Yeni Azərbaycan Partiyasının (YAP) 2015-ci il parlament seçkilərində irəli sürdüyü namizədlərin seçicilərlə görüşləri davam edir. Partiyanın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizədi Tahir Mirkişilinin şəhərin 2-ci mikrorayonunun və 34-cü məhəllənin seçiciləri ilə keçirilən görüşündə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurlarından danışıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi-siyasi kurs bütünlüklə ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində də yüksək inkişaf səviyyəsinin əldə edilməsinə imkan verib.
Daha sonra çıxış edən T.Mirkişilinin vəkilləri seçiciləri YAP-ın irəli sürdüyü namizədlərə səs verməyə çağırıblar.
Çıxış edən YAP-ın 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən namizədi Tahir Mirkişili ona böyük etimad göstərərək, namizədliyini irəli sürən YAP rəhbərliyinə minnətdarlığını bildirib. Respublikamızın dinamik inkişafından bəhs edən T.Mirkişili bildirib ki, Azərbaycan Prezidentinə və Onun apardığı siyasətə xalqın inamı və dəstəyi sayəsində mühüm uğurlar əldə edilib: “Əminəm ki, bu seçkilərdə də xalqımız yeni hədəflərə doğru irəliləyən YAP-a böyük dəstək verəcək. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır”.
Tədbirdə çıxış edən seçicilər də noyabrın 1-də YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Pərviz