Azərbaycan-Böyük Britaniya münasibətləri yeni müstəvidə

Azərbaycan-Böyük Britaniya münasibətləri yeni müstəvidə

 

 

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illərdir siyasi, iqtisadi və diplomatik əməkdaşlıq əsasında inkişaf edir. Bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması mühüm əhəmiyyət daşıyır. 12 noyabr 2026-cı ildə Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan sənəd iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edir.

Bəyannamənin əsas məqsədi qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında ikitərəfli münasibətləri inkişaf etdirməkdir. Sənəddə BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət xüsusi vurğulanır. Bu yanaşma iki ölkənin beynəlxalq münasibətlərdə əməkdaşlığa verdiyi əhəmiyyəti göstərir.

Birgə Bəyannamədə üç əsas istiqamət müəyyən edilmişdir: müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya. Müdafiə və təhlükəsizlik sahəsində tərəflər təcrübə mübadiləsini, birgə təlimləri və hüquq-mühafizə orqanları arasında əməkdaşlığı genişləndirməyi nəzərdə tuturlar. Eyni zamanda, regional sabitliyin qorunması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində səylər də sənəddə diqqət mərkəzindədir.

İqtisadi əməkdaşlıq Bəyannamənin digər mühüm istiqamətidir. Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, bərpaolunan enerji layihələrinin inkişafı və nəqliyyat-logistika imkanlarının artırılması nəzərdə tutulur. Xüsusilə, Orta Dəhlizin inkişafı hər iki ölkə üçün yeni iqtisadi perspektivlər yaradır.

Sənəddə təhsil, elm və innovasiya sahələrinə də xüsusi yer ayrılmışdır. Universitetlər və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, rəqəmsal bacarıqların artırılması, süni intellekt və yeni texnologiyalar sahəsində təcrübə mübadiləsi əsas hədəflərdəndir. Bu istiqamətlər gənclərin bilik və bacarıqlarının inkişafına, insan kapitalının gücləndirilməsinə xidmət edir.

Bəyannamənin mühüm cəhətlərindən biri də əməkdaşlığın davamlılığını təmin etmək üçün hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulmasıdır. Bu görüşlər vasitəsilə görülən işlər qiymətləndiriləcək və gələcək əməkdaşlıq prioritetləri müəyyənləşdiriləcəkdir.

Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərinin inkişafında mühüm addımdır. Sənəd siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə yeni imkanlar yaradır. Bu tərəfdaşlığın gələcək uğuru isə razılaşdırılmış məqsədlərin konkret layihələr və praktiki nəticələrlə həyata keçirilməsindən asılı olacaqdır.

 

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini