Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yenidən qızışdırılır

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yenidən qızışdırılır

15.12.2018 [10:47]

Paşinyana yaxın erməni mediası rəsmi Moskvadan təbrik gəlməməsini və Gümrüdə yaşlı qadının öldürülməsini bəhanə edərək süni ajiotaj yaradır
Ermənistanda bir neçə ay öncə Nikol Paşinyanın zorla hakimiyyəti ələ keçirməsindən sonra vaxtaşırı güclənən antiRusiya əhval-ruhiyyəsi yenidən qızışmaqdadır. Belə ki, erməni mediası Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanı “qələbə” münasibətilə təbrik etməməsini və Gümrü şəhərində bir erməni qadınının öldürülməsini bəhanə edərək süni ajiotaj yaradır.
Daha dəqiq desək, Rusiya rəhbərliyinin N.Paşinyanı təbrik etməməsi erməni mediasında xüsusi olaraq gündəmdə saxlanılır. Düzdür, məsələyə münasibət bildirən Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Modest Kolerov erməni mediasının qaraqışqırıq salmasının əsassız olduğunu deyib. M.Korelov “168 jam” qəzetinə müsahibəsində bildirib ki, Rusiya prezidenti hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən N.Paşinyanı təbrik etməməlidir: “Bu, Rusiya prezidenti Vladimir Putinin səviyyəsində hadisə deyil. Baş nazir D.Medvedev və Dövlət Dumasının sədri V.Volodin bu məsələyə məsul şəxslərdir və yəqin ki, onlar reaksiya verəcəklər”.
Qəzetin yazdığına görə, alman politoloq Aleksandr Rar isə bildirib ki, bundan sonra hər hansı səviyyədə təbrik olsa belə, Rusiya tərəfi artıq öz mesajını çatdırıb və Ermənistan hakimiyyəti məsələnin nə yerdə olduğunu yaxşı bilir.
Qeyd edək ki, Rusiya tərəfinin bu izahı Ermənistanda heç də razılıqla qarşılanmayıb. Belə ki, N.Paşinyana yaxın KİV-lər təkcə Rusiyanın deyil, həm də digər KTMT üzvü dövlət başçılarının onu təbrik etməməsinə olduqca ağrılı reaksiya verirlər. Məsələn, siyasi şəhrçi Stepan Danielyan MDB ölkələrinin bir çoxunun və KTMT-yə üzv olan dövlətlərin başçılarının N.Paşinyanı təbrik etməməsinin səbəbini Ermənistanın eks-prezidenti R.Koçaryanın həbsi ilə əlaqələndirib.
Bu məqamda onu da qeyd edək ki, Ermənistan mediasında KTMT əleyhinə təbliğata yenidən start verilib. Bu da səbəbsiz deyil. Belə ki, KTMT-yə üzv dövlətlərin başçıları yeni baş katibin seçilməsi məsələsini həll etməyə başlayıblar. Artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin KTMT baş katibi vəzifəsinə Belarusun namizədi olan Stanislav Zasyanı qəbul etməsi və görüşdə Sankt-Peterburqda dövlət başçılarının onun namizədliyini dəstəkləməyi qərara aldıqlarını bəyan etməsi Ermənistan tərəfini tamamilə özündən çıxarıb.
Yeri gəlmişkən, Nikol Paşinyana yaxın erməni mediası Rusiya əleyhinə təbliğatda, eyni zamanda dekabrın 2-də Gümrüdə baş verən hadisədən də istifadə edir. Məlumat üçün bildirək ki, Gümrüdə xadimə işləyən 57 yaşlı Culyetta Qazaryan dekabrın 2-də döyüldükdən sonra xəstəxanaya aparılıb və orada ölüb. Sonradan belə bir xəbər yayılıb ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi qulluqçusu bu qətldə şübhəli bilinərək həbs edilib. Hərçənd ki, Rusiyanın Ermənistandakı səfirliyi hadisədə rus hərbçisinin iştirakını təkzib edib. Üstəlik, bu məsələ seçki ətəfəsində və sonrakı günlərdə diqqət mərkəzində olmayıb.
Qeyd edək ki, qadının qızı anasının rus hərbçisi tərəfindən öldürülməsini inkar etsə də, erməni mediası məsələ ətrafında süni ajiotaj yaradır. Həmin hadisənin Ermənistan hakimiyyəti üçün “biabırçılıq” olduğunu yazan bəzi media qurumları isə hətta bu məsələdə səssiz qalmasına görə Paşinyanı da tənqid ediblər.
Hadisədə günahı sübut olunmayan rus hərbçisini hərbi hissədən çıxarıb hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edənlər təxminən 4 il əvvəl Permyakın erməni ailəsini qətlə yetirəndə bütün ölkədə etiraz dalğası baş verdiyini xatırladırlar. Hazırda cəmiyyətin bu məsələyə son dərəcə laqeyd yanaşdığını qeyd edən erməni mediası keçmiş hakimiyyətin belə hadisələrə daha çevik reaksiya verdiyini xüsusi vurğulayır.
İctimai rəyin Rusiya əleyhinə kökləndiyini görən erməni radikalları isə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbini yenidən gündəmə gətiriblər. Məsələn “Sasuna Tsrer” terror təşkilatı adından yayılan bəyanatda erməni hökumətinə bu hadisədən bəhanə kimi istifadə edərək Rusiya bazasının Ermənistanda yerləşdirilməsinə dair müqaviləyə yenidən baxılması və qoşunların çıxarılması prosedurunu gündəmə gətirməyə çağırış yer alıb.
Beləliklə, görünən odur ki, saxta seçkidən sonra rəsmi Moskva tərəfindən lazımi diqqət görməyən Paşinyana yaxın media orqanları mütəmadi olaraq Rusiya əleyhinə təbliğat aparır, KTMT-ni hədəfə alırlar. Bütün bunlar isə səriştəsiz, həmçinin adını seçki saxtakarlığı ilə “tarixə yazdıran” Nikol Paşinyana heç də yaxşı gələcək vəd etmir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 1203 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31