Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda siyasi böhran pik həddə çatıb

Ermənistanda siyasi böhran pik həddə çatıb

03.11.2018 [10:39]

Ekspertlər növbədənkənar parlament seçkilərinin də işğalçı ölkədəki acınacaqlı duruma müsbət təsir etməyəcəyini düşünürlər
Ermənistanda neçə aydır davam edən siyasi böhranın ən yüksək həddində olan hakimiyyətsizlik mühiti özünün yeni mərhələsinə qədəm qoyub. Belə ki, noyabrın 1-də parlamentdə baş nazir seçilməməsi qanunverici orqanın buraxılmasının yolunu açıb. Konstitusiyaya əsasən, iki dəfə baş naziri seçə və hökuməti formalaşdıra bilmədiyi üçün parlamentin səlahiyyətləri prezident A.Sarkisyan tərəfindən ləğv edilib və dekabr ayının 9-na növbədənkənar parlament seçkiləri təyin olunub. Son nəticə baş nazir səlahiyyətlərini icra edən N.Paşinyanın planına uyğun olsa da, ekspertlər bunun ümumən Ermənistandakı vəziyyətə müsbət təsir etməyəcəyini düşünürlər.
Birinci səbəb odur ki, parlamentdə çoxluğa malik olan respublikaçıların müqaviməti nəticəsində Seçki Məcəlləsində Venesiya Komissiyasının tövsiyələrini də nəzərdə tutan dəyişikliklər paketinin qəbul olunmaması N.Paşinyanın Avropadakı dəstəkçiləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsinə gətirib çıxarıb. Nəticədə N.Paşinyan “reytinq sistemi” adlanan sistemin mövcud olduğu köhnə məcəllə ilə seçkilərə getməli olub. Dəyişikliklər isə məcəllədə tam proporsional sistemin tətbiqini nəzərdə tuturdu. Bununla belə, ehtimal olunur ki, yeni parlamentin legitimliyinin əsasını seçki nəticəsi deyil, Nikol Paşinyanın istəkləri müəyyən edə bilər. Çünki mövcud Seçki Məcəlləsi ilə keçiriləcək seçkilərdə, demək olar ki, bütün parlamentdənkənar siyasi qüvvələr qanunverici orqanda təmsil olunmaq imkanından məhrum olacaq.
Yuxarıda qeyd olunanları nəzərə alan N.Paşinyanın növbədənkənar seçkilərə qədər bu dəyişikliklərin parlamentdən keçirilməsində maraqlı olmaması ehtimalları Avropa İttifaqının da bu seçkilərə bir qədər tərəddüdlə yanaşmasına səbəb olub. Belə ki, ötən ayın ortalarında Avropa İttifaqının xarici fəaliyyət xidmətinin yüksəkvəzifəli rəsmisi T.M.Hartinq və Aİ-nin yardımlarının əlaqələndiricisi V.Maraqosun Ermənistana səfərindən sonra Avropa İttifaqı işğalçı dövlətdə növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə 3 milyon avro məbləğində vəsait ayrılması barədə qərar qəbul edib. Halbuki artıq tarixə qovuşmuş indiki parlamentin formalaşdığı 2017-ci ilin aprelində keçirilmiş parlament seçkilərinin təşkili üçün Avropa İttifaqı 7 milyon avro ayırmışdı. Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən, seçki prosesində ciddi qanun pozuntuları və saxtakarlıqlara yol verilməsi faktlarının üzə çıxması bu nüfuzlu beynəlxalq qurumu çətin vəziyyətə salıb. Belə ki, Avropa İttifaqı xeyli pul xərclədiyi Ermənistandakı seçki prosesinin qeyri-demokratik şəkildə keçirilməsindən məyus olub. Həmin parlamentə üzv seçilən Nikol Paşinyan özü də hakimiyyəti ələ keçirən kimi seçkilərin antidemokratik şəraitdə keçirildiyini bəyan edərək həmin parlamentin legitim olmadığını bildirib.
Görünən odur ki, küçə psixologiyasından əl çəkməyərək hər dəfə ziddiyyətli və təzadlı açıqlamalar verən N.Paşinyan Avropada da ciddi qarşılanmır. N.Paşinyana münasibət o qədər aşağı səviyyədədir ki, onun planlaşdırdığı seçkilərə kriminal oliqarxiyaya arxalanan, işğalçı hərbi xunta rejiminin başında duran Serj Sarkisyanın keçirdiyi seçkilərdən iki dəfədən də az pul ayrılır. Bu, ondan xəbər verir ki, hakimiyyətə gələn kimi özünü qərbyönümlü kimi təqdim edərək Avropadan pul dilənməyə çalışan N.Paşinyanın cəhdləri uğursuzluqla nəticələnib.
Ümumi qənaət odur ki, Avropa İttifaqı rəsmiləri açıq şəkildə N.Paşinyanın perspektivinə o qədər də önəm vermirlər. Ekspertlərin fikrincə, bu inamsızlıq son dövrlər baş nazirin səlahiyyətlərini icra edən N.Paşinyanın xaos və böhranın hökm sürdüyü Ermənistandakı sosial-iqtisadi və siyasi vəziyyəti stabilləşdirmək əvəzinə, yeni diktatura rejimi yaratmaq cəhdlərindən qaynaqlanır. Ən nəhayət, cəmi 6 ay bəs elədi ki, N.Paşinyanın və onun hər ay istefalarla böhran vəziyyəti yaradan hibrid hökumətinin yarıtmaz siyasəti bütün dünyaya, o cümlədən Avropaya aydın olsun.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 1053 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31