Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Leyla Yunusova öz cinayətkar əməllərinə görə qanun qarşısında cavab verməlidir

Leyla Yunusova öz cinayətkar əməllərinə görə qanun qarşısında cavab verməlidir

02.08.2014 [11:28]

Azərbaycan ictimaiyyətinin nümayəndələri ermənipərəst “hüquq müdafiəçisi”nin hüquqi məsuliyyətə cəlb olunmasının siyasiləşdirilməsini pisləyirlər
Xəbər verildiyi kimi, “Sülh və Demokratiya İnstitutu”nun direktoru, “hüquq müdafiəçisi” olduğunu iddia edən Leyla Yunusova barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), həyat yoldaşı Arif Yunusova qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub. İstintaq orqanı tərəfindən A.Yunusovdan başqa yerə getməməklə bağlı iltizam alınıb.
Beləliklə, Azərbaycan vətəndaşları kimi qanun qarşısında məsuliyyət daşıyan Leyla və Arif Yunusovların antimilli və qeyri-qanuni əməlləri müqabilində müvafiq qanuni tədbir görülüb. Sirr deyil ki, Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunduğu, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə edildiyi, eyni zamanda, qanunların aliliyinin əks olunduğu avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyati strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Lakin təəssüflər olsun ki, bəzi ünsürlər L.Yunusovanın hüquqi məsuliyyətə cəlb olunmasını siyasiləşdirərək bu məsələni manipulyasiya vasitəsinə çevirirlər.
Öz növbəsində, Azərbaycan ictimaiyyətinin nümayəndələri haqqında bəhs olunan şəxsin qanuna müvafiq olaraq hüquqi məsuliyyətə cəlb olunmasını qanunauyğun hal kimi dəyərləndirir və bu məsələnin siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirirlər.
Milli Məclisin deputatı Sahibə Qafarova məsələ ilə bağlı deyib ki, “Leyla Yunus Azərbaycan xalqına və dövlətinə qarşı ermənilərdən daha çox çalışıb. Onun fikirlərinə, fəaliyyətinə nəzər yetirsək bir daha bunu aydın şəkildə görmüş olarıq”.
Millət vəkili “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri, “hüquq müdafiəçisi” L.Yunusovanın həbs olunmasının təəccüblü olmadığını vurğulayaraq deyib ki, o, daim ermənilərlə eyni məqsədə xidmət edib: “Ermənilər və onları müdafiə edənlərlə L.Yunus eyni hədəfə kökləniblər. Bu günə qədər anti-Azərbaycan qüvvələr, ölkəmizə qarşı fəaliyyət göstərən konkret dairələr hansı fikirlərlə çıxış ediblərsə, Azərbaycan dövlətinə qarşı hansı qərəzli, ədalətsiz, həqiqətdən uzaq mövqe ortaya qoyublarsa, Leyla Yunusda da məhz bu müşahidə olunub”.
“Azərbaycan hüquq-mühafizə orqanlarının həbslə bağlı açıqlaması isə göstərdi ki, bu əməkdaşlıq daha dərinə gedib çıxır. Görünür, L.Yunusun Rauf Mirqədirovun həbsindən sonra keçirdiyi təlaş, onun davranışlarında müşahidə olunan isterika heç də əbəs yerə deyilmiş. Bütün hallarda vətəninə, dövlətinə qarşı düşmənlə bir mövqedə dayanmaq, düşmənlə əlbir çalışmaq ən ağır cinayətdir”, - deyən S.Qafarova əlavə edib ki, ən doğru və ədalətli qərarı Azərbaycan məhkəmələri verəcək. Ona görə də, kiminsə bu həbsi siyasiləşdirməsi, bundan şou düzəldib istifadə etməsi, ən azı hüquqa ziddir.
“Leyla Yunusun həbsi hüquqi bir məsələdir və bu prosesin siyasiləşdirilməsi, onun kimi xəyanətkardan qəhrəman düzəltmək cəhdləri, sadəcə, bu hüquqi qərara kölgə salmaq məqsədinə xidmət edir. Bu, bir daha kimin kim olduğunu göstərir. Onu müdafiə edən radikal müxalifət qüvvələrinin Azərbaycan dövlətçiliyinə, xalqımıza münasibətdə L.Yunusdan heç bir fərqi yoxdur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov səsləndirib. O, L.Yunusovanın və onun erməni əsilli həyat yoldaşı Arif Yunusovun daim dövlətimizə və xalqımıza qarşı fəaliyyət göstərdiyini vurğulayaraq əlavə edib ki, hələ AXC-“Müsavat” hakimiyyəti dövründə yüksək vəzifə tutan bu ailə cütlüyü bütün imkanlarını erməniləri müdafiə etməyə, onların tapşırıqlarını yerinə yetirməyə səfərbər ediblər.
“Ermənilər Qarabağı işğal edərkən böyük ehtimalla, məhz bu və bunlar kimi insanların ötürdükləri kəşfiyyat materiallarından istifadə ediblər. Həmçinin, Xocalı soyqırımını ört-basdır etməyə, Sumqayıtda baş verən erməni təxribatlarını xalqımızın adına yazmağa bu ailədən çox çalışan olmayıb. Bunlar ermənidən çox ermənilik edirdilər. Bu xəyanətləri ifşa olunub vəzifədən uzaqlaşdırıldan sonra adlarını “hüquq müdafiəçisi” qoyub başqa sferada, amma yenə də eyni antimilli missiyaya xidmət ediblər. Onların “siyasi məhbus” siyahıları, Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin, digər mötəbər tədbirlərin keçirilməsinə, ölkəmizin BMT TŞ-yə üzvlüyünə, AŞ Nazirlər Komitəsinə sədrliyinə qarşı “fəaliyyətləri” bu insanların məqsədlərini ifşa edir”, - deyə A.Hüseynov əlavə edib.
Onun sözlərinə görə, Yunusovlar ailəsinin qanunsuz əməlləri təkcə bununla bitmir. Onların vergidən yayınma, dələduzluq, qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları ilə bağlı da istintaqın əlində faktlar var. Hər halda, hüquq-mühafizə orqanlarının açıqladığı məlumatlar bu qənaətə gəlməyə imkan verir.
Öz növbəsində Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev SİA-ya açıqlamasında deyib ki, Azərbaycanda qanunu pozan hər bir kəs elə qanun qarşısında da cavab verməlidir: “Kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Bu mənada, Leyla Yunus və hər kəs anlamalıdır ki, Azərbaycanın ərazisində yaşayan, onun vətəndaşı olan şəxs əgər ölkə qanunlarını pozursa, o, qanun qarşısında da cavab verməlidir. Birmənalı şəkildə bunu hamı anlamalıdır. Azərbaycan tərəfi dəfələrlə bunu bəyan edib”.
“Leyla Yunus müxtəlif vaxtlarda yaratdığı şoularla Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələri ölkəmizə qarşı yönəltmək, dövlətimizin imicinə xələl gətirmək istəyib”. Bunu isə Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
R.Qonaqov bildirib ki, BMAM “hüquq müdafiəçisi” adı ilə özünü və təmsil etdiyi qurumu kamuflyaj edən L.Yunusovanın onun həyat yoldaşı Arif Yunusovla birlikdə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə, Ermənistana səfərlər təşkil etmələrinə və qrant vəsaitləri alaraq müxtəlif birgə layihələr keçirmələrinə daim öz qəti etirazını bildirib: “Yunusova Leyla 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu “Sülh və Demokratiya İnstitutu” adlı qurum vasitəsilə və bir neçə erməni ilə birlikdə Ermənistanın bir sıra qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” adlı birgə layihələr həyata keçirib. Bu layihə adları altında Leyla Yunusun beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına köçürüb. Təhlükəsizlik orqanlarının da qeyd etdiyi kimi, bu pulları isə o, xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün istifadə edib”.
O qeyd edib ki, bir çox dağıdıcı müxalif dairələr də ermənipərəst “hüquq müdafiəçisi”ni dəstəkləyərək, onun yaratdığı şoulara bəraət qazandırmaqla diqqət mərkəzinə çevrilməyə çalışıblar: “Dəfələrlə bəyan etmişik ki, Azərbaycanda fəaliyyətləri ilə cinayətlərə yol vermiş insanlar mövcuddur. Leyla Yunus kimiləri isə onları “siyasi məhbus” kimi dəyərləndirməklə beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmaq niyyətində olublar. Belə şoular yaratmaqla Leyla Yunus özünün “siyasi məhbus” kimi həbs olunması ssenarisini planlaşdırıb. Azərbaycan Konstitusiyasını, qanunları pozan, ölkəmizin milli maraqlarına zidd hərəkət edən hər bir kəs qanun qarşısında cəzasını almalıdır”.
R.Qonaqov əlavə edib ki, təəssüflər olsun ki, “sapı özümüzdən olan baltalar”, xaricdəki dəstəkçilərinin köməyi sayəsində insan hüquqları, hüquq müdafiəçisi, demokratiya və bu kimi ülvi idealların kamuflyajı ilə Vətənə də, xalqa da xəyanət edirlər: “Hər bir sivil ölkədə, əlbəttə ki, müxalifət var. Lakin sivil ölkələrdə o da var ki, müxalifətçilik hökumətə qarşı olur və bu da normaldır. Heç bir sivil ölkədə dövlətə müxalifətçilik sivil qəbul edilmir və xalqın təhlükəsizliyinə zərər gətirən hər bir şəxs vətən xaini sayılır. Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının Leyla Yunusla bağlı bu ittihamları kifayət qədər ciddidir və araşdırılıb bu işdə əli olan hər kəs ədalət məhkəməsinə cəlb edilməlidir. Bu cür insanların məsuliyyətə cəlb edilməsi və ölkə məhkəməsi qarşısında cavab verməsi ilə yanaşı, Vətənə, dövlətə qarşı apardığı işin cəzasını alması bu cür fəaliyyət göstərən və göstərmək niyyətində olan başqa şəxslərə də dərs olmalıdır. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq, bir daha milli və siyasi təhlükəsizliyimizə qarşı yönələn bu cür halların aradan qaldırılmasının ölkəmiz üçün həyati əhəmiyyət daşıdığını bildiririk”.
“Şəhidlərimizin ruhu sənə qənim olsun Leyla Yunus! Leyla Yunusun erməni xüsusi xidmət orqanlarına casusluq fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və haqqında həbs-qətimkan tədbirinin seçilməsi bəzi beynəlxalq “hüquq müdafiəçiləri”ni təşfişə salıb”. Bu fikirləri isə AZADİNFORM-a “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib. O, həmçinin, “Vətənə xəyanət edən hər bir kəs öz layiqli cəzasını almalıdır” sözlərini də əlavə edib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə “Trend”ə açıqlamasında bildirib ki, “hüquq müdafiəçisi” adı ilə əsl fəaliyyətini pərdələməyə çalışan Leyla Yunus daim dövlətçiliyimizə zərbə vurmağa çalışıb, bunun üçün hətta düşmən ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığa gedib.
Onun sözlərinə görə, L.Yunus vətəndaş cəmiyyətinin inkişafı ilə məşğul olmaqdansa, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması kimi “mühüm” işlər görüb: “Onun Avropa qurumları üçün hazırladığı Azərbaycanda “siyasi məhbus”lar siyahısı, hətta müxalifətçi “hüquq müdafiəçiləri” tərəfindən də təəccüblə qarşılanırdı. Artıq sübut olunub ki, Leyla Yunus və həyat yoldaşı Arif Yunus Ermənistan kəşfiyyatının məxfi agentlərindən olan Laura Baqdasaryanla uzun müddət əməkdaşlıq ediblər”.
Emin Həsənli vurğulayıb ki, L.Yunus və tərəfdarları Ermənistan tərəfindən dövlətimizə qarşı başladılmış təcavüzkar müharibə, torpaqlarımızın işğal olunması, bir milyondan çox soydaşımızın məcburi köçkün və qaçqına çevrilməsi məsələsində həmişə səssiz qalıblar: “Hətta son vaxtlar erməni tərəfinin atəşkəsi tez-tez pozması, işğal olunmuş Kəlbəcər rayonunda 3 vətəndaşımızın təcavüzkarlar tərəfindən öz doğma vətənlərində girov götürülməsi faktına göz yumub, bununla bağlı heç bir mövqe bildirməyiblər. Bütün bunlar bir daha Leyla Yunusun insan hüquqlarının müdafiəçisi deyil, şəxsi maraqlarının müdafiəçisi olduğunu göstərir”.
E.Həsənli deyib ki, Azərbaycanın demokratik, hüquqi dövlət kimi qazandığı uğurlar milli düşmənlərimizdən olan Leyla Yunusu da narahat edirdi: “Görünür, bu səbəbdən Leyla Yunus “xalq diplomatiyası” adı altında erməni kəşfiyyatı ilə əlaqələrini daha da genişləndirmiş, casusluq fəaliyyətini QHT fəaliyyəti adı altında pərdələyərək dövlətimizin beynəlxalq nüfuzuna zərbə vurmaq işinə böyük həvəslə başlamışdı. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq, Leyla Yunus və onun kimi Vətən xainlərinin cəzalandırılmasını tələb edir, onlara havadar çıxan, bu yolla xarici ağalarından qrant qoparmağa çalışanları isə öz mövqelərinə yenidən baxmağa, milli dövlətçiliyimizi şəxsi və siyasi maraqlarından üstün tutmağa çağırırıq. Unutmayaq ki, dövlətini satanlar, Vətən xainləri daim lənətlə yad olunur”.
“Bu gün Azərbaycanın inkişafı və dünyanın ən nüfuzlu dövlətləri ilə bir arada olması bəzi xarici qüvvələrin qısqanclığına səbəb olur. Xüsusilə də ermənipərəst qüvvələr bundan daha çox narahatdırlar”. Bunu isə SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Beynəlxalq “Amnesty International” təşkilatının ermənipərəst “hüquq müdafiəçisi”nin müdafiəsinə qalxmasına münasibət bildirərkən deyib.
Mais Səfərlinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil və ölkəmizin milli maraqlarına uyğun siyasət yeritməsi bəzi xarici dairələrin ürəyincə deyil: “Bu mənada da düşünürəm ki, Beynəlxalq “Amnesty İnternational” təşkilatı Azərbaycana təzyiq etmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edir. Leyla Yunus uzun müddətdir ki, Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaqla cəhd göstərib. Hər kəs yaxşı bilir ki, Leyla Yunusun bu əməlləri ölkəmizin milli maraqlarına tamamilə zidd idi. Bu addım birmənalı şəkildə Azərbaycanı satmağa yönəlmişdi. Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmur. Bu mənada da düşünürəm ki, hazırda istintaq davam edir və onun barəsində tutarlı faktlar ortaya qoyur. Hesab edirəm ki, əgər istintaqın əlində tutarlı faktlar olmasaydı, bu şəxs həbs oluna bilməzdi. Təbii ki, bu, bir daha onu sübuta yetirir ki, Leyla Yunus Azərbaycanı sevməyən sözügedən təşkilatların əlaltısıdır”.
“Trend”ə açıqlamasında İnsan Hüquqları XXI Əsr Fondunun prezidenti Şahin Camalov isə vurğulayıb ki, Leyla Yunus uzun illər idi ki, başqa ölkələrin maraqları ilə oturub duran adam idi. Ş.Camalov qeyd edib ki, kimliyindən asılı olmayaraq, dövlətin əleyhinə işləmək, müharibə şəraitində olan bir ölkəyə düşmən mövqe sərgiləyən bir ölkə ilə əməkdaşlıq etmək, onların maraqlarına xidmət etmək yolverilməzdir: “Bu cür fəaliyyət yolverilməzdir. Bu, dövlətə, Vətənə və xalqa xəyanətdir. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda da Leyla Yunusun dövlətə xəyanət etdiyi açıq-aydın görünür və biz bunu onun həbsindən qabaq da bilirdik”.
O vurğulayıb ki, heç bir halda dövləti başqalarına satmaq olmaz: “Leyla Yunus kimilərinə qalsa, guya Azərbaycanda heç bir müsbət hadisə baş verməyib. Amma ölkədə olan müsbət dəyişiklikləri görməmək üçün kor olmaq lazımdır”.
Fondun prezidenti əlavə edib ki, L.Yunus son bir neçə ildə müxtəlif fəaliyyətlərinə görə Avropa dövlətlərindən 2,7 milyon manata qədər qrant əldə edib: “Ancaq demək olar ki, bu qrantın hara xərcləndiyini görməmişik. Azərbaycanda nə bir hüquq müdafiəçisi, nə də qeyri-hökumət təşkilatı deyə bilər ki, Leyla Yunus indiyə qədər vətəndaş cəmiyyətinin inkişafına, dövlətçiliyə, milli maraqlara xidmət edən hər hansı bir layihə icra edib? Mən şəxsən onun hər hansı bir layihə icra etdiyini görməmişəm. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu pulun haradan gəlib hara getdiyini araşdırmalıdır”.
Ş.Camalov qeyd edib ki, 2,7 milyon manat böyük məbləğdir və bu məbləğlə istənilən hərəkəti etmək olar: “Bu, terror aktından tutmuş dövlətçiliyə xəyanətə kimi bütün məsələləri əhatə edə bilər. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələlərin hamısını araşdıracaq və buna hüquqi qiymət verəcəklər”.
“Leyla Yunus Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərərək dünya ictimaiyyətində ölkə haqqında yanlış təsəvvür yaradırdı”. Bu fikirləri isə Trend-ə Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
R.Zeyni qeyd edib ki, hər bir təşkilat rəhbəri, hər bir qeyri-hökumət təşkilatı və ümumiyyətlə, hər bir insan öz fəaliyyətinə görə məsuliyyət daşıyır: “Leyla Yunusun fəaliyyəti Azərbaycan xalqına bəllidir. Yəni, torpaqlarımızın bir hissəsinin işğal altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkünün olması Leyla Yunus və onun kimi insanları o qədər də düşündürməyib. Belələri ancaq bir “hüquq müdafiəçisi” obrazı yaratmaqla, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətə qeyri-obyektiv məlumat çatdırmaqla, cinayəti sübuta yetirilmiş bəzi insanları “siyasi məhbus” kimi dünya ictimaiyyətinə təqdim etməklə, Azərbaycan haqqında yalan məlumatlar yaymaqla, heç bir məhdudiyyət qoymadan ermənilərlə əməkdaşlıq etməklə və s. bu kimi əməllərlə məşğul olurdular”.
O əlavə edib ki, bir ermənilər, bir də Leyla Yunus və onun tərəfdarlarından başqa hamı, bütün dünya “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini dəstəkləyirdi.
“Düşünürəm ki, hüquq-mühafizə orqanları obyektiv olaraq bu məsələləri araşdıracaq”, - deyən R.Zeyni, həmçinin, “bizə düşmən olan bir ölkəyə dəstək olaraq fəaliyyət göstərməyə nə ad vermək olar? Neçə illərdir ki, biz daim bununla bağlı öz etirazımızı bildirmişik, amma təəssüflər olsun ki, bizim müraciətlərimizə, bəyanatlarımıza fikir vermədən onlar elə öz işlərini görürdülər. Hesab edirəm ki, Leyla Yunusun bütün bu əməllərinə qanun çərçivəsində qiymət veriləcək” sözlərini də əlavə edib.

Paylaş:
Baxılıb: 1286 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31