Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukraynada seçki: ümidlər və problemlər

Ukraynada seçki: ümidlər və problemlər

01.11.2014 [12:39]

Şərqi Avropanın böyük dövlətlərindən birində oktyabrın 26-da parlament seçkisi keçirilib. Uğur əldə edən partiyaların böyük əksəriyyəti qərbpərəst mövqedə olanlardır. Yalnız bir siyasi blok - “Müxalifət” Rusiyaya yaxın sayılır. Bu nəticə onu göstərir ki, Ukraynada Avropaya inteqrasiya xətti üstünlük təşkil edir. Ekspertlər hesab edirlər ki, bu, cəmiyyətdə həmrəyliyin formalaşacağına təminat vermir. Əksinə, bir sıra amillər daxili vəziyyətin gərginliyə doğru dəyişə biləcəyini göstərir. Geosiyasi aspektdə problemlərin olduğunu etiraf etmək lazım gəlir.
Plüralizm: daxili və xarici siyasətin kəsişməsində
Ukraynada vaxtından əvvəl keçirilən parlament seçkisi haqqında fərqli fikirlər vardır. Qərb və yerli ekspertlər daha çox uğurlardan danışırlarsa, Rusiyada seçkidən əvvəl bir sıra çirkli oyunların aparıldığından bəhs olunur. Buna baxmayaraq, Moskvanın nəticələri tanımaq fikrində olduğu vurğulanır. Bütövlükdə Ukraynada parlament seçkisinin müsbət qiymətləndirildiyini demək lazımdır.
Ən çox səs qazananlar “Pyotr Poroşenko bloku” və “Xalq cəbhəsi” olub. Onlar birlikdə səslərin təqribən 45 faizini alıblar. Bunlardan başqa, “Özünəyardım”, “Azadlıq”, “Batkivşina” blokları da xeyli sayda deputat yerlərinə sahib çıxıb. Rusiyapərəst hesab edilən “Müxalifət bloku” təqribən 7 faiz səs toplaya bilib. Onlara tam əks mövqedə olan radikal milliyyətçi Oleq Lyaşkonun partiyası da 7 faizlə kifayətlənməli olub. Ekspertlər bu göstəricilər əsasında Ukraynanın faktiki olaraq iki hissəyə parçalandığı qənaətindədirlər (bax: Tatğəna İvjenko. Poroşenko ne oboytisğ bez “Samopomohi” / “Nezavisimaə qazeta”, 28 oktyabr 2014).
Mütəxəssisləri daha çox P.Poroşenko və A.Yatsenyukun liderləri olduqları blokların münasibətləri maraqlandırır. Ukraynanın Baş nazirinin “Xalq cəbhəsi” kifayət qədər çox səs toplaya bilib. Onun gücü təqribən P.Poroşenkonun tərəfdarları qədərdir. Ekspertlərin arasında bu vəziyyəti Ukrayna rəhbərliyində fikir ayrılıqlarının olması və rəqabətin güclənməsi kimi qiymətləndirənlər vardır (bax: Vıborı Ukraine snova vıxodət blokom / “Kommersantc”, 28 oktyabr 2014).
Hətta bəzi proqnozlara görə, təxminən 6 aydan sonra parlamentə yeni seçkilər keçirilə bilər. Poroşenko-Yatsenyuk rəqabəti ilə birlikdə, Ukraynanın qərb və şərq regionlarının qarşıdurması bütövlükdə vəziyyəti kəskinləşdirə bilər. Bu bağlılıqda “Stratfor”un proqnozları maraq doğurur. Bu analitik mərkəz hesab edir ki, Rusiya müxtəlif amillərdən istifadə etməklə rəsmi Kiyevə təzyiqlərini artıra bilər. Bunun üçün onun hərbi əməliyyatlardan və qaz verilməsini kəsməkdən istifadə etməyəcəyi iddia edilir. Çünki bu, Kremlin özü üçün də təhlükəlidir. Əvəzində, Moskva separatçıları dəstəkləməklə Kiyevi nəzarətdə saxlamağa çalışacaq. Artıq S.Lavrov Ukraynanın şərqində separatçıların keçirəcəkləri qondarma “seçki”ni tanıya biləcəklərini bəyan edib (bax: İra Solomonova. Stratfor: Rossiə prosçitıvaet variantı posle vıborov na Ukraine / Slon.ru, 28 oktyabr 2014).
Bunlardan başqa, Rusiya ticarət və enerji sahəsində Ukraynanın qarşılaşdığı çətinliklərdən süni istifadə edə bilər. Nəhayət, Moskva üçün Poroşenko ilə Yatsenyuk arasında ixtilafların yaranması əlverişli olardı (bax: əvvəlki mənbəyə). Kremlin bu amillərdən necə istifadə edəcəyi hələlik bəlli deyil. Ancaq indidən Rusiya tərəfdən səslənən fikirlər onu göstərir ki, seçkidə qərbyönümlü qüvvələrin qalib gəlməsi müəyyən narahatlıq yaradıb.
Qərbdə isə tamam başqa əhval-ruhiyyə hökm sürür. ABŞ və Avropa KİV-i “demokratiyanın qələbəsi”ndən, köhnə siyasətlə vidalaşmaqdan, “qərbpərəst meyilli partiyaların təntənəsi”ndən, Ukraynanın Avropa kursunu təsdiq etdiyindən yazır (bax: məs., The Guardian view on Ukraine’s elections: farewell to the old politics / “The Guardian”, 27 oktyabr 2014 və Mark Adomanis. Pro-Western Parties Triumph In Ukraine (For Now) / “Forbes”, 27 oktyabr 2014).
Eyni zamanda, onlar ölkədə siyasətin uğurla aparılacağına tam əmin olmadıqlarını da vurğulayırlar. “Forbes” yazır ki, “abstrakt islahatlardan danışmaq asandır. İqtisadiyyatın bu və ya digər sahələrində yenilik edə biləcək qanunları qəbul etmək daha çətindir” (bax: Mark Adomanis. Pro-Western Parties Triumph In Ukraine (For Now) / “Forbes”, 27 oktyabr 2014). Bu kontekstdə cəmiyyətin konsolidasiyasında mürəkkəb vəziyyətin meydana çıxa biləcəyi istisna edilmir. “Özünəyardım” blokunun seçkidə uğur qazanması qərbi ukraynalıların regionlara daha çox səlahiyyətlər verilməsinə qarşı olmadıqlarını göstərir.
Maraqlıdır ki, onlar eyni hüquqların ölkənin şərq əyalətlərinə verilməsini elə də arzulamırlar. Doğrudur, bir sıra ekspertlər bu məqamın Ukraynanın qərb və şərq əyalətlərinin elektoratını birləşdirdiyinə inanır. Bu əsasda cəmiyyətdə müəyyən dərəcədə konsolidasiya yarana bilər. Lakin seçkinin nəticələri göstərir ki, parlamentdə həmin regionları təmsil edən qruplar fərqli siyasi mövqedə dayanacaqlar.
Bir sözlə, Qərbi Ukraynanı təmsil edənlər “demokratlar”, Şərqi Ukraynanı təmsil edənlər isə onlara “müxalifdirlər”. Elektoratın seçdiyi deputatlar bu meyar əsasında bölünürlərsə, cəmiyyəti hansı amillərin birləşdirəcəyi elə də aydın görünmür. Üstəlik, kommunistlərin ümumiyyətlə parlamentə düşə bilməmələri çox məqamlardan xəbər verir. Belə görünür ki, parlamentdəki debatların kəskinliyi ölkədə siyasi gərginliyi alovlandıra bilər.
Geosiyasi seçim: təminat varmı?
Ekspertlərin bir qismi ölkədə “köhnə sistemin tam ölmədiyini” iddia edir (bax: Bernd Yoxann. Kommentariy: Ukraina podtverjdaet kurs na Evropu / “Deutsche Welle”, 27 oktyabr 2014). Parlamentə keçmiş elitanın nümayəndələri ilə yanaşı, populistlər və radikal millətçilər də daxil olublar. Bu vəziyyət deputat fraksiyaları arasında müzakirələrin deyil, çəkişmələrin üstünlük təşkil etməsinə səbəb ola bilər. Ölkənin şərqində yaşayanların çoxunun səs verə bilməməsi parlamentdə müəyyən yerlərin boş qalmasına səbəb olub. Bunun gələcəkdə hansı siyasi fəsadlar verəcəyini indidən demək çətindir.
Bunlarla yanaşı, seçkinin Ukraynanın geosiyasi seçiminə yeni təminatlar verdiyinə şübhə ilə yanaşılır. İlk olaraq ölkənin Avropa İttifaqına assosiativ üzvlüyünün Rusiyaya münasibətdə hansısa üstünlük vermədiyindən yazılır. Kiyev hələ də geosiyasi yolayrıcında qalmaqdadır (bax: Sami Kohen. Ukrayna’daki seçimler ne değiştirecek? / “Milliyet”, 28 oktyabr 2014).
Bu məqam parlamentin fəaliyyətinə, şübhəsiz, ciddi təsir edə bilər. Çünki geosiyasi baxımdan bütün amillər razılaşdırılmayıbsa, bu və ya digər tərəfdən təzyiqlərin olması mümkündür. Rusiya özünün iqtisadi təhlükəsizliyi naminə sərt addımlar ata, məsələn, yuxarıda vurğulandığı kimi, şərq əyalətlərində separatizmi gücləndirə bilər.
Eyni qayda ilə Avropa öz maraqları naminə Ukraynanı konkret məsələlərdə sıxışdıra bilər. Bu kimi hallara misallar da gətirmək olar. Belə ki, məsələn, Macarıstan hökuməti Brüsselin təzyiqləri davam etdirdiyi halda Avropa İttifaqından çıxa biləcəyini bəyan edib. Ukraynaya hansısa güzəştlərin ediləcəyinə kim təminat verə bilər?
Problemin başqa aspekti böyük dövlətlərin Ukrayna məsələsində konsensusa gələ biləcəyi ilə bağlıdır. Burada vəziyyət daha mürəkkəbdir. Bu ölkədə ziddiyyətlərin yarandığı vaxtdan bu yana həmin istiqamətdə hansısa yaxınlaşma müşahidə edilmir (bax: Aleksandr Quhin. Ukraina-2014: vozmojen li mejdunarodnıy konsensus? / Rossiyskiy sovet po mejdunarodnım delam, 24 oktyabr 2014). Doğrudur, nəzəri olaraq həmişə bu sahədə konkret addımlar üçün şanslar olmuşdur. Təəssüf ki, böyük dövlətlər bundan hələlik istifadə etmirlər. Parlament seçkisi bu aspektdə mövcud vəziyyəti sanki daha da mürəkkəbləşdirdi. İndi Moskva Ukraynada hansı qanunların qəbul ediləcəyini gözləyir. Burada Moskvanı razı salmayan məqamlara onun etiraz edəcəyinə şübhə yoxdur.
Yuxarıda ifadə edilən fikirlər göstərir ki, Ukrayna parlamenti seçkilərdə irəliyə doğru mühüm addım atsa da, bir sıra problemlərin uğurlu həllinə nail olacağına tam əminlik yoxdur. Bu sırada əsas məqamlardan biri böyük geosiyasi güclərin Ukrayna uğrunda gərgin mübarizəsi olacaqdır. Digər amil qanunverici orqanda fərqli siyasi-ideoloji mövqe tutanlar arasındakı münasibətlərin formalaşması ilə bağlıdır. Burada kəskin vəziyyətin yaranması istisna olunmur.
Belə çıxır ki, Ukraynada parlament seçkiləri siyasi plüralizmin təsdiqlənməsi ilə yanaşı, cəmiyyətin parçalanmasının da mümkünlüyünü ifadə edir. Belə ziddiyyətli məqamda dövlətçiliyin taleyi haqqında birmənalı fikir bildirmək çox çətindir.
Newtimes.az

Paylaş:
Baxılıb: 1190 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31