Konstitusiya – Azərbaycanın müstəqillik iradəsinin hüquqi ifadəsi

Konstitusiya – Azərbaycanın müstəqillik iradəsinin hüquqi ifadəsi

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlətçilik fəlsəfəsini, milli maraqlarını və gələcək inkişaf istiqamətlərini özündə birləşdirən fundamental sənəddir. 12 Noyabr – Konstitusiya Günü münasibətilə bu mühüm tarixi hadisənin əhəmiyyətinə nəzər salarkən, ilk növbədə müstəqil Azərbaycanın hüquqi əsaslarının yaradılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmək lazımdır. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik idarəçilik sisteminin qurulması və cəmiyyətin hüquqi əsaslar üzərində inkişafı üçün mühüm mərhələ oldu. Həmin dövrdə ölkənin gələcəyini müəyyən edən belə bir sənədin hazırlanması böyük siyasi məsuliyyət və dövlətçilik təfəkkürü tələb edirdi.
Ulu Öndər Heydər Əliyev bu vəzifəni uğurla yerinə yetirərək Azərbaycan xalqının iradəsini, milli ənənələrini və müasir dünyanın hüquqi prinsiplərini bir araya gətirdi.Əsas Qanunumuzun əhəmiyyəti onun yalnız dövlət qurumlarının fəaliyyətini tənzimləməsi ilə məhdudlaşmır. Konstitusiya hər bir vətəndaşın hüquqlarının müdafiəsini, azadlıqlarının təmin olunmasını, cəmiyyətdə ədalət və bərabərlik prinsiplərinin qorunmasını nəzərdə tutur. Bu sənəd dövlətin vətəndaş qarşısında məsuliyyətini, eyni zamanda hər bir insanın cəmiyyət və dövlət qarşısındakı vəzifələrini müəyyənləşdirir. Məhz bu baxımdan Konstitusiya hüquqi sənəd olmaqla yanaşı, həm də dövlətlə xalq arasında münasibətlərin əsasını təşkil edən mühüm ictimai razılaşmadır.Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu Konstitusiyada təsbit edilmiş müstəqillik və suverenlik prinsiplərinin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırıb. Bu gün Azərbaycan öz qərarlarını müstəqil şəkildə qəbul edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlərdə etibarlı mövqeyə malik olan dövlətdir. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastruktur layihələrinin həyata keçirilməsi də dövlətimizin gələcəyə hesablanmış siyasətinin nəticəsidir.
Müasir dövrdə hüquqi dövlət quruculuğunun davam etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və vətəndaşların hüquqi maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Konstitusiyanın gücü yalnız onun müddəalarında deyil, bu müddəaların cəmiyyət həyatında necə qorunmasında və tətbiq edilməsində özünü göstərir. Hər bir vətəndaşın qanunlara hörmətlə yanaşması, hüquq və vəzifələrini bilməsi dövlətin möhkəmlənməsinə xidmət edir.
12 Noyabr bu mənada yalnız tarixi bir gün deyil, həm də müstəqil dövlətimizin hüquqi dəyərlərinə bağlılığımızı nümayiş etdirən əlamətdar tarixdir. Konstitusiyamız Azərbaycanın dünənini, bu gününü və sabaha yönələn inkişaf yolunu birləşdirən, dövlətçilik irsimizin qorunmasına xidmət edən ən mühüm hüquqi dayaqlardan biridir.

Səkinə Baxışzadə

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi