər Musayev çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyev çıxış edərək deyib: “Çox sağ olun əziz dostlar. Burada qeyd edildiyi kimi, keçən dəfə mən Marneulidə olanda yerli sakinlər bir neçə məsələ qaldırdılar və mən də Bakıya qayıdandan sonra müvafiq göstərişlər, tapşırıqlar vermişdim ki, bu məsələlər tezliklə öz həllini tapsın. Şadam ki, son illər ərzində bir neçə mühüm məsələ öz həllini tapmışdır.
Əlbəttə, 2004-cü ildə Azərbaycanın imkanları bugünkü kimi deyildi. Bizim o qədər də böyük maliyyə imkanlarımız da yox idi. Ancaq imkan daxilində çalışırdıq ki, burada - Gürcüstanda da yaşayan azərbaycanlılar Azərbaycanın inkişafından bəhrələnsinlər.
Qaldırılan məsələlərin bir çoxu artıq bu gün öz həllini tapmışdır. Əlbəttə, gələcəkdə daha da böyük işlər görülməlidir. Amma ilk növbədə göstəriş verilmişdir ki, infrastruktur layihələri - qaz, içməli su təminatı öz həllini tapsın, kənd yolları abadlaşdırılsın. Bildiyiniz kimi, son illər ərzində SOCAR nəinki azərbaycanlıların yaşadıqları bölgələrdə, ümumiyyətlə, Gürcüstanın müxtəlif yerlərində böyük qazlaşdırma proqramlarını icra edir və böyük vəsait, investisiya qoyur ki, Gürcüstanda qazlaşdırma maksimum dərəcədə sürətlə getsin. Keçən dəfə mən burada olanda Dövlət Neft Şirkətinin bir dənə də olsun yanacaqdoldurma stansiyası yox idi. Mənə verilən məlumata görə, bu gün 100-dən çox yanacaqdoldurma məntəqəsi vardır. SOCAR Gürcüstanın Qara dəniz limanında böyük terminalı əldə edibdir, energetika layihələrinə investisiya qoyubdur. Dünən müzakirə etdiyimiz layihələr arasında elektroenergetika layihələri də var. Elektrik xətlərinin birləşməsi, “Cənub” qaz dəhlizinin inşası - bütün bunlar yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.
Təhsillə bağlı məsələlər xüsusi əhəmiyyət daşıyır. Minnətdaram ki, siz bu məsələləri qaldırırsınız. Mən şəxsən istəyirəm ki, Gürcüstanda bir dənə də təmirsiz Azərbaycan məktəbi olmasın. Düzdür, hələ ki, Azərbaycanda da təmirsiz, qəzalı vəziyyətdə olan məktəblər var. Son on ildə Azərbaycanda 3 mindən çox məktəb tikilib və təmir edilib. Azərbaycanda təxminən 5 min məktəbin olduğunu nəzərə alsaq, görərsiniz ki, nə qədər böyük işlər görülüb. Amma yenə də mən bu gün Azərbaycanın müxtəlif bölgələrində olarkən vətəndaşlar məsələ qaldırırlar ki, o məktəb qəzalı vəziyyətdədir, bu məktəb təmirsizdir. Yəni, bu problem bizdə də, sizdə də var. Amma biz çalışacağıq ki, bu məsələ öz həllini tapsın. Hesab edirəm ki, Dövlət Neft Şirkəti burada əsas investor kimi öz rolunu oynayacaqdır.
Ümumiyyətlə, Dövlət Neft Şirkətinin həm Azərbaycanda, həm işlədiyi bütün ölkələrdə çox böyük sosial məsuliyyəti vardır. İndi SOCAR müxtəlif ölkələrdə fəaliyyət göstərir və o ölkələrdə, o cümlədən Gürcüstanda da məktəb, uşaq bağçalarının tikintisi, infrastruktur layihələrinin icrası ilə məşğuldur. İlk növbədə bunu Gürcüstanda etməlidirlər, çünki burada böyük sayda azərbaycanlı əhali yaşayır.
Təhsil Nazirliyinə də göstəriş verilmişdir ki, kitablarla, dərsliklərlə bağlı məsələlər öz həllini tapsın. Bilirəm ki, bəzi hallarda məktəblərdə müəllim qıtlığı vardır. Yəni, bu məsələ də öz həllini tapmalıdır ki, uşaqlar normal şəraitdə oxusunlar, qeyd etdiyim kimi, həm Azərbaycan dilini, həm gürcü dilini mükəmməl bilsinlər.
Gələcəkdə iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər də görülməlidir. Əlbəttə ki, biz bu məsələləri Gürcüstan dövləti və hökuməti ilə məsləhətləşmələr əsasında görəcəyik. Bax, soyuducu anbar kompleksinin tikintisi birinci addımdır. Şadam ki, Gürcüstan dövləti də güzəştli kreditlər ayırır və siz burada istixanalar yaradırsınız. Hesab edirəm, Azərbaycan investisiyaları hesabına bu bölgədə emal müəssisəsi də yaradıla bilər ki, siz kənd təsərrüfatı məhsullarını emal edib hazır məhsul kimi dünya bazarlarına sata biləsiniz. Digər məsələlər, yeni iş yerlərinin yaradılması həm Gürcüstanda, həm Azərbaycanda lazımdır. Yeni iş yerləri həm bizdə yaradılır, həm sizdə. Ona görə, burada mütləq birgə səylər vacibdir.
Ümumiyyətlə, dünən apardığımız danışıqlar əsnasında biz bir çox məsələləri, əlbəttə, bir daha müzakirə etdik. Amma əsas məsələ odur ki, Gürcüstan ilə Azərbaycan arasında daha da sıx koordinasiya aparılmalıdır. Çünki həm təhlükəsizlik, həm inkişaf baxımından bizim ölkələrimiz bir-birinə sıx bağlıdır. Bizim uğurlu inkişafımız Gürcüstansız mümkün deyil. Çünki Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Əlbəttə ki, Azərbaycan nə qədər güclü olsa Gürcüstanın da inkişafı o qədər sürətlə gedəcək. Çünki biz çox yaxın dostuq, tərəfdaşıq, birgə layihələr icra edilir. Dünən razılığa gəldik ki, nəqliyyat sahəsində həm bölgədə, həm dünyada birgə siyasət aparaq. Belə olan halda, ölkələrimizin ərazisindən yükdaşımaların həcmi bir neçə dəfə artacaq. Bu dəhliz buradan, bu bölgədən keçir. Əlbəttə ki, burada yaşayan hər bir insan bundan da faydalanacaq. Çünki yeni iş yerləri yaradılır, yeni sənaye müəssisələri yaradılacaqdır.
Əlbəttə ki, sosial sahəyə daha da ciddi, böyük diqqət yetirilməlidir. O ki qaldı gömrükdə, sərhəddə gediş-gəlişin asanlaşdırılması ilə bağlı məsələlərə, bu da müvafiq qaydada öz həllini tapacaq. Nazir buradadır. Siz bu məsələni dərindən araşdırın. Azərbaycan tərəfindən nə lazımdırsa ediləcək ki, burada heç bir problem olmasın. Yəni, insanlar rahat, maneəsiz gedib-gələ bilsinlər. Onsuz da bizim ölkələrimiz arasında viza rejimi yoxdur, ola da bilməz. Ona görə, bu məsələlər də öz həllini tapacaq. Ümumiyyətlə, əgər bundan başqa hansısa məsələ varsa, xahiş edirəm onu da mənə çatdırın. Biz bütün məsələləri imkan daxilində həll edəcəyik.
Bir xahişim də var. Bu gün burada bu bölgənin seçilmiş, tanınmış, böyük hörmətə malik insanları əyləşmişlər. Ancaq Gürcüstanda yaşayan azərbaycanlıların sayı on minlərlə, yüz minlərlə ölçülür. Xahiş edirəm, Gürcüstanda yaşayan bütün soydaşlarımıza mənim səmimi salamlarımı çatdırın. Bilin ki, mən onlar haqqında daim düşünürəm, onlar mənim üçün çox əzizdir, doğmadır. Ən böyük arzum ondan ibarətdir ki, onlar bu torpaqda rahat, firavanlıq və rifah içində yaşasınlar. Sağ olun”.
Sonra çıxış edən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bölgədə gürcü dilinin öyrənilməsi layihəsinin həyata keçirilməsi prosesindən danışıb və bildirib ki, bu amil azərbaycanlı əhalinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal mövqe tutmaları üçün əsas şərtdir. Gürcüstan öz mədəniyyətini, adət-ənənələrini qoruyan azərbaycanlı vətəndaşları ilə güclüdür, - deyən Prezident Giorgi Marqvelaşvili daha sonra burada həyata keçirilən layihələrdən danışaraq deyib: “Mən burada uğurla həyata keçirilən infrastruktur layihələrini görürəm. Əsasən kənd təsərrüfatı sahəsində olan layihələri. Gürcüstan böyük potensiala malik aqrar dövlətdir. Təəssüf ki, bəzi səbəblərə görə bizim ərzağa olan tələbatımızın 9 faizi daxili istehsal hesabına təmin edilir. Bu, çox kiçik göstəricidir. Lakin elə bu 9 faizdə də bizim azərbaycanlı vətəndaşlarımızın rolu böyükdür. Biz bu sahədə layihələri elə reallaşdırmalıyıq ki, Avropa bazarına çıxa bilək. Biz keçən il Avropa İttifaqı ilə “Azad ticarət haqqında” müqaviləyə imza atdıq. Bu, bizə böyük imkanlar yaratdı. Ancaq təbii, Avropa standartlarına cavab verən məhsul istehsal etməliyik və dünyaya məhsul çıxaran ölkələrlə rəqabətə girməliyik. Burada bu potensial var və biz bunu həyata keçirməliyik. Bunun üçün bizə müasir texnologiya və avadanlıq lazımdır.
Mən çox sevinirəm ki, bu sahədə də cənab İlham Əliyev bizə dəstək verir. Ən müasir istixanaları misal gətirmək istəyirəm. Daha bir sahəni qeyd etmək istəyirəm. Bu, turizm və onunla bağlı xidmətlərin göstərilməsidir. Bununla əlaqədar rayonun icra hakimiyyəti və digər qurumlar birləşib bu sahədə potensialı araşdırıb öyrənməli, təkliflərini təqdim etməlidirlər. Turizm çox gəlirli sahədir. Bundan başqa, çox mühüm geosiyasi və geostrateji layihələr reallaşdırılacaq. Dünən biz bu məsələ ilə bağlı cənab Əliyevlə müzakirə apardıq. Bu layihələr bizə yüklərin, enerji daşıyıcıları tranzitini artırmağa, logistik mərkəzlərin yaradılmasına imkan verə bilər.
Burada gördüyüm canlanmaya görə təşəkkür edirəm. Buradakı əhval-ruhiyyə bizim gələcək əməkdaşlığımızın daha uğurlu olacağı ümidini verir. Mən bir daha cənab İlham Əliyevə “çox sağ olun!” demək istəyirəm. Onu bir daha gözəl Marneulidə salamlayıram”.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi ilə tanış olublar.
* * *
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb.
Azərbaycan Prezidentini səmimiyyətlə salamlayan Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə şəxsi münasibətlərini yüksək dəyərləndirib. O qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıyır. Hər iki dövlət Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmir. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı bundan sonra da xalqlarımızın sülh və firavanlıq şəraitində yaşayacaqlarını bildirib. II İliya ölkələrimizin dini sahədə münasibətlərinin də çox yaxşı olduğunu deyib.
Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini deyən Pravoslav Kilsəsinin Patriarxı Azərbaycan Prezidenti İlham Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırıb. Gürcüstana Azərbaycandan təbii qazın verilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Patriarx II İliya ölkələrimiz arasında bundan sonra da münasibətlərin yüksək səviyyədə olacağına inamını ifadə edib.
Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı ilə Bakıdakı səmimi görüşlərini xatırladan Prezident İlham Əliyev Azərbaycanda II İliyaya böyük hörmət bəsləndiyini vurğulayıb. Dövlətimizin başçısı Gürcüstanın dini liderinin fəaliyyətinin hər zaman regionda sülhün bərqərar olmasına, bütün münaqişələrin həllinə, dünyadakı dinlərarası münasibətlərdə qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə və sülhə əsaslandığını deyib. Prezident İlham Əliyev çoxmillətli və çoxkonfessiyalı Azərbaycan və Gürcüstanın digər ölkələr üçün ümumbəşəri dəyərlərə sadiqlik nümunəsi olduqlarını xüsusi vurğulayıb. Marneulidə Azərbaycan icması ilə görüşünə toxunan dövlətimizin başçısı ölkəmizdə yaşayan gürcülərə də yüksək münasibət göstərildiyini bildirib. Müstəqillik dövründə ölkələrimiz arasında strateji münasibətlərin formalaşdığını deyən Prezident İlham Əliyev bu baxımdan Gürcüstana rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları Birgə Bəyannamənin əhəmiyyətini xüsusi qeyd edib. Dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının hər iki ölkənin dinamik inkişafı üçün zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində fəal qarşılıqlı fəaliyyətinin mövcud olduğunu bildirib.
SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyev hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu deyib. Dövlətimizin başçısı Gürcüstana rəsmi səfərinin iki ölkə arasında əməkdaşlıq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
* * *
Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü olub.
David Usupaşvili Azərbaycan Prezidentini parlamentin binası önündə qarşılayıb. Gürcüstan parlamentinin deputatları Prezident İlham Əliyevə təqdim olunub. Dövlətimizin başçısı və Gürcüstan parlamentinin sədri xatirə şəkli çəkdiriblər.
Görüşdə David Usupaşvili Gürcüstana rəsmi səfəri çərçivəsində parlamentə gəldiyinə görə deputatlar adından Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirib. David Usupaşvili Prezident İlham Əliyevin təkcə regionun deyil, dünyanın nüfuzlu şəxsiyyətlərindən biri kimi Gürcüstana rəsmi səfərindən şərəf duyduqlarını vurğulayıb.
Gürcüstan parlamentinin sədri ölkələrimiz arasında dostluq əlaqələrinin çox intensiv və güclü olmasına baxmayaraq, bu münasibətləri daha da möhkəmləndirmək baxımından Azərbaycan dövlətinin başçısının bu səfərinin mühüm önəm daşıdığını söyləyib. David Usupaşvili Prezident İlham Əliyevi rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbəsi münasibətilə Gürcüstan parlamenti adından təbrik edib və yeni tərkibdə Azərbaycan parlamenti ilə münasibətləri davam etdirəcəklərini bildirib.
Prezident İlham Əliyev Gürcüstan parlamentinin sədri ilə Bakıda keçirdiyi görüşləri xatırlayıb. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olmasını prezidentlər tərəfindən imzalanan Birgə Bəyannamənin bir daha təsdiq etdiyini vurğulayıb. Bizim əlaqələrimizin təməlində xalqlarımızın bir-birinə olan hörməti, rəğbəti dayanır, deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, sosial və humanitar sahələrdə Gürcüstan ilə Azərbaycanın hazırkı əməkdaşlığının bir çox ölkələr üçün nümunə ola biləcəyini söylədi, dostluq münasibətlərinin dərinləşməsində parlamentlərarası əlaqələrin önəmindən danışıb.
Sonra dövlətimizin başçısı Gürcüstan parlamentinin xatirə kitabına ürək sözlərini yazıb.
* * *
Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Sonra xatirə şəkli çəkdirilib.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi bildirilib. Energetika, infrastruktur, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Gürcüstanın Baş naziri ölkəmizdə parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
İrakli Qaribaşvili ölkələrimiz arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirib.
Yenidən Gürcüstanda olmaqdan məmnunluğunu ifadə edən dövlətimizin başçısı İlham Əliyev Baş nazir İrakli Qaribaşvili ilə Bakıdakı və indiki görüşlərinin çox yaxşı göstərici olduğunu vurğulayıb. Əlaqələrimizin inkişafı üçün gözəl imkanların mövcud olduğunu deyən Prezident İlham Əliyev birgə həyata keçirilən layihələrin münasibətlərimizin daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Görüşdə energetika, elektroenergetika, nəqliyyat, dəmir yolu, infrastruktur, humanitar, qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə də bağlı fikir mübadiləsi aparılıb.
Sonra dövlətimizin başçısı Tbilisi şəhərinin mənzərəsini seyr edib.
* * *
Noyabrın 6-da Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Tbilisidə Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili ilə görüşüb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.
Dövlətimizin başçısı Tbilisidə Gürcüstanın mərhum Prezidenti Eduard Şevardnadzenin evinə gəlib.
Prezident İlham Əliyev əvvəlcə Eduard Şevardnadzenin və onun xanımının məzarları önünə gül dəstələri qoyub.
Dövlətimizin başçısı mərhum Prezident Eduard Şevardnadzenin ailə üzvləri ilə görüşüb.
Eduard Şevarnadze ilə bağlı xatirələrini bölüşən dövlətimizin başçısı qeyd edib ki, onun xatirəsi Azərbaycanda daim böyük hörmətlə anılır. Vaxtilə Ulu öndər Heydər Əliyev ilə Eduard Şevardnadzenin yaxın dostluq münasibətlərindən danışan Prezident İlham Əliyev bildirib ki, hər iki lider Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafında müstəsna rol oynayıblar.
Eduard Şevardnadzenin ailə üzvləri Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, dövlətimizin başçısının Eduard Şevardnadzenin xatirəsinə olan hörməti çox yüksək qiymətləndirilir. Bildirilib ki, Eduard Şevardnadze də daim Ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmətlə yanaşıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına həmişə töhfə verməyə çalışıb.
Prezident İlham Əliyev Eduard Şevardnadzenin müxtəlif illərdə çəkdirdiyi fotolara və layiq görüldüyü mükafatlara, ona bağışlanan hədiyyələrə baxıb.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri noyabrın 6-da başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Tbilisinin Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və digər yüksək vəzifəli şəxslər yola salıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

