Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Salvador Dali: xəyalla reallıq arasında

Salvador Dali: xəyalla reallıq arasında

17.05.2024 [10:52]

O, qarışqayeyənlə gəzintiyə çıxıb, dalğıc paltarında mühazirə oxuyub, öz rəsmlərində şəxsi travmalarını nümayiş etdirib. Söhbət XX əsrin ən qalmaqallı rəssamı, dünyanın hər tərəfində bu il 120 illiyi qeyd edilən Salvador Dalidən gedir. O, rəssamlıqla yanaşı, heykəltəraşlıq, dizaynerlik, rejissorluq və yazıçılıqla da  məşğul olurdu. İncəsənətin elə bir qolu yox idi ki, Dali o sahəyə baş vurmamış olsun. Lakin o, hər şeydən öncə bir rəssam idi və bütün dünya onu qeyri-adi rəsm əsərlərinin müəllifi kimi tanıyır.

Şüuraltının sirri

Salvador Dalinin rəsmlərini kabuslar və metamorfozlar poeziyasının boyalarla təsviri də adlandırmaq olar. Onun əsərləri savaş, ehtiras, sevimli xanımı Qala, reallıqla hallüsinasiya arasındakı illüziyalar, şokedici açıqlamalar və şüuraltı düşüncələrlə doludur. Altmış illik yaradıcılıq dövrü ərzində o, 1500-dən çox əsər yaradıb və öz üslubunu - paranoidal-tənqidi metodu inkişaf etdirib.

Sürrealizm öz təsdiqini bu cərəyanın banisi şair Andre Bretonun 1924-cü ildə çap etdirdiyi “Sürrealizmin manifesti” adlı yazısında tapır. Bu ədəbi-estetik cərəyan əsasən irrasionallıq və şüurüstü ideyalar üzərində qurulub. Freydin təsiri altında olan surrealist rəssamlar da hesab edirdilər ki, insanı gizli istəkləri, fobiyaları, qorxuları idarə edir. Rəssamın vəzifəsi isə bu şüuraltı prosesləri kətan üzərində canlandırmaqdır.

Tənqidçilər Dalini də surrealist rəssamlar sırasına qatmışdılar. Dali isə 1936-cı ildə öz məşhur manifestini elan edərək belə demişdi: “Sürrealizm mənəm!”

Sürreal rəsmlər çəkən bir rəssamın əsas ilham mənbəyi öz şəxsi təcrübələri, daxili istəkləri və fobiyalarıdır. Onun sənəti özünü dərk etməyə çalışan insanın səmimi etiraflarıdır. Bu mövqedən yanaşsaq, görərik ki, rəssam, şair, heykəltəraş üçün qadağan olunmuş mövzu yoxdur, sənətdə çılpaqlıq, cinsəllik kimi elementlər yalnız estetik zövqün kamilləşməsinə xidmət edir.

Simvollar, gizli istəklər, fobiyalar...

Salvador Dali 1929-cu ildə yeganə sevgisi Yelena Dyakonova - Qala ilə tanış olur. Qala Parisdə olarkən rəssam məşhur əsərlərindən birində onu necə həsrətlə  arzuladığını və gözlədiyini özünəməxsus simvollarla göstərir. Həmin rəsmdə həyatın özünü simvolizə edən bir yumurta, çürüməni simollaşdıran qarışqalar və çəyirtkələr əks olunur. Çəyirtkələr və qarışqalar Dalinin  əbədi, izaholunmaz dəhşəti idi. O, uşaqlıqda çəyirtkələrdən qorxmuşdu, qarışqaların isə ölmüş həşəratları yediyini görmüşdü. Bu müşahidələri onda fobiya yaratmışdı. Zaman keçdikcə qorxulu uşaqlıq xatirələri onun sənətinin əsas simvollarına çevrildi.  Sevdiyi qadın üçün darıxdığını göstərdiyi həmin əsərin əsas personajı, əlbəttə, rəssamın təxəyyülünü qidalandıran Qaladır. Daliyə qədər heç bir rəssam öz gizli istəklərini bu cür açıq ifadə etməmişdi. Amma Dali mürəkkəb daxili dünyasını hər kəsə göstərməkdən çəkinmirdi. Rəssam bir əsərində yuxugörmə prosesini təsvir edərək, başqalarının da onun yuxusuna girməsinə imkan yaradır. Bu motiv rəssamın yaradıcılığında əsas rol oynayır və onun bir çox rəsmlərində təkrarlanır. Dalinin, demək olar, bütün rəsmlərində yuxu və reallıq arasında tarazlıq quran əsas personaj onun özüdür. Onu qeyri-adi, izahedilməz göstərən də məhz şüuraltı aləmini özünün heyrətamiz sənəti vasitəsilə faş edə bilməsidir.

Yuxuların şəkli

Dalinin ən məşhur əsərlərindən biri “Yaddaşın ardıcıllığı” adlanır. Əsərin ideyası rəssamın bir müşahidəsindən yaranıb. Özünün söylədiyinə görə, Dali bir gün evdə tək qalanda əriyən pendiri seyr edib. Onun üçün bu proses sonsuz zamanı simvolizə edən bir görüntüyə çevrilib. “Yaddaşın ardıcıllığı”nda tamaşaçılar doğma Figerasın mənzərəsi ilə yanaşı zamanın yuxuda necə işlədiyini göstərən əriyən saatları da müşahidə edirlər. Bu rəsmin mənası belə yozulur: yuxuda bütün həyatınızı bir dəqiqə ərzində yaşaya bilərsiniz. Şəkildəki saat isə sözün əsl mənasında əriyir, çünki şüurdankənar aləmdə zaman da özünün sərhədsiz və çərçivəsiz formasını itirir.

Ancaq diqqətlə baxdıqda əsərdə qırmızı rəngdə real saat da görə bilərik. Lakin həmin saat tərsinə çevrilmiş vəziyyətdədir. Saatın üstündəki qarışqalar isə adi zamanın getmədiyini, öldüyünü simvolizə etməkdədir. Bir məsələ də var ki, elastiklik və formasızlıq rasionallıqla ziddiyyət təşkil edir, çünki dünyamızdakı obyektlərin hər birinin aydın konturları var və onlar heç də yuxuda olduğu kimi hər saniyə şəkil dəyişdirmirlər. Bu səbəbdən “ərimə” motivini Dalinin digər əsərlərində də görmək olur.

Sürrealizm həqiqətən “O”dur

“Oyanmadan bir saniyə əvvəl arının nar ətrafında uçması nəticəsində yaranan yuxu”. Dalinin digər məşhur əsəri belə adlanır. Ümumən, rəssamın müharibədən sonrakı yaradıcılığı əsasən Freydin yuxugörmə haqqında təliminə söykənir. Əslində bu ideya mahiyyətcə mürəkkəb bir şey deyil. İnsan yatarkən ətraf aləmdə baş verən hadisələr yuxuya müdaxilə edərək qəribə obrazlara çevrilir. Bu əsərin də baş qəhrəmanı xanım Qaladır. O, yuxu ilə reallıq arasında dayanaraq üzən formada təsvir edilmişdir. Ön planda yatmazdan əvvəl gördüyü obraz təsvir olunub: bu, ətri ilə arını cəlb edən nardır.

Xəyal real dünyanın formalarını dəyişdirir, buna görə arı sancması öldürücü silaha çevrilir. Bundan əlavə, arı zolaqlıdır və onun zolaqları assosiativ olaraq yuxuda qəzəbli pələnglərə çevrilir. Həm də arının torlu gözləri  balığın pulcuqlarına bənzədiyinə görə də rəsmdə pələnglərin balıq ağzından çıxdığını görürük. Balıq isə nardan, yəni, yuxunun ilkin mənbəyindən çıxır.

Daha sonra, rəsmdə xəyalla gerçəklik arasındakı kövrək xətt inanılmaz uzun ayaqları olan bir fil rəsmi ilə vurğulanır. Bəs niyə fil? Əslində, fil sabitlik və toxunulmazlıq rəmzidir, lakin Dalinin fikrincə, sabit və dəyişməz görünən hər şey reallıqla fantaziya arasındakı sərhəd kimi qeyri-sabitdir.

Dali bu əsərində yuxuların necə əmələ gəldiyini göstərir. Rəssam real dünyada anlaşılan simvollardan istifadə edir, lakin onları yuxu məkanına yerləşdirməklə bu simvollara  yeni forma, yozum və məna verir.

Dalinin simvolları rəsmdən rəsmə maniyalar şəkildə təkrarlanır - bu, onun yaradıcılığının mühüm xüsusiyyətidir. Öz şüuraltı dünyasını bizə açan rəssam onu başa düşülən obrazlara çevirir. Onun səmimiyyəti və qarşımızda müdafiəsiz görünmək bacarığı tamaşaçını  valeh edir. Bəlkə də Dalinin rəsmlərini bu qədər məşhurlaşdıran insanların yuxular aləminə baxmasını təmin etməsi idi.

Şair Breton və davamçıları yuxu görən hər kəsin  sürrealist olduğunu iddia edirdilər. Sürrealizmin ən məşhur əfsanəsi Salvador Dali isə bu gün də insanları öz sənətinin cazibəsinə salmağı bacarır.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31