1990-cı illərin başlanğıcında ölkəmizi bürüyən siyasi böhran, idarəolunmazlıq və hüquqi vakuum şəraitində isə dövlətin varlığını xilas etmək üçün köklü hüquqi bazanın yaradılması həyati zərurətə çevrilmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə nizam-intizamı bərpa etdi və şəxsi rəhbərliyi altında fəaliyyət göstərən Konstitusiya Komissiyası vasitəsilə Əsas Qanunun layihəsini ərsəyə gətirdi. Noyabrın 27-də qüvvəyə minən Konstitusiyamız müasir Azərbaycanın inkişaf istiqamətini dəqiq müəyyənləşdirdi. Bu tarixi hadisənin mahiyyətini əbədiləşdirmək üçün Ümummilli Lider 1995-ci il dekabrın 15-də Fərman verərək 12 Noyabrı Konstitusiya Günü elan etdi, 1996-cı il noyabrın 1-də imzalanan növbəti sənədlə isə bu günün hər il təntənəli şəkildə qeyd olunması rəsmiləşdirildi. Konstitusiyamızın ən ali üstünlüyü ondadır ki, onun mərkəzində bilavasitə İnsan və onun hüquqları dayanır. Sənədin 48 maddəsi tamamilə vətəndaşların hüquq və təminatlarına həsr olunub. Fikir, vicdan və söz azadlığı, mülkiyyət toxunulmazlığı, habelə hər bir şəxsin qanun qarşısında bərabərliyi dövlətimizin ali məqsədi kimi təsbit edilib. 1998-ci ildən fəaliyyətə başlayan Konstitusiya Məhkəməsi isə bu prinsiplərin etibarlı keşikçisinə çevrilib. Zamanın tələblərinə uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsvermələri idarəetmə sistemini daha da təkmilləşdirib, xüsusilə 2016-cı ildə Birinci vitse-prezidentlik institutunun təsisi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələ açıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 2020-ci ilin 44 günlük Zəfəri və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bununla da Əsas Qanunumuzun hüquqi qüvvəsi Xankəndidə, Şuşada, Laçında ölkəmizin hər bir qarışında tam bərqərar edildi. Tarixi Qələbələrimiz və Konstitusiyamızın 30 illik yubileyinin şərəfinə Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu gün müstəqil, qalib və suveren Azərbaycanın vətəndaşları olaraq Əsas Qanunumuzun ruhuna sədaqətlə xidmət etmək, qanunun aliliyini uca tutmaq hər birimizin müqəddəs borcudur.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi