Beynəlxalq ictimaiyyət narahatdır
16.01.2026 [09:55]
İrandakı gərginliyin idarəolunmaz hala gəlməsi region üçün riskli ola bilər
İranda etiraz aksiyaları və iğtişaşlar davam edir. Buna səbəb dolların bahalaşması fonunda milli valyutanın ucuzlaşmasıdır. Bu da əhalinin sosial durumuna ciddi təsir edir. Əvvəlki aylarda artan böhran yeni ildə daha da dərinləşib. Xatırladaq ki, İranda İsraillə 12 günlük savaşdan sonra iqtisadi vəziyyət gərginləşib. Digər səbəb müharibəyə görə nüvə proqramı ilə bağlı İran-ABŞ danışıqlarının dayandırılmasıdır. Belə ki, bundan sonra Tehran Qərbin sanksiyaları ilə daha çox üzləşir. Bütün bunların fonunda ötən il dekabrın 28-də İranda, xüsusən də paytaxt Tehranda sahibkarların etiraz aksiyası başlayıb və güclənən nümayişlər davam edir. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalarda ölən və yaralananların sayı artmaqdadır.
ABŞ hansı variantı seçir?
İran hakimiyyəti də ölkədə sosial-iqtisadi tənəzzülü etiraf edib və nümayişçilərlə dialoq aparıb. Bir neçə gün öncə Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb. Lakin bu görüş etiraz aksiyalarını dayandıra bilməyib. Hazırda gündəmin əsas mövzusu ABŞ-ın İrana hərbi müdaxilə edib-etməyəcəyidir. “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb ki, Donald Tramp İranla fikir ayrılıqlarını aradan qaldırmaq üçün diplomatik variantları nəzərdən keçirir. Bununla belə, mənbələrin bildirdiyinə görə, Amerika lideri hələ də İrana zərbə endirilməsi ehtimalından imtina etməyib. ABŞ rəsmilərinin sözlərinə görə, mümkün zərbə Vaşinqtonun vəziyyətdən narazı olduğunu göstərən “mesajın çatdırılması” məqsədi daşıyır və İranda hakimiyyət dəyişikliyinə yönəlməyib.
Ağ Evin mətbuat katibi Kerolin Levitt yanvarın 12-də jurnalistlərə bildirmişdi ki, İran tərəfi ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffla əlaqə saxlayıb: “Mənim başa düşdüyümə görə, Stiven Vitkoff İranla bağlı diplomatik əlaqələrdə çox mühüm rol oynayacaq”.
Britaniya Tehrandakı səfirliyini bağlayıb
“NBC” telekanalı isə xəbər verib ki, İsrail və bir neçə ərəb ölkəsi ABŞ-dan İrana hücumları hələlik təxirə salmasını xahiş edib. Məlumata görə, həmin ölkələrin nümayəndələri hesab edirlər ki, İran ABŞ zərbələrinin ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq qədər zəifləməyib. Onlar, həmçinin Ağ Evə genişmiqyaslı zərbələri İranda vəziyyət daha da gərginləşənədək təxirə salmağı təklif ediblər. Bütün bunlar yanvarın 13-də Ağ Evdə ABŞ-ın İrandakı vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub.
Donald Tramp milli təhlükəsizlik komandasına bildirib ki, İrana qarşı istənilən mümkün hərbi əməliyyatlar “sürətli və qətiyyətli” olmalıdır. Məlumata görə, Ağ Evin rəhbəri həftələr və ya aylarla davam edə biləcək uzunmüddətli münaqişə istəmir. Mənbələr qeyd edir ki, Pentaqon ABŞ-ın İrandakı vəziyyətə hərbi müdaxiləsi üçün bir neçə variant hazırlayıb. Lakin Donald Trampın müşavirləri ABŞ-ın hücumundan sonra İranda hakimiyyətin sürətlə çökəcəyinə hələ zəmanət verə bilməyiblər. ABŞ administrasiyası İranın mümkün cavabından qorunmaq üçün Vaşinqtonun regionda kifayət qədər resursunun olmamasından ehtiyatlanır. Ona görə də, Prezident İranda daha məhdud hərbi əməliyyatla bağlı qərar qəbul edə bilər.
Bu arada ABŞ hakimiyyəti İranda davam edən iğtişaşlar səbəbindən amerikalıları təcili olaraq bu ölkəni tərk etməyə çağırıb. İrandakı “virtual” ABŞ səfirliyi amerikalıları uzunmüddətli internet kəsintilərinə hazır olmağa, alternativ rabitə planları qurmağa və mümkün olduğu halda İranı quru yolu ilə tərk etməyə, əks təqdirdə isə təhlükəsiz yer tapmağa, həmçinin qida, su, dərman və digər zəruri əşyalardan ehtiyat yaratmağa çağırıb. Sənəddə vurğulanır ki, “ABŞ vətəndaşları İranda dindirilmə və həbs riski altındadırlar”.
Böyük Britaniya hökuməti isə regionda gərginliyin artması fonunda İrandakı səfirliyinin müvəqqəti bağlanmasına qərar verib. “The Independent” xəbər verir ki, qərar İran rəhbərliyinin ABŞ Prezidenti Donald Trampın mümkün hərbi zərbələrinə cavab olaraq regiondakı Amerika hədəflərini vuracağı ilə bağlı xəbərdarlıqlarından sonra verilib. Böyük Britaniya, həmçinin Qətərdə yerləşən və regionun ən böyük Amerika hərbi bazası olan Əl-Udeyd aviabazasından bəzi hərbçilərini geri çağırıb.
Ankaranın vasitəçiliyi tərəflər arasında gərginliyi yatıra bilər
Təbii ki, mövcud gərginlik, hərbi qarşıdurma region ölkələri üçün də risklidir. Bu səbəbdən regionun güclü dövlətlərindən biri olan Türkiyə hesab edir ki, İranın regionu riskə atacaq hadisələrdən qaçması önəmlidir. Xarici işlər naziri Hakan Fidan qeyd edib ki, regionda keçmişdən qalan çoxsaylı problemlər var: “Bunlardan biri də İranın uzun illər məruz qaldığı sanksiyalardır. Bizim sərhəd qonşumuzla yüz illərə söykənən tarixi əlaqəmiz var. Ona görə də İrandakı hadisələri yaxından izləyirik. Təhlükəsizliyin təmini üçün problemlərin dialoq yolu ilə həllinin tərəfdarıyam. Ona görə də diplomatik səylərimizi davam etdirəcəyik. Ümid edirəm ki, ABŞ və İran aralarındakı məsələni danışıq yolu ilə həll edəcəklər”.
Əlbəttə, hazırkı şəraitdə ABŞ və İran üçün ən uyğun vasitəçi Ankara ola bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə davamlı telefon danışığı aparması, eyni zamanda, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul etməsi bunun göstəricisidir. Bütün bunların fonunda ehtimal etmək olar ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyat aparması ən son variantdır. Çünki bu, mövcud şəraitdə tətbiqdən daha çox, çəkindirici taktika kimi daha çox səmərə verə bilər. Bu baxımdan, yaxın zamanlarda Türkiyənin tərəflərin görüşünə ev sahibliyi etməsi də istisna deyil.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

