Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Nikol Paşinyanın “xaş siyasəti”

Nikol Paşinyanın “xaş siyasəti”

18.01.2019 [09:27]

Yaxud Ermənistanda açıq cəmiyyət yaradacağını iddia edən Paşinyan söz azadlığına qarşı dözümsüzlük nümayiş etdirir
Ermənistan prezidenti tərəfindən Nikol Paşinyanın baş nazir təyin edilməsi gözlənilən olsa da, onun işğalçı dövlətin daxili problemlərini həll etmək üçün ciddi addımlar atacağı real görünmür. Bəzi erməni ekspertlər bunu N.Paşinyanın özünün və komandasının yarıtmaz fəaliyyəti, həmçinin işğalçı ölkədə müvafiq sahələrdə kadr çatışmazlığı ilə əlaqələndirirlər. Eyni zamanda yeni hökuməti formalaşdırma prosesləri fonunda Ermənistanda onsuz da illərdir bərbad vəziyyətdə olan sosial-iqtisadi durumun getdikcə daha da pisləşdiyi müşahidə edilir.
Yeri gəlmişkən, Ermənistanda əhalinin çətin durumda olduğu yeni formalaşan parlamentin ilk iclasında məhz N.Paşinyanın blokundan olan deputat Vahe Qalumyan tərəfindən də etiraf edilib. Onun sözlərinə görə, Ermənistanda əhaliyə göstərilən tibbi xidmət haqqı o qədər yüksəkdir ki, ermənilər müalicə üçün qonşu Gürcüstana gedirlər. Deputat deyib ki, hətta bəzi sahələrdə səhiyyə xidmətlərinin qiyməti qonşu ölkədən 40-50 faiz bahadır. Ermənilərin kütləvi şəkildə Gürcüstana müalicəyə getməsini oradakı dərmanların da təxminən ikiqat ucuz olması ilə əlaqələndirən parlamentin səhiyyə və sosial məsələlər komissiyasının sədri Narek Zeynalyan isə dərman və tibbi ləvazimatlara yüksək verginin tətbiq edilməsinin də bu məsələdə az rol oynamadığını etiraf edib.
“Panorama.am” saytı isə işğalçı ölkədəki bahalaşmadan bəhs edib. Saytın məlumatına görə, Ermənistanda çörək və ətlə yanaşı, tərəvəzin qiyməti də kəskin şəkildə bahalaşıb. Ermənistanda ən çox becərilən kartofun kiloqramının 300-400 drama satılması isə işğalçı ölkənin bəzi hökumət rəsmilərinin tərəvəzlərin bahalaşmasını Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars gömrük nəzarət-keçid məntəqəsinin bağlanması ilə əsaslandırmaq cəhdlərini heçə endirib. Görünən odur ki, N.Paşinyanın son 8 aylıq hakimiyyəti dövründə Ermənistanda daxili istehsal o qədər aşağı səviyyəyə düşüb ki, adi kartof da idxal məhsulları sırasına daxil olub və az qala kiloqramı 1 dollara satılır.
Əhalinin ərzaqla təminatında ciddi çətinliklər yaşandığı, soyuq qış günlərində vətəndaşların aclıq təhlükəsi ilə üzləşdiyi bir vaxtda N.Paşinyan özünəməxsus şəkildə baş nazir təyin edilməsini qeyd etməyə hazırlaşır. “Hraparak” qəzeti yazır ki, qarşıdan gələn bazar günü Eçmiədzinin yaxınlığındakı restoran komplekslərindən birində səhər-səhər N.Paşinyan “Mənim addımım” blokunun parlament fraksiyasının və yeni hökumətin üzvlərinə “xaş qonaqlığı” verəcək. Fraksiya və hökumət üzvlərinin guya bir-birini yaxından tanıması məqsədi ilə təşkil edilən məclis barədə qəzetdə gedən yazıdan narazı qalan N.Paşinyan bu nəşrin yazısına özünün “facebook” səhifəsində cavab verib və and-aman edib ki, ziyafət verməyəcək, sədəcə, “alman hesabı” xaş yeyəcəklər: “Ermənistan vətəndaşları öz aralarında hər biri 3000 dram atışıb xaş yeyə bilirlərsə, hakim fraksiyanın üzvləri bu hüquqa malik deyillərmi?”.
Onu da qeyd edək ki, sözügedən qəzetin Ermənistanın yeni hakimiyyətinin “xaş”a olan marağında hətta əvvəlki rejimin liderləri, o cümlədən respublikaçılardan geri qalmadığını vurğulaması N.Paşinyanı lap hövsələdən çıxarıb. Belə ki, baş nazir paralellər aparılması və xaş yemək məsələsinin siyasiləşdirilməsinə qarşı çıxıb. Bunun müqabilində erməni mətbuatı N.Paşinyanın yeni hökumətinin və parlamentdəki çoxluğun fəaliyyətinə “xaş” yeməklə başlamasını uğurlu hesab etmir. Mətbuatın yazdığına görə, əslində vətəndaşların əksəriyyəti hazırda elə yoxsul vəziyyətdədir ki, restoranda xaş yemək üçün N.Paşinyanın məqbul hesab etdiyi üç min dram əksər vətəndaşlar üçün böyük puldur.
Digər tərəfdən, bəzi nəşrlər N.Paşinyanın bu yazılardan qıcıqlanmasını da kəskin qınayırlar. Onun mediaya qarşı sərt mövqe nümayiş etdirməsi, doğrudan da, narahatlıq yaradır. Belə ki, qəzet və ya digər media orqanının hökuməti tənqid yox, onun üzvlərinin görüşü haqqında məlumat verməsi və keçmiş hakimiyyətlə müqayisə etməsinin faktiki olaraq dövlətin birinci şəxsi tərəfindən bu şəkildə dözümsüz reaksiya ilə müşayiət olunması N.Paşinyanın söz azadlığını məhdudlaşdıracağı barədə iddiaları təsdiq edir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 2117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31