2025-ci ilin yekunları: dəyişən dünya nizamının konturları
31.12.2025 [09:30]
Qlobal diplomatiyanın yenidən “oyandığı” ili arxada qoyuruq...
2025-ci il dünya tarixində ziddiyyətli, lakin bir o qədər də dönüş nöqtəsi olan hadisələrlə yadda qaldı. “İlan ili”nə daxil olarkən planetin müxtəlif nöqtələrində qanlı müharibələr davam edir, böyük güclər arasında kəskin rəqabət hökm sürür, beynəlxalq sistem isə dərin etimad böhranı yaşayırdı. 2024-cü ilin sonlarında formalaşan xaotik mənzərə qlobal təhlükəsizlik arxitekturasının iflasa uğradığını açıq şəkildə göstərirdi.
Lakin 2025-ci il gözlənilməz şəkildə yeni bir mərhələnin əsasını qoydu. Bu il dünya üçün təkcə müharibələrin statistikası ilə deyil, eyni zamanda diplomatik manevrlərin intensivləşməsi, iqtisadi prioritetlərin dəyişməsi və regional güclərin fəallaşması ilə xarakterizə olundu. Bir çox münaqişə zonasında silahların susdurulması, tərəflər arasında dialoq kanallarının açılması və yeni əməkdaşlıq formatlarının ortaya çıxması məhz 2025-ci ilin əsas xüsusiyyəti oldu.
Bu dəyişikliklərin mərkəzində isə ABŞ-da siyasi hakimiyyətin dəyişməsi, Donald Trampın yenidən prezident postuna qayıdışı və onun qlobal siyasətə gətirdiyi sərt, lakin praqmatik yanaşma dayanırdı. Eyni zamanda Yaxın Şərqdə, Avropada, Asiyada və Afrikada baş verən proseslər qlobal güc balansının tədricən yenidən formalaşdığını göstərdi. Azərbaycan isə bu proseslərdə təkcə regional deyil, artıq qlobal miqyasda mühüm aktor kimi çıxış edərək bir sıra istiqamətlərdə təşəbbüskar mövqe nümayiş etdirdi.
“Birinci Amerika”: qlobal siyasi iqlimin dəyişməsi...
Sözsüz ki, 2025-ci ilin ən mühüm siyasi hadisəsi, Donald Trampın yenidən ABŞ Prezidenti kimi fəaliyyətə başlaması oldu. Hətta Trampın gəlişinin 2025-ci ili qlobal sistem üçün “yenidən dizayn etdiyini” iddia edənlər belə var. Co Bayden administrasiyasının zəif və qeyri-müəyyən xarici siyasət kursundan sonra Trampın Ağ Evə qayıdışı Vaşinqtonun həm daxili, həm də beynəlxalq siyasətində kəskin dönüş yaratdı. Tramp ilk aylardan etibarən ABŞ-ın prioritetlərini açıq və sərt şəkildə bəyan etdi: Amerika üçün əsas məqsəd qlobal ideoloji liderlik deyil, iqtisadi üstünlük və milli maraqların maksimum qorunmasıdır.
Yeni tarif islahatları, daxili sərt iqtisadi-siyasi tədbirlər və beynəlxalq ticarət sisteminə yenidən baxış Trampın dünyaya verdiyi əsas mesaj idi - Tramp faktiki olaraq dünya ölkələrinə belə bir mesaj göndərdi: bundan sonra rəqabət tanklar və raketlər üzərindən deyil, ticarət balansları, enerji marşrutları və texnoloji üstünlüklər üzərindən aparılacaq.
Bu siyasət faktiki olaraq göstərdi ki, ABŞ bundan sonra rəqabəti hərbi-siyasi müstəvidən, ən əsası fərqli yollarla daxili siyasət arenasına müdaxilə formatından çıxararaq daha çox iqtisadi platformada aparmaq niyyətindədir. Beləliklə, yeni administrasiyanın əsas istiqamətlərindən biri qlobal iqtisadi münasibətlərin yenidən dizaynı oldu. “Ənənəvi dost” və “ənənəvi düşmən” anlayışları aktuallığını itirdi, yerini situativ tərəfdaşlıq və praqmatik əməkdaşlıq aldı. Şüar isə “birinci Amerika” kimi müəyyənləşdi.
Tramp administrasiyasının ən çox rezonans doğuran addımlarından biri Qrenlandiya ilə bağlı məsələ oldu. ABŞ prezidenti bu mövzunu təkcə simvolik deyil, real strateji hədəf kimi gündəmə gətirdi. İl ərzində Qrenlandiyanın ABŞ-a inteqrasiyası istiqamətində diplomatik, iqtisadi və siyasi səylər artırıldı, ilin sonunda isə xüsusi elçinin təyin olunması Vaşinqtonun bu məsələdə nə qədər ciddi olduğunu nümayiş etdirdi. Bu addım ABŞ-ın Arktika bölgəsində uzunmüddətli geosiyasi planlarının tərkib hissəsi kimi dəyərləndirildi.
Trampın sülh üzərində qurulan siyasəti
2025-ci ilin qlobal gündəminin yekunlarını dəyərləndirərkən Donald Trampın sülh təşəbbüsləri xüsusilə diqqəti cəlb edir. Son 11 ay ərzində Tramp administrasiyası beynəlxalq münaqişələrin həlli istiqamətində fəal və bəzən qeyri-ənənəvi diplomatik xətt yürüdüb. Bu təmaslardakı yanaşma isə klassik çoxpilləli diplomatiyadan fərqli olaraq, birbaşa, açıq mesajlara və sürətli qərarlara əsaslanırdı. Tramp faktiki olaraq “sülh məhvəri” üzərində qurulmuş yeni bir xarici siyasət modeli formalaşdırdı. Bu modeldə əsas məqsəd müharibələri uzatmaq deyil, onları mümkün qədər tez iqtisadi razılaşmalarla əvəzləməkdir. Məhz bu yanaşma 2025-ci ilin qlobal siyasi gündəmində Tramp faktorunu həlledici elementə çevirdi.
Bu yanaşma bir çox hallarda effektiv nəticə verdi. Trampın vasitəçiliyi ilə müxtəlif regionlarda gərginliyin azalması, atəşkəslərin əldə olunması və siyasi dialoqun bərpası mümkün oldu. Beynəlxalq müşahidəçilərin fikrincə, 2025-ci ildə Trampın təşəbbüsləri nəticəsində azı 8 münaqişənin aktiv fazasının dayandırılması təmin edilib. Bu isə ABŞ Prezidentinin qlobal təhlükəsizlik arxitekturasına real töhfə verdiyini göstərir.
Əsas məqam isə ondan ibarət idi ki, Tramp bütün konfitaloji qarşıdurmalara son qoyarkən sülhü ideoloji deyil, iqtisadi və təhlükəsizlik maraqları prizmasından təqdim edib - həmin regionların təhlükəsizlik xəritəsini belə yenidən “cızıb”. Hətta bir çox politoloqlar Trampın “sülhpərvər missiyası”nı Amerikaya xidmət adlandırırdılar - iddia olunurdu ki, münaqişələrin davam etməsi ABŞ iqtisadiyyatı və qlobal bazarlar üçün risk mənbəyi olduğu üçün Tramp il ərzində qollarını çırmayıb bütün dünyada sülh üçün səy göstərib. Bu baxımdan 2025-ci il Trampın siyasi portretində hətta “sülhə doğru yol alan lider” obrazını daha da gücləndirdi.
Yaxın və Orta Şərq: bölgənin yeni siyasi dizaynı...
2025-ci il Yaxın və Orta Şərq üçün də tarixi dönüş mərhələsi oldu. 2024-cü ilin sonunda Suriyada Əsəd rejiminin süqutu regionda illərlə davam edən geosiyasi balansı dəyişdi. Suriyada müharibənin aktiv fazasının başa çatması yalnız bu ölkə üçün deyil, bütövlükdə Yaxın Şərq üçün yeni perspektivlər açdı. Uzun müddət xaos və qarşıdurma ilə assosiasiya olunan region tədricən sabitlik və bərpa mərhələsinə qədəm qoydu. Silahlı qarşıdurmaların azalması və siyasi keçid prosesinin başlaması Yaxın Şərqin gələcəyi üçün ümidverici siqnal oldu.
Suriyada yaranan yeni vəziyyət İsrail-Suriya münasibətlərinə də təsir göstərdi. Hərçənd tərəflər arasında tam normallaşmadan danışmaq tezdir, lakin gərginliyin azalması və təmasların artması region üçün müsbət siqnal oldu. Bu prosesdə Azərbaycanın rolu xüsusi qeyd edilməlidir. Bakı balanslaşdırılmış xarici siyasəti və etimad yaradan diplomatik təşəbbüsləri ilə tərəflər arasında dialoqun qurulmasına töhfə verdi. Azərbaycan Yaxın Şərqdə yeni siyasi reallıqların formalaşmasında neytral və etibarlı vasitəçi kimi qəbul olundu.
Bu mənada Yaxın və Orta Şərqdə 2025-ci il daha çox “postmünaqişə dövrünə keçid” ili kimi xarakterizə oluna bilər. Regionda prioritetlər tədricən təhlükəsizlikdən iqtisadi bərpa və əməkdaşlığa doğru yönəlməyə başladı. Təhlükəsizlik məsələləri hələ də aktual olsa da, əsas diqqət iqtisadi bərpa, enerji layihələri və regional əməkdaşlıq imkanlarına yönəldi. Bu da göstərdi ki, region uzunmüddətli müharibələrdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyur.
Qəzzada sabitlik və beynəlxalq vasitəçilik modeli
2025-ci ildə Yaxın Şərqin ən həssas problemlərindən biri olan Qəzza məsələsində ciddi irəliləyiş əldə olundu. Donald Trampın səyi ilə ortaya qoyulan sülh təşəbbüsləri sülh planını reallaşdırdı. Oktyabrın 13-də isə Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti uzun müddət davam edən diplomatik səylərin nəticəsi kimi yaddaşlara həkk olundu - ən diqqətçəkən məqam ondan ibarət idi ki, sülh sazişi birbaşa münaqişə tərəfləri olmadan, dörd əsas vasitəçi ölkə tərəfindən imzalandı. Həll planı 3 mərhələdən ibarət idi ki, artıq bu mərhələlər aktiv şəkildə bir -birini əvəz etməkdədir. Noyabrda BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın qətnaməsini qəbul edib. ABŞ tərəfindən təqdim edilən mətndə İsrail və Misirlə əməkdaşlıq edəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi və orada keçid idarəetməsinin qurulması üçün mandatın verilməsi qeyd olunur. Bu isə prosesin hüquqi və institusional əsaslarını möhkəmləndirdi. HƏMAS-ın müəyyən şərtlər daxilində silahları təhvil verməyə hazır olduğunu bəyan etməsi isə vəziyyətin hərbi müstəvidən siyasi mərhələyə keçdiyini göstərdi. 2025-ci il Qəzza üçün münaqişədən çıxış modelinin formalaşdığı il oldu.
ABŞ Prezidenti Donald Trampın prosesə şəxsi nəzarəti və siyasi iradəsi bu razılaşmanın əldə olunmasında həlledici rol oynadı. Onun əvvəlcə İsrailə səfəri, daha sonra Misirdə keçirilən sammitdə liderlər qarşısında sülh planını təqdim etməsi beynəlxalq ictimaiyyətə açıq mesaj idi: Vaşinqton Qəzza probleminin həllində liderlik rolunu üzərinə götürür.
Ukrayna-Rusiya müharibəsi: yorğunluq və dialoq mərhələsi
Artıq dördüncü ilinə yaxınlaşan Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə də qlobal təhlükəsizliyə ciddi təhdid olaraq qaldı. Müharibənin miqyası və insan itkiləri bu qarşıdurmanın nə qədər dağıdıcı olduğunu bir daha nümayiş etdirdi. Müxtəlif beynəlxalq mənbələrə görə, təkcə 2025-ci ildə Rusiyanın 158 mindən artıq hərbçisi həlak olub, ümumi itkilər isə 1,2 milyonu keçib. Ukrayna tərəfinin itkiləri ilə bağlı rəsmi statistika açıqlanmasa da, qeyri-rəsmi mənbələrdə bu rəqəmlərin yüz minlərlə ifadə olunduğu bildirilir. Bir çox mənbələr isə Ukraynanın ümumi itki sayının Rusiyanı üstələdiyini yazırlar.
Lakin 2025-ci ili əvvəlki illərdən fərqləndirən əsas cəhət müharibə yorğunluğunun açıq şəkildə hiss olunması oldu. Həm Moskva, həm də Kiyev üçün uzunmüddətli hərbi qarşıdurmanın davam etdirilməsi ciddi iqtisadi və sosial risklər yaratmağa başladı. Bu fonda diplomatik təmaslar intensivləşdi. Əbu-Dabi, İstanbul, Vaşinqton, Cenevrə və digər şəhərlərdə keçirilən görüşlər münaqişənin siyasi həllinə ümidləri artırdı.
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun fəallığı tərəflər arasında dialoqun qurulmasında mühüm rol oynadı. Artıq müəyyən texniki və humanitar razılaşmaların əldə olunması 2026-cı ildə müharibənin başa çatması ehtimalını real ssenariyə çevirir.
Avropa: parçalanma, böhran və yeni strategiya axtarışları...
2025-ci il Avropa üçün daxili ziddiyyətlərin dərinləşdiyi il oldu. Qərb koalisiyasının çat verməsi, ABŞ-la fikir ayrılıqları və Ukrayna müharibəsinə yanaşmada fərqli mövqelər Avropanın siyasi birliyini sınağa çəkdi. NATO-nun maliyyələşdirilməsi, təhlükəsizlik öhdəlikləri və Kiyevə yardım məsələsində Vaşinqtonla Brüssel arasında yaranan ziddiyyətlər açıq şəkildə üzə çıxdı.
ABŞ-ın qarşıdakı illər üçün strateji planlarında Avropaya prioritet yer verməməsi qitəni yeni reallıqla üz-üzə qoydu. Avropa ölkələri getdikcə daha çox öz təhlükəsizlik və müdafiə sistemlərini müstəqil şəkildə qurmaq zərurəti ilə qarşılaşırlar. Bu isə Avropa İttifaqı daxilində yeni doktrina və strategiyaların hazırlanmasını aktuallaşdırdı.
2025-ci il Avropa üçün həm böhran, həm də özünü yenidən dərk etmə ili oldu. Qitə artıq ABŞ-a tam arxalanmadan, öz resursları və imkanları hesabına gələcəyini planlaşdırmağa məcbur qalır. Aİ genişlənmə siyasətini “Avropanın dərinləşməsi” kimi təqdim etsə də, əslində bu, həm də geosiyasi məkanın yenidən dizaynıdır. Bunu Avropa rəsmiləri özləri də dolayısı ilə təsdiq edirlər - qarşıdakı illərdə genişlənmə “real imkan” kimi dəyərləndirilir. Lakin bu “imkan” yalnız siyasi deyil, həm də strateji və iqtisadi hesablamaların nəticəsidir. Görünən odur ki, Avropa İttifaqı genişlənmə ilə eyni zamanda özünü yenidən təsdiqləmək istəyir.
Asiya: yeni siyasi gündəm, yeni siyasi münasibətlər sistemi...
2025-ci ildə Asiya qitəsində nisbətən sabitlik hökm sürdü. Qlobal qarşıdurmalar fonunda xüsusilə Orta Asiya daha çox iqtisadi əməkdaşlıq və ticarət marşrutlarının genişləndirilməsi ilə gündəmə gəldi. Azərbaycanın təşəbbüsləri və liderliyi ilə irəli sürülən yeni iqtisadi strategiyalar regionu əsas tranzit və ticarət mərkəzlərindən birinə çevirdi. Zəngəzur dəhlizi (TRİPP) bu mənada xüsusi əhəmiyyət daşıdı və Şərq-Qərb əlaqələrinin güclənməsində əsas rol oynadı.
İl ərzində baş verən Pakistan-Hindistan qarşıdurması region üçün ciddi risk yaratsa da, ABŞ-ın aktiv müdaxiləsi ilə eskalasiyanın qarşısı alındı. Bu hadisə göstərdi ki, böyük münaqişələrin belə diplomatik yollarla həlli mümkündür. Asiya 2025-ci ildə qlobal sabitliyin əsas dayaqlarından biri kimi çıxış etdi.
Təəssüf ki, eyni fikirləri aylardır davam edən Pakistan - Əfqanıstan qarşıdurması haqqında demək olmadı - dekabrda İslamabad və Kabil arasında baş tutan sərhəd danışıqlarında razılaşma əldə olunmadı. Ər-Riyadda Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə keçirilən qapalı danışıqlar nəticəsiz qaldı.
Qlobal Cənub: yeni real güc...
2025-ci il Afrika qitəsində neokolonializmə qarşı mübarizənin yeni mərhələyə keçdiyi il kimi yadda qaldı. Fransa, Belçika və digər keçmiş müstəmləkəçi dövlətlərin siyasi və iqtisadi təsirinə qarşı çıxan Afrika ölkələri daha müstəqil qərarlar qəbul etməyə başladılar. Daha çox Əlcəzair, Ruanda, Konqo kimi dövlətlər bu mübarizədə ön plana çıxdılar. Bu proses yalnız siyasi deyil, eyni zamanda iqtisadi suverenliyin bərpası baxımından da əhəmiyyətli oldu. Azərbaycanın təşəbbüsləri, xüsusilə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Afrika ölkələri üçün alternativ əməkdaşlıq modeli təqdim etdi. Bakı Afrika dövlətlərinin beynəlxalq arenada səsinin eşidilməsinə töhfə verən etibarlı tərəfdaş kimi qəbul olundu.
2025-ci ildə ümumən Qlobal Cənub anlayışı real gücə çevrildi. İnkişaf etməkdə olan ölkələr artıq beynəlxalq proseslərin passiv iştirakçısı deyil, yeni dünya nizamının formalaşmasında aktiv rol oynayan aktorlardır. Azərbaycan bu platformanın güclənməsində xüsusi fəallıq göstərən dövlətlərdən biri oldu.
Qlobal Cənub ölkələrinin iqtisadi potensialı, demoqrafik üstünlükləri və resursları beynəlxalq balansı dəyişməyə başladı. 2025-ci il bu prosesin əsaslarının qoyulduğu və gələcək onilliklər üçün yeni güc mərkəzlərinin formalaşdığı il kimi tarixə düşdü.
Güc siyasətindən rasional dialoqa gedən “yol”
Beləliklə, 2025-ci il qlobal miqyasda daha çox qarşıdurmaların dayandırılması, diplomatiyanın yenidən ön plana çıxması və yeni siyasi-iqtisadi balansların formalaşması ilə yadda qaldı. Dünya hələ də risklərlə doludur, lakin bu il göstərdi ki, rasional siyasət və əməkdaşlıq müharibəni əvəz edə bilər.
2026-cı ilin daha az münaqişə, daha çox dialoq və sabitlik ili olacağına ümidlər artıb. Qlobal sistem yeni mərhələyə qədəm qoyur və bu mərhələdə sülh artıq seçim deyil, zərurət kimi qəbul olunur. Qarşıdan gələn il dünyanın bütün xalqları üçün sülh və əmin-amanlıq gətirsin.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
31 Dekabr 18:26
Dünya
31 Dekabr 17:30
Maraqlı
31 Dekabr 16:22
Hadisə
31 Dekabr 15:57
Dünya
31 Dekabr 15:39
Dünya
31 Dekabr 14:42
Dünya
31 Dekabr 14:18
Dünya
31 Dekabr 13:49
Dünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49

