Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pekin sammiti: razılaşmalar və ziddiyyətlər

Pekin sammiti: razılaşmalar və ziddiyyətlər

18.11.2014 [09:43]

Çinin paytaxtında Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq təşkilatının növbəti sammiti keçirilib. Tədbirə maraq böyük idi. Burada ABŞ, Rusiya, Çin və Yaponiya arasında münasibətlərin də müzakirə mövzusu ola biləcəyi gözlənilirdi. Proqnozlar özünü doğrultdu. Həmin ölkələrin başçıları qısa müddətli olsa da, görüşüb bir sıra məsələlər üzrə razılıq əldə ediblər. Onların arasında müəyyən məsələlər üzrə fikir ayrılığı qalmaqdadır. Sammitdə yekun bəyannamə qəbul edilib. Bəyannamədə təşkilat üçün əhəmiyyətli olan geosiyasi, siyasi və iqtisadi problemlər öz əksini tapıb. Sənəddə azad ticarət zonasının yaradılması haqqında ideya da yer alıb.
Çinin liderliyi: reallaşan ideya?
Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (ASİƏ) təşkilatının sammitinin Pekində keçirilməsi təsadüfi deyildi. Çin dünyanın ikinci iqtisadi gücü olmaqla bərabər, qlobal geosiyasi proseslərə getdikcə daha geniş təsir göstərir. Bütövlükdə isə Asiya qitəsi dünyanın geosiyasi güc mərkəzinə çevrilməkdədir. Kifayət qədər ziddiyyətlərin də meydana gəldiyi bu bölgədə son illər bir neçə əməkdaşlıq bloku yaranıb.
Lakin bu tədbiri aktual edən başqa amillər də vardır. Böyük dövlətlərin başçıları Pekin sammitini mühüm saydıqları diplomatik və siyasi məsələləri müzakirə etmək imkanı kimi də qiymətləndirirdilər. Xüsusilə, ABŞ, Rusiya, Yaponiya və Çin rəhbərliyinin görüşü maraq doğururdu. Qısa deyilsə, noyabrın 10-12-si arası Pekində qlobal geosiyasi dinamika üçün əhəmiyyətli hadisələr baş verməli idi.
Proqnozlar özünü doğrultdu. Pekində böyük dövlətlərin başçıları qlobal siyasət üçün aktual olan bir sıra məsələləri müzakirə ediblər. Lakin sammitin yekun bəyannaməsində bir qədər başqa məqamlar vurğulanıb. Məsələn, proteksionizmə yol verilməməsi məsələsi xüsusi qeyd edilib (bax: ATGS: itoqovaə deklaraüiə i s kem o çёm obhalsə prezident RF / Odnako.org, 11 noyabr 2014). Təşkilata daxil olan hər bir dövlət yüksək rəqabətli məhsullara açıq olmalı, öz iqtisadi maraqları naminə bu cür malların daxili bazara nüfuz etməsinə maneə yaratmamalıdır.
Bu məsələ ASİƏ çərçivəsində azad ticarət zonası yaratmaq ideyası aspektində aktuallaşıb. Rusiya, Çin, Yaponiya həmin proqramın tərəfdarları kimi çıxış edirlər. Bu, daha çox Çin üçün sərfəlidir. Digər tərəfdən, problem ABŞ-ın Rusiya və Çinin daxil olmadığı, ancaq regionun 12 dövlətini birləşdirən azad ticarət zonası yaratmaq planlarını reallaşdırmağa can atmasından qaynaqlanır. Onu demək lazımdır ki, mütəxəssislər Rusiya və Çinin iştirakı olmadan regionda heç bir iqtisadi inteqrasiyanın baş tuta bilməyəcəyini vurğulayırlar. Professor Qalina Kostyunina yazır: “Asiya-Sakit okean regionunun Rusiya və Çin kimi güclü oyunçuları olmadan FTAAP (Free Trade Area for Asia-Pacific - Newtimes.az) tipli layihələrin reallaşması mümkün deyil” (bax: Qalina Kostönina. Sammit ATGS v Pekine: k buduhemu na osnove partnerstva / MQİMO Universitet, 12 noyabr 2014).
Həmin layihə-təşəbbüsü Vaşinqton Trans-Sakit okean Tərəfdaşlığı adlandırır. ASİƏ çərçivəsində yaradılması nəzərdə tutulan azad ticarət zonasına isə Çin rəhbərlik edəcək. Sammitdə bununla bağlı razılıq əldə olunub (bax: Liderı ATGS odobrili sozdanie Aziatsko-Tixookeanskoy zonı svobodnoy torqovli / “Qolos Ameriki”, 11 noyabr 2014).
Bu qərar Moskva və Pekinin qələbəsi kimi dəyərləndirilir. Çünki faktiki olaraq bununla ABŞ-ın təklif etdiyi proqram kölgədə qalmış olur. Amerika Çin iqtisadiyyatına nəzarət etmək imkanını xeyli dərəcədə itirmiş olur. Görünür, həm də bu səbəbdəndir ki, B.Obama bir neçə dəfə Pekinlə əməkdaşlığı inkişaf etdirmək və “birgə fəaliyyət göstərmək” təklifini dilə gətirib. Lakin bir sıra ekspertlər azad ticarət zonasının yaradılması perspektivini yüksək qiymətləndirmir. Məsələn, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı Yekaterina Arapova açıq deyir ki, “yaxın perspektivdə Asiya-Sakit okean zonasında azad ticarət zonası yaratmaq ehtimalı azdır” (bax: Ekaterina Arapova. Ot ATGS k Aziatsko-Tixookeanskoy zone svobodnoy torqovli / MQİMO Universitet, 13 noyabr 2014).
Ekspertlər bu kontekstdə ABŞ-la Çin arasında Ümumdünya Ticarət Təşkilatı çərçivəsində yüksək texnologiyalı məhsullara verginin aradan qaldırılması haqqında razılığın əldə edilməsini “irəliyə doğru sıçrayış” adlandırırlar (bax: Kitay i SŞA dostiqli prorıva po soqlaşeniö VTO o svobodnoy torqovle / Qolos Ameriki, 11 noyabr 2014).
İki ölkə arasındakı münasibətlərin gələcəyi baxımından maraq doğuran digər məsələ hərbi toqquşmalara qadağa qoyan sazişin hazırlanması haqqında razılığın əldə edilməsidir. Bunun üçün iki müqavilə imzalanmalıdır. Onlardan biri ölkələrin bir-birinə iri hərbi manevrlər keçirmək haqqında əvvəlcədən məlumat vermək, digəri isə “hava və dənizdə” hərbi qüvvələri qarşılaşarsa, konkret qaydalar üzrə hərəkət etməklə əlaqəlidir (bax: U.S., China Reach New Climate, Military Deals / “The Wall Street Journal”, 12 noyabr 2014).
Böyük dövlətlərin Asiya savaşı: yeni ssenarilərə doğru
Lakin ekspertlər bu müqavilələri iki ölkə arasındakı münasibətlərin yeni səviyyəyə qalxması kimi qiymətləndirməkdən ehtiyatlanırlar. Bunun əsas səbəbi hələ də tərəflərin regionda fərqli geosiyasi məqsədlər güdməsi, meydana çıxan ziddiyyətlərdə bir-birinə güzəştə getməməsi və liderlik uğrunda mübarizəni kəskinləşdirmələridir. Həmin müstəvidə Rusiya-Yaponiya və Çin-Yaponiya müzakirələri daha çox maraq kəsb edir.
Pekin sammitində Moskva ilə Tokio əlaqələri inkişaf etdirmək niyyətlərini nümayiş etdiriblər. V.Putinlə Ş.Abenin görüşündə Rusiya prezidentinin Yaponiyaya səfəri haqqında razılıq əldə edilib (bax: Ofiüialğnıe vstreçi i besedı v kuluarax: kak proxodil sammit ATGS / İTAR-TASS, 11 noyabr 2014).
Çinlə Yaponiya arasında uzun müddətdir davam edən münaqişənin necə həll ediləcəyi də ekspertlərin maraq dairəsində idi. Senkaku adasına görə tərəflər arasında gərgin münasibətlər yaranıb. S.Szinpin və Ş.Abe Pekindəki görüşlərində bu sahədə razılıq əldə edib, problemi yalnız danışıqlar yolu ilə həll etməyi razılaşdırıblar (bax: Vladimir Skosırev. Kitay i Əponiə reşili priqluşitğ spor / “Nezavisimaə qazeta”, 11 noyabr 2014).
Maraqlıdır ki, iki ölkə arasında müzakirələrin aparılması təşəbbüsünün Yaponiya tərəfdən edildiyi fikri mövcuddur. Ekspert C.Miller bununla bağlı vurğulayır: “Abe-Szinpin görüşü böyük sıçrayışdır... və o, əsasən, Yaponiyanın əhəmiyyətli diplomatik təzyiqi nəticəsində baş tutub” (bax: J. Berkshire Miller. A Meeting of the Minds / “Foreign Affairs”, 10 noyabr, 2014).
Bütün bunlar geosiyasi aspektdə Rusiya, Yaponiya və Çin arasında maraqlı bir konfiqurasiyanın meydana gəldiyini göstərir. Onlar hərbi güc tətbiqindən qarşılıqlı şəkildə imtina edirlər. Amerika ilə Çin arasında da belə bir razılığın əldə olunduğunu nəzərə alsaq, onda Asiya-Sakit okean hövzəsində silahlanmanın və hərbi toqquşmaların qarşısının alındığını söyləyə bilərik. Lakin nəticə çıxararkən bir qədər ehtiyatlı olmaq lazımdır.
Məsələ burasındadır ki, ASİƏ-nin zirvə görüşü nə qədər əhəmiyyətli olsa da, ABŞ, Rusiya və Çin arasında əldə edilən razılığa əməl olunacağına inam çox azdır. Vaşinqton Moskva-Pekin yaxınlaşmasından narahatlığını büruzə verir. Bir sıra prinsipial beynəlxalq məsələlərdə Amerika ilə Rusiya arasında fikir ayrılığı qalmaqdadır. KİV-də məlumatlar yayılıb ki, V.Putinlə B.Obama qısa müzakirə zamanı Suriya, İran və Ukrayna məsələlərində ortaq mövqeyə gələ bilməyiblər. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini B.Rouds “biz Rusiyanın başqa mövqe tutmasını istərdik”, - deyə bildirib (bax: Obama i Putin v Pekine proveli korotkie besedı: temı - İran, Siriə i Ukraina / 1in.am, 11 noyabr 2014).
Amerika-Çin münasibətlərində də kifayət qədər gərgin məqamlar mövcuddur. Vaşinqton Pekinin maliyyə siyasətini qəbul etmir. Çin getdikcə daha çox qızıl ehtiyatlarına sahib olur. Onun düşünülmüş iqtisadi siyasəti qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir. Sirr deyil ki, ABŞ dünya liderliyində əsas rəqib kimi Çini görür.
Bunlardan əlavə, ASİƏ kimi təşkilatlar çərçivəsində Rusiya və Çin öz aralarında əməkdaşlığı daha da genişləndirmək üçün səylər göstərirlər. Son sammitdə də Moskva ilə Pekin arasında 17 saziş imzalanıb. Onların sırasında enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Əlavə olaraq, yüksək texnologiyalar üzrə əməkdaşlıq haqqında müqavilə də imzalanıb (bax: Putin ubedil kitayüev / Gazeta.ru, 11 noyabr 2014).
Belə təsəvvür yaranır ki, ASİƏ-nin Pekin sammiti təşkilatın aktual daxili məsələlərinin müzakirəsi ilə yanaşı, böyük dövlətlər arasında geosiyasi münasibətlərin aydınlaşdırılması baxımından da maraqlı olub. Hiss olunur ki, onlar Pekində daha çox bir-birinin fikrini öyrənməyə çalışıblar. Bunun “G20”nin tədbirində davam edəcəyini proqnozlaşdırmaq olar. Lakin hələlik ortada qəti bir nəticənin olmadığını demək olar. ABŞ, Rusiya, Yaponiya və Çin öz mövqelərində qalırlar. Bundan başqa, müxtəlif regional təşkilatların inteqrasiyası məsələsi də açıq qalır.
Sammitdə onların vahid platformada birləşdirilməsi məsələsi gündəmə gətirilmişdi. Ancaq konkret bir qərar haqqında informasiya daxil olmadı. Prinsipcə bunun da mümkünlüyü şübhə doğurur. Deməli, Asiya-Sakit okean hövzəsində rəqabət, çəkişmə və qarşılıqlı ittihamlar kimi hallar özünü göstərməkdə davam edəcək.
Newtimes.az

Paylaş:
Baxılıb: 1206 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31