Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Anlaşma Memorandumunun taleyi təhlükədə...

Anlaşma Memorandumunun taleyi təhlükədə...

09.07.2026 [09:42]

ABŞ və İran arasında yenidən gərginliyin yaranması razılaşmaları sual altına qoyur

ABŞ-la İran arasında iyun ayında imzalanmış anlaşma memorandumunun taleyi sual altındadır. Buna səbəb Hörmüz boğazında üç kommersiya gəmisinə edilən hücum olub. Halbuki Dohada ABŞ və İran arasında keçirilən dolayı danışıqlardan sonra tərəflər nikbin bəyanat vermiş, birbaşa danışıqların isə Seyid Əli Xameneinin dəfn mərasimindən sonra baş tutacağı bəyan olunmuşdu. ABŞ Prezidenti Donald Tramp da vəziyyətdən məmnun görünürdü. O, bir neçə gün öncə CNBC telekanalına müsahibəsində bildirmişdi ki, ABŞ İranla danışıqlarda demək olar ki, bütün məqsədlərinə çatıb. Trampın sözlərinə görə, İran danışıqlar zamanı Amerikaya lazım olan hər şeyə razılıq verib. Ağ Ev rəhbəri İrana qarşı illərlə hərbi kampaniya aparmaq istəyinin olmadığını vurğulamışdı.

Tankerlərə hücuma görə İran günahlandırılır

Lakin iyulun 7-də Hörmüz boğazında üç kommersiya gəmisinin vurulması Trampın bu mövqeyinə təsir edib. Yeri gəlmişkən, Qətər və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmilərə edilən son hücumlara görə İranın məsuliyyət daşıdığını bəyan edib. Qətər Xarici İşlər Nazirliyi Tehrandan regional təhlükəsizliyə və beynəlxalq gəmiçiliyə təhdid yaradan hərəkətləri dayandırmağı tələb edib. Qurumun nümayəndəsi bildirib ki, İran baş verən hücumlar və onların mümkün nəticələrinə görə məsuliyyət daşıyır.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də analoji mövqe nümayiş etdirib. Tankerlərin ikisinin Qətər və Səudiyyə Ərəbistanına məxsus olduğu bildirilir.

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim əl-Bədivi isə İranın Səudiyyə Ərəbistanına məxsus “Vedyan” tankerini Hörmüz boğazından keçərkən hədəfə almasını kəskin şəkildə pisləyib. Baş katib insidenti beynəlxalq hüququn və beynəlxalq dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyinə dair qaydaların kobud şəkildə pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, bu hadisə İranın bölgədə təhlükəsizliyi pozmağa, qlobal enerji təhlükəsizliyini sarsıtmağa və beynəlxalq ticarətə təhdid yaratmağa yönəlmiş siyasətinin davamı kimi qiymətləndirilir: “Bu cür addımlar beynəlxalq qanunlara, norma və razılaşmalara ziddir”.

Baş katib, həmçinin Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu vurğulayıb və krallığın milli maraqlarını qorumaq məqsədilə həyata keçirdiyi bütün tədbirləri dəstəklədiklərini bəyan edib.

Tramp: Zənnimcə, İranla atəşkəs razılaşması bitdi

Tankerlərin hücuma məruz qalmasına cavab olaraq ABŞ qüvvələri İrana qarşı bir sıra güclü zərbələr endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb. Mərkəzi Komandanlıq qüvvələri iyulun 7-də zərbələr zamanı 80-dən çox hədəfi yüksək dəqiqlikli sursatlarla vurub. Məlumatda qeyd olunub ki, ABŞ qüvvələri İranın Hörmüz boğazında və ətrafında yerləşən hava hücumundan müdafiə sistemlərinə, idarəetmə şəbəkələrinə, sahil radar mərkəzlərinə, gəmi əleyhinə raket sistemlərinə və 60-dan çox kiçik qayığa zərbələr endirib. Məqsəd İranın beynəlxalq ticarət marşrutlarına hücum imkanlarını zəiflətmək olub. “İran bu yaxınlarda boğazdan keçən üç ticarət gəmisinə hücum edib. İran qüvvələrinin əsassız təcavüzü atəşkəsin açıq və təhlükəli şəkildə pozulmasıdır, həmçinin naviqasiya azadlığını təhdid edir. Mərkəzi Komandanlıq qüvvələri razılaşmaya əməl edilmədiyi təqdirdə, İranı məsuliyyətə cəlb etməyə hazırdır”, - deyə açıqlamada bildirilib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib. Məlumata görə, yeni əqdlər iyulun 7-dən qadağan edilib, köhnə əqdləri isə iyulun 17-dək başa çatdırmaq mümkündür.

Ankarada NATO-nun sammitində iştirak edən Prezident Donald Tramp isə İranla atəşkəs razılaşmasının bitdiyini bəyan edib. “Daha onlarla iş görmək istəmirəm. Zənnimcə, atəşkəs razılaşması bitdi”,-deyən Tramp İran məsələsində NATO müttəfiqlərinin köməyinə ehtiyaclarının olmadığını deyib: “NATO-dan məmnun deyiləm. Onlar bizə kömək etmədilər, amma bizim onların köməyinə ehtiyacımız da yox idi. Sadəcə, kömək edib-etməyəcəklərini yoxlayırdım”. İran böhranı barədə Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə müzakirə apardığını deyən Ağ Ev rəhbəri İspaniya ilə bağlı narazılığını ifadə edib: “Onlar pis tərəfdaşlardır. Biz onlarla hər şeyi, o cümlədən ticarəti dayandırdıq. İspaniya NATO tərkibində də heç bir işdə iştirak etmir. Biz onları daim qorumağa davam edə bilmərik. Mən hətta onlarla danışmıram da. Artıq İspaniya ilə işimiz yoxdur”.

Tehran: ABŞ-ın hücumları memorandumun müddəalarını etibarsızlaşdırır 

İran Xarici İşlər Nazirliyi isə bəyan edib ki, ABŞ-ın hücumu İslamabad Anlaşma Memorandumunun müddəalarının pozulmasıdır: “ABŞ-ın İranın cənub sahilində yerləşən bəzi monitorinq məntəqələrinə hücumları memorandumun birinci maddəsinin pozulmasıdır və onun əsas müddəalarını etibarsız edir. Amerikanın İrana təkrar hücumları, ABŞ Maliyyə Nazirliyinin İran neftinin satışına sanksiyaları ləğv etmək qərarını geri götürməsi, İranın Hörmüz boğazı ilə bağlı razılaşmaların pozulması və İsrailin Livana davamlı hücumları anlaşma memorandumunun əsas müddəalarını etibarsız edib”.

İran XİN-in bəyanatında artan gərginliyin nəticələrinə görə Vaşinqtonun məsuliyyət daşıyacağı vurğulanıb, həmçinin İranın ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün özünü müdafiə etməkdən çəkinməyəcəyi, hücumların mənşə nöqtələrini hədəf almağa davam edəcəyi qeyd edilib. Eyni zamanda, bəyanatda Körfəzin cənubundakı ölkələrə ABŞ tərəfindən İrana qarşı hücumlar üçün ərazilərinin istifadəsinə icazə verməmək üzrə beynəlxalq öhdəlikləri xatırladılıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-ın zərbələrinə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən Amerika hərbi obyektlərinə hücumlar həyata keçirdiyini bəyan edib. İran dövlət televiziyasının məlumata görə, cavab əməliyyatının ilk mərhələsində raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə Bəhreyn və Küveytdə yerləşən ABŞ-a məxsus 85 əsas hərbi obyekt hədəfə alınıb. Əməliyyatda SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələri iştirak edib. Məlumatda, həmçinin ABŞ-a məxsus “MQ-9” tipli bir pilotsuz uçuş aparatının vurulduğu iddia olunub.

Gərginliyin artması fonunda CNN telekanalı ABŞ rəsmisinə istinadla Amerika hərbi qüvvələrinin İrana qarşı hücumlarının bir müddət davam edəcəyini bildirib. Mənbənin sözlərinə görə, ABŞ-ın həyata keçirdiyi zərbələr “mütənasib cavab” deyil, “cəza tədbiri” xarakteri daşıyır. O qeyd edib ki, əməliyyatlar müəyyən müddət davam edəcək.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31