Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal bölgəsinə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal bölgəsinə səfər edib

20.07.2013 [12:52]

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, qeyri-neft sektoru inkişaf edir, sahibkarlıq inkişaf edir və bölgələrin inkişafı da artıq reallıqdır
İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verib ki, Heydər Əliyev Parkı son illər sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, bu, ölkədə istifadəyə verilən sayca 38-ci Olimpiya İdman Kompleksidir.
Kompleksin tikintisinə 2010-cu ilin sonunda başlanılıb. Tikinti işlərinin ən yüksək səviyyədə aparıldığı binanın inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb. Həyətində geniş abadlıq-quruculuq işləri görülmüş kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin həyətində 1020 tamaşaçı yeri olan stadion, mini-futbol, basketbol meydançaları inşa edilib. Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Xaçmaz ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Sizi yenidən görməyimə çox şadam. Bildiyiniz kimi, mən Xaçmaz rayonunda dəfələrlə olmuşam. Son illər ərzində bu, mənim Prezident kimi altıncı səfərimdir və hər dəfə burada olanda çox sevinirəm ki, Xaçmazda işlər çox yaxşı gedir.
Şəhər gözəlləşir, abadlaşır, böyük işlər görülür, gözəl binalar tikilir. Onların içində də bu möhtəşəm Olimpiya İdman Kompleksi də əlbəttə ki, öz yerini tutacaqdır. Şadam ki, bu kompleks çox böyük imkanlara malikdir. Burada həm idmançılar, həm də ki, rayon sakinləri də öz vaxtlarını keçirə bilərlər.
Əlbəttə ki, Azərbaycanda idmanın inkişafı sürətlə gedir və belə komplekslərin yaradılması əslində idmanın kütləviliyini də təmin edir. Ancaq, eyni zamanda, adi vətəndaşlar da idmanla məşğul olmalıdırlar. Çünki idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Belə komplekslərin tikilməsi bu imkanları da yaradır. Burada üzgüçülük hovuzları, açıq meydançalar, idman zalları, trenajor zalları vardır. Yəni, gənclər, uşaqlar, yeniyetmələr, yaşlı nəsil də istifadə etməlidir.
Xaçmazda böyük Olimpiya kompleksinin tikilməsi lazım idi. Çünki artıq başqa şəhərlərdə komplekslər vardır və bu, sayca 38-cidir. Bu, onu göstərir ki, indi ölkəmizin bütün bölgələrində idmanla məşğul olmaq üçün yaxşı imkanlar vardır. İdmançılarımız da bizi sevindirirlər. Bu yaxınlarda universiadada idmançılarımız çox böyük uğurlara imza atıblar - 15-ci yerə layiq görülüblər, 16 medal qazanmışıq və Avropa ölkələri arasında 9-cu, müsəlman ölkələri arasında isə 1-ciyik. Keçən il London Yay Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanmışlar. Yəni, idmanın inkişafı Azərbaycanda sürətlidir, hərtərəflidir və indi dünyada Azərbaycan idman ölkəsi kimi tanınır.
Əlbəttə, idmanın kütləviliyini təmin etmək, gənc, peşəkar kadrları hazırlamaq üçün belə imkanlar lazımdır. Bu kompleks ən yüksək dünya standartlarına cavab verir və burada idmanla məşğul olmaq üçün bütün şərait vardır, bir də ki, Xaçmaz şəhərinə yaraşıq verir. Keçən dəfə burada, bu ətrafda olarkən görürdüm ki, burada quruculuq işləri aparılır, parklar salınır. Xaçmaz indi parklar şəhəridir. Gözəl abidələr tikilir, bu gün biz Tarix-Diyarşünaslıq Muzeyinin açılışını qeyd etdik. Çox möhtəşəm binadır, memarlıq baxımından çox gözəldir və daxili tərtibatı da çox yaxşıdır. Deyə bilərəm ki, rayonlarımızda mövcud olan tarix-diyarşünaslıq muzeyləri arasında bunun xüsusi yeri var, bəlkə də ən böyüyüdür və ən gözəlidir desəm, səhv etmərəm.
Bu gün, eyni zamanda, sahibkarlığa dəstək üçün Regional İnkişaf Mərkəzi açılır. Buna da böyük ehtiyac vardır. Təsadüfi deyil ki, bu mərkəz məhz Xaçmazda yaradılmışdır. Çünki Xaçmaz bu zonanın ən böyük rayonudur, böyük imkanları var, o cümlədən sahibkarlığın inkişafı üçün böyük imkanlar var və Regional İnkişaf Mərkəzi də bu zonada biznes imkanlarını artıracaqdır. Buna da böyük ehtiyac vardır. Çünki ölkə iqtisadiyyatı bundan sonra daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır.
Dünən Nazirlər Kabinetinin növbəti toplantısında ilin altı ayının yekunlarına baxaraq bir daha gördük ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, qeyri-neft sektoru inkişaf edir, sahibkarlıq inkişaf edir və bölgələrin inkişafı da artıq reallıqdır. Biz bunu Xaçmazın timsalında görürük. Çünki əvvəlki dövrlərlə müqayisədə böyük inkişaf, böyük irəliləyiş var, sosial obyektlər tikilir. Keçən dəfə burada olarkən biz Mərkəzi Xəstəxananın təmirdən sonra açılışını qeyd edirdik.
Bundan əvvəlki dövrlərdə digər açılışlar olmuşdur. Yadımdadır ilk modul tipli elektrik stansiyasını biz Xaçmazda yaratdıq. Yəni, infrastruktur layihələri icra edilir. İndi qazlaşdırma prosesi sürətlə gedir. Rayonun, demək olar ki, əksər məntəqələri qazlaşdırılıbdır. İçməli su layihəsinin icrasına başlanmışdır. Artıq işlər gedir. Yəqin ki, gələn il, bəlkə də, 2015-ci ildə Xaçmazın içməli su problemi tamamilə həll olunacaqdır, 24 saat ərzində təmiz içməli su veriləcəkdir.
İnfrastruktur layihələrinin icrası bütövlükdə ölkə qarşısında duran əsas vəzifələrdir. Hər rayon üzrə xüsusi proqramlar mövcuddur. Biz bütün işləri planlı şəkildə aparırıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində gözəl nəticələri də görürük. Nəticələr göz qabağındadır. Tikilən binalar, salınan parklar, açılan yollar, çəkilən qaz, su xətləri. Azərbaycanın inkişafı bu istiqamətdə gedir. Şadam ki, Xaçmaz kimi böyük rayonda bu işlər yüksək səviyyədə aparılır.
Gələcək illərdə görüləcək işlərlə bağlı bizim konkret fikirlərimiz vardır. Gələn ilin əvvəlində üçüncü regional inkişaf proqramı qəbul ediləcəkdir. Düzdür, iki proqramın icrası nəticəsində bölgələrdə mövcud olan problemlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Xüsusilə infrastruktur layihələri. Ancaq hələ görüləsi işlər çoxdur.
Xüsusilə kənd yollarının tikintisi, yəqin ki, növbəti beş il üçün prioritet olacaqdır. Məktəb tikintisi sürətlə getmişdir. Ancaq hələ də qəzalı, yararsız vəziyyətdə olan məktəblər vardır. Bu məsələ də əlbəttə ki, növbəti beş ildə öz həllimi tam tapmalıdır. Tibb müəssisələrinin yaradılması, təmiri ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Yəni, həyat yerində durmur. Biz bir çox məsələləri həll etdik. Ancaq hələ ki, həllini gözləyən məsələlər vardır. Biz bunları tədricən, ardıcıllıqla həll edəcəyik. Ölkəmizin dinamik inkişafını gələcəkdə də təmin edəcəyik”.
Sakinlər: Çox sağ olun!.
Xaçmaz sakini Nəriman Babayev rayon ictimaiyyəti və idmançıları adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
* * *
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verib ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanılıb, 2013-cü ilin iyulunda başa çatdırılıb. Mərkəz inzibati binadan, biznes inkubatordan, sərgi, akt, konfrans və təlim zallarından, inzibati otaqlardan, yeməkxana və yardımçı tikililərdən ibarətdir. Mərkəzin qazanxana, nasosxana, transfarmator stansiyası, su anbarları, dizel generator binaları da var. Ümumi ərazisi 1,5 hektar olan mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq və abadlıq işləri görülüb.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
* * *
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov abidə ətrafında görülən yenidənqurma, genişləndirmə və yaşıllaşdırma işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Yeni yolla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
* * *
Şabrana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak edib.
Layihənin sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və layihəni həyata keçirən Avropa-Asiya İnşaat Korporasiyası “Yevraskon” ASC-nin Direktorlar Şurasının sədri Əfəndi İsmiyev dövlətimizin başçısına Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasının gedişi barədə məlumat veriblər.
Prezident İlham Əliyev düyməni basıb. Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü anbarına suyun verilməsinə başlanıb.
Dövlətimizin başçısı onlayn rejimdə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü anbarına suyun verilməsini və Taxtakörpü anbarının bəndində son tamamlama işlərinin gedişini izləyib.
Prezident İlham Əliyev bu nəhəng layihənin icrasının uğurla tamamlanması üçün tapşırıq və tövsiyələrini verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabrandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şabranda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu Bayraq Meydanı da ölkəmizdə dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olmasının daha bir əyani sübutudur.
Dövlətimizin başçısına görüləcək növbəti işlər barədə məlumat verilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
İnzibati binada yaradılan iş şəraiti ilə tanış olan Prezident İlham Əliyev buradan şəhərin mənzərəsini seyr edib, rayon mərkəzinin genişləndirilməsinə dair tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Şabran şəhərini içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkəsinin açılış mərasimində iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı “Qurtuluş” parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Doğrudan da, böyük hadisədir, tarixi hadisədir. Şabran şəhərinə suyun verilməsini qeyd edirik və bir daha demək istəyirəm ki, bu hadisə böyük əhəmiyyətə malikdir. Çünki içməli su insan üçün, insanın sağlamlığı üçün ən vacib amildir. Mən şadam ki, indi Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya layihələri icra edilir. Bəzi yerlərdə bu layihələr artıq başa çatıb, bəzi yerlərdə hələ ki, icra edilir və yaxın 2-3 il ərzində ölkəmizin hər bir şəhərində təmiz içməli su layihələri istismara veriləcəkdir.
Bu, tarixi layihədir, tarixi əhəmiyyətə malikdir. Çünki əsrlər boyu su problemi bizim insanları incidirdi, su qıtlığı yaşanırdı. Müxtəlif dövrlərdə layihələr icra edilmişdir. Ancaq sonra bu layihələrin imkanları tələbatımızı ödəmirdi. Çünki ölkə inkişaf edir, əhali artır. İndi artıq Azərbaycanın 9 milyon 400 min əhalisi vardır və tələbat artdıqca əlbəttə ki, biz yeni layihələrin icrasına da başlamalıyıq və bunu edirik. Bu proses Bakı şəhərində, böyük şəhərlərdə çox geniş vüsət almışdır. Hər bir şəhərdə içməli su-kanalizasiya layihələri icra edilir.
İnsanların sağlamlığı ən başlıca vəzifədir. Sağlamlığı təmin etmək üçün müxtəlif kompleks tədbirlər görülür. İlk növbədə, içməli su təminatına diqqət yetirilir. Özü də bu içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur, yəni, təmizdir, keyfiyyətlidir. Tibbi xidmət əlbəttə ki, çox vacibdir və bu məsələ də öz həllini tapır. Ekoloji tədbirlər, idman, digər amillər. Ancaq onların içində içməli su birinci yerdədir. Biz bu layihənin səmərəsini görəcəyik, gələcək nəsillər də görəcəkdir. Mən çox şadam ki, Şabranda artıq bu layihə tamamilə hazırdır, içməli su və kanalizasiya layihələri istifadəyə verilir. Əlbəttə ki, bu kimi layihələr ölkəmizin imkanlarını göstərir. Müstəqil Azərbaycan dövləti bu layihələri icra etməyə qadirdir. Biz 20 ildən bir qədər çox müstəqilik. Müstəqilliyin bəhrələrini hər bir Azərbaycan vətəndaşı görür. Bizim taleyimiz öz əlimizdədir və ölkəmiz, xalqımız üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik.
Şabran rayonunda digər böyük layihələr icra edilir. Deyə bilərəm ki, ölkə miqyasında və qeyri-neft sektorunda ən iri layihələrdən biri olan Taxtakörpü su anbarı layihəsi icra edilir. Bu gün biz Vəlvələçay-Taxtakörpü su kanalının açılışını qeyd etdik. Artıq Taxtakörpü gölünə suyun doldurulması başlanmışdır. Bu da ölkə miqyasında nəhəng layihədir, 180 min hektar sahəni əhatə edəcəkdir. 180 min hektarda suvarma yüksək səviyyədə təşkil ediləcək, 30 min hektar sahəyə isə yenidən su veriləcəkdir. Yəni, bu, kənd təsərrüfatının inkişafına, fermerlik fəaliyyətinə təkan verəcək, nəticədə ölkənin qeyri-neft sektoru inkişaf edəcəkdir. Bizim daxili tələbatımızı öz hesabımıza təminetmə prinsipi təmin ediləcəkdir. Yəni, bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Taxtakörpü su anbarı, su elektrik stansiyası, kanallar nəhəng infrastruktur layihələridir. Ancaq güclü dövlətlər belə layihələri icra edə bilərlər. Azərbaycanda nəhəng layihələr icra edilir. Bu, əlbəttə ki, bir tərəfdən ölkəmizin gücünü göstərir, digər tərəfdən dövlət siyasətini əks etdirir. Çünki bu layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu, elə layihələrdir ki, buraya qoyulan vəsait dövlətə birbaşa qayıdan vəsait deyildir. Bu, yalnız insanlara şərait yaratmaq, xidmət göstərmək və biznes imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuşdur. Yaxın aylarda Taxtakörpü gölündə suyun səviyyəsi tamamilə təmin ediləcəkdir və bu nəhəng layihə istismara veriləcəkdir. Bu layihə onilliklər, yüzilliklər bundan sonra da bizə xidmət edəcəkdir.
Bu gün səhər biz kənd yolunun istismara verilməsini də qeyd etdik. Bu da çox vacib layihədir. İndi Zeyvə kəndinə qədər uzanan yol müasir standartlara cavab verir və bu da bizim niyyətimizi göstərir. Kənd yollarının tikintisi ölkəmizdə, o cümlədən Şabran rayonunda geniş vüsət almışdır. Kəndlərdə yaşayan insanlar da normal imkanlardan istifadə etməlidirlər. Kənd yolları vacib məsələdir, insanların rahatlığı, hər bir rayonun inkişafı üçündür.
Bax, bir gündə Şabranda qeyd olunan hadisələr onu göstərir ki, ölkəmiz nə qədər hərtərəfli inkişaf edir. Həm sosial layihələr, infrastruktur layihələri icra edilir, şəhər də abadlaşır, yeni parklar salınır. Mən buna çox sevinirəm, bunu təqdir edirəm. Hər bir yerdə, hər bir şəhərdə ictimai yerlər yaradılmalıdır - parklar, bağçalar, xiyabanlar ki, ictimaiyyət onlardan istifadə etsin və Şabranda da bu işlər gedir. Burada gələcəkdə diyarşünaslıq muzeyinin tikintisinə böyük ehtiyac vardır. Çünki Şabran qədim yaşayış yeridir, burada arxeoloji qazıntılar da aparılıb və aparılır. Çox qədim tarixə malik olan bir diyardır və mütləq müasir diyarşünaslıq muzeyi də yaradılmalıdır, bu gün müvafiq göstərişlər verilmişdir.
Bu gün sizinlə bərabər bu gözəl hadisəni qeyd edirik və bu hadisə münasibətilə sizi təbrik edirəm”.
* * *
Rayon sakini Ağaşirin Bağırov Azərbaycan Prezidenti İlham Əliyevə Şabran ictimaiyyəti adından minnətdarlığını bildirib.
Sonra Azərbaycan Prezidenti videoçarx və stendlər vasitəsilə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində Şabranda həyata keçirilən tədbirlərlə tanış olub.
Prezident ilham Əliyev yeni xətlə rayon mərkəzinə içməli suyun verilməsini bildirən düyməni basıb.
* * *
Şabran içməli su və kanalizasiya şəbəkəsinin açılışı münasibətilə rayonda Qurtuluş Parkı yaradılıb.
Mərasimdən sonra Prezident İlham Əliyev həmin parkla tanış olub. Bir hektar ərazidə orijinal layihə əsasında salınan park əhalinin ən çox üz tutacağı istirahət mərkəzlərindən biri olacaq. Burada quraşdırılan fəvvarə də orijinal layihəsi ilə fərqlənir. Əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmış parkda əhalinin yaşa görə bütün təbəqələrinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Parkın işıqlandırma sistemi də orijinallığı ilə seçilir.

Paylaş:
Baxılıb: 1869 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30