Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Robert Koçaryanın həbsdən azad edilməsi cəhdləri uğursuzluğa düçar oldu

Robert Koçaryanın həbsdən azad edilməsi cəhdləri uğursuzluğa düçar oldu

09.08.2018 [08:57]

Paşinyanın parlamentdəki əleyhdarları eks-prezidentin siyasi reabilitasiyasına nail olmağa çalışır
İyul ayının 27-də konstitusiya quruluşunu devirmək ittihamı ilə İrəvan məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Ermənistanın eks-prezidenti Robert Koçaryanın təcridxanaya göndərilməsi onun özünün və bəzi qüvvələrin siyasi dividend əldə etməsi üçün “şansa” çevrilib. Belə ki, son hadisələr qanunverici hakimiyyətin rəhbərliyinin və parlamentdə çoxluğu əlində saxlayan siyasi qüvvələrin, yəni baş nazir Nikol Paşinyanın əleyhdarlarının “hərəkətə keçməsinə” səbəb olub.
Lakin R.Koçaryanın havadarlarının ilk cəhdi uğursuzluğa düçar olub. Belə ki, avqustun 8-də Ermənistan Baş Prokurorluğu istintaqın indiki mərhələsində həbs qətimkan tədbirinin dəyişdirilməsinin təhqiqatın həyata keçirilməsini təmin edə bilməyəcəyi səbəbindən 45 deputatın tələbini rədd edib. Xatırladaq ki, R.Koçaryanın dəstəkçilərinə Dağlıq Qarabağdakı separatçıların qondarma “deputat”ları da qoşulublar. Onların Ermənistanın baş prokuroruna ünvanladıqları müraciət də həmin səpkidə olub. Ermənistan parlamentinin üzvlərinin vəsadətini rədd edən instansiyanın hansı hüquqi prosedurla ünvanlandığı sual altında olan sözügedən müraciətə cavabı bəri başdan aydındır. Buna baxmayaraq, sabiq prezident haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün cəhdlər davam etməkdədir. Yayılan məlumatlara görə, R.Koçaryanın vəkillərinin bu barədə apelyasiya şikayətinə avqustun 9-da baxılacaq.
Onu da qeyd edək ki, prokurorluq tərəfindən rədd edilən vəsatətə Ermənistan parlamentinin rəhbəri Ara Babloyanla yanaşı, vitse spikerlər - Eduard Şarmazanov və Arpine Hovannisyan da imza atıblar. Bu arada R.Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan elan edib ki, vəsatəti imzalayan deputatların sayı 46 olub (respublikaçı - 42, AİF-Daşnaksutyun fraksiyasından - 3, “Çarukyan” blokundan - İşxan Zakaryan). Amma Respublika Partiyasının adbaad açıqladığı siyahıda 41 deputatın adı var. Məsələnin ən maraqlı tərəfi Daşnaksutyun və “Çarukyan” fraksiyaları deputatlarının R.Koçaryana dəstək vermələridir. Xüsusilə daşnak deputatların qoşulması qarşı cəbhədə böyük narahatlıq yaradıb. Buna aydınlıq gətirən daşnakların hakimiyyətdəki nümayəndəsi, baş nazirin müavini Tiqran Avinyan “Azadlıq” radiostansiyasının erməni xidmətinə açıqlamasında bildirib ki, Daşnaksutyun deputatlarının Ermənistanın ikinci prezidentinin azad olunması və həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb etmək hüququ var. Belə bir addımın hazırda tərəfdaş olduqları siyasi bloklarla münasibətlər baxımından problemlər yaratmasına gəlincə, T.Avinyan bu addımların tərəfdaşlarla münasibətlər kontekstində təhlilinin bəzi nəticələrə gətirib çıxaracağını, etimad səviyyəsinin azalması məsələsinin gündəmə gələcəyini istisna etməyib.
Qanunverici hakimiyyətin təmsilçilərinin bu uğursuz cəhdinin digər, olduqca maraqlı tərəfi isə indi müxalifətə keçməyə məcbur qalmış sabiq hakim partiyanın son addımla güc nümayiş etdirməsi və əslində, özünün siyasi rəhbərliyini müəyyən etmək cəhdidir. Müşahidəçilərin qənaətinə görə, parlamentin spikeri başda olmaqla respublikaçıların R.Koçaryana sahib çıxması heç də təkcə onun nə vaxtsa prezident olmasından qaynaqlanmır. Belə ki, bununla onlar özlərinə lider müəyyənləşdirdiklərini sərgiləyirlər. Çox güman ki, eks-prezident də öz gələcəyi naminə bu vəziyyətdən maksimum istifadə edəcək. Çünki biabırçı şəkildə hakimiyyəti təhvil verən Serj Sarkisyan formal olaraq partiyanın sədri olsa da, bundan sonra onun rəhbərliyi altında hansısa seçkilərdə iştirakın “siyasi intihar”dan başqa adı ola bilməz.
Ümumiyyətlə, yiyəsiz qalmış respublikaçıların lideri olub-olmayacağı mövcud istintaq prosesi ilə hazırda Ermənistanda ictimai-siyasi gündəmin əsas diqqət mərkəzinə keçən R.Koçaryanın son hadisələrdən siyasi təbliğat üçün necə istifadə etməsindən asılı olacaq. Yerli müşahidəçilərin fikrinə görə, problem ondadır ki, indiki halda hökumətin formal dəyişikliyinə baxmayaraq, keçmiş rejim onun müdafiəsini təşkil edənlərin köməyi ilə R.Koçaryanın simasında “lider tapmaqla” hər hansı formada “ömrünü uzatmağa” nail ola bilər. Bu halda indiki hakimiyyətin qarşısında dayanan bu sistemin tarixin küncünə atılması şansı əldən verilmiş olar. Yəni, Ermənistan cəmiyyəti bu problemi kökündən həll etməsə, hətta köhnə sistemin hər hansı reproduktiv funksiyasının saxlanması belə bütövlükdə yalnız N.Paşinyan üçün deyil, Ermənistan üçün böyük təhlükə olacaq.
Bir sözlə, yaranmış bu vəziyyət mövcud hakimiyyət üçün strateji hesab edilən növbədənkənar seçkilərə getmək və orduya nəzarəti ələ keçirmək məsələlərində gözləmə mövqeyi tutan N.Paşinyan komandasının yeni-yeni müqavimətlərlə qarşılaşması ehtimalını gücləndirir. Yəni parlamentin spikeri başda olmaqla deputatların istintaqa müdaxilə cəhdləri, hətta separatçıların R.Koçaryana sahib çıxmaları hakimiyyətin əldən verilməsi ilə barışmayan qüvvələrin, keçmiş xunta rejiminin demarşı kimi dəyərləndirilə bilər.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 1371 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31