12 Noyabr – Konstitusiya Günü: Heydər Əliyevin dövlətçilik ideyası, İlham Əliyevin suverenlik siyasəti və müstəqil Azərbaycanın hüquqi təməli

12 Noyabr – Konstitusiya Günü: Heydər Əliyevin dövlətçilik ideyası, İlham Əliyevin suverenlik siyasəti və müstəqil Azərbaycanın hüquqi təməli

Azərbaycan tarixində elə mühüm günlər vardır ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, xalqın dövlətçilik iradəsinin, milli kimliyinin və gələcəyə yönəlmiş strateji baxışının təcəssümü kimi dəyərləndirilməlidir. 12 Noyabr – Konstitusiya Günü də məhz belə tarixi əhəmiyyətə malik günlərdəndir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin hüquqi dövlət quruculuğu tarixində yeni mərhələnin əsasını qoydu. Bu hadisə müstəqilliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət hakimiyyətinin təşkili, insan hüquq və azadlıqlarının qorunması baxımından fundamental əhəmiyyət daşıyırdı.

Heydər Əliyev və Azərbaycan Konstitusiyasının tarixi missiyası

Azərbaycan Respublikasının müasir Konstitusiyasının hazırlanması və qəbul edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Heydər Əliyevin sədrliyi altında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Ulu Öndər layihənin hazırlanmasına şəxsən rəhbərlik edir, hər bir müddəanın müzakirəsində iştirak edir, ictimaiyyətin təkliflərinin nəzərə alınmasına xüsusi diqqət yetirirdi.

Heydər Əliyevin Konstitusiya ilə bağlı əsas dövlətçilik yanaşması Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter daşıması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təmin edilməsi idi. O, Konstitusiyanı yalnız dövlət idarəçiliyini tənzimləyən sənəd deyil, müstəqil Azərbaycanın gələcəyini müəyyən edən fundamental hüquqi akt kimi qiymətləndirirdi.

Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Konstitusiya layihəsi geniş ictimai müzakirələrə təqdim edildi. Nəticədə 12 noyabr 1995-ci ildə xalqın iradəsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu sənəd dövlət müstəqilliyinin hüquqi təminatına, milli dövlətçilik ənənələrinin müasir hüquq prinsipləri əsasında inkişafına mühüm zəmin yaratdı.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsində qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, milli maraqların qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi əsas yer tuturdu. Onun müəyyən etdiyi bu hüquqi və siyasi istiqamət sonrakı dövrdə Azərbaycanın inkişaf strategiyasının mühüm dayaqlarından birinə çevrildi.

İlham Əliyev və Konstitusiya ilə suverenliyin yeni tarixi mərhələsi

Azərbaycan dövlətçiliyinin inkişafında Konstitusiyanın müəyyən etdiyi prinsiplərin qorunması və həyata keçirilməsi sonrakı illərdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması məsələsi tarixi əhəmiyyətli mərhələyə qədəm qoydu.

2020-ci il Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bununla da Konstitusiyanın hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin olunması üçün yeni reallıq yarandı.

Prezident İlham Əliyev 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etdi.

Bu qərar 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində tarixi Qələbənin isə 5-ci ildönümünün tamam olması ilə xüsusi məna daşıyırdı. Beləliklə, “Konstitusiya və Suverenlik İli” müstəqillik tariximizin iki mühüm istiqamətini – hüquqi dövlət quruculuğunu və milli suverenliyin tam bərpasını vahid dövlətçilik məfkurəsi ətrafında birləşdirdi.

Konstitusiya ilə suverenlik arasında ayrılmaz hüquqi əlaqə mövcuddur. Konstitusiya dövlətin ərazisində hüquqi hakimiyyətin əsaslarını müəyyən edir, suverenlik isə dövlətin öz ərazisi və siyasi qərarları üzərində müstəqil hakimiyyətini ifadə edir. Bu iki anlayış müstəqil dövlətçiliyin bir-birini tamamlayan əsas sütunlarıdır.

Konstitusiya – hüquqi dövlətin və vətəndaş məsuliyyətinin əsas təminatı

Azərbaycan Konstitusiyasının ən mühüm prinsiplərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasıdır. İnsan ləyaqətinin qorunması, bərabərlik, mülkiyyət hüququ, təhsil, əmək, söz və fikir azadlığı demokratik cəmiyyətin formalaşmasının əsas şərtləridir.

Konstitusiyanın mahiyyəti yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləməklə məhdudlaşmır. O, həm də cəmiyyətin hüquqi düşüncə tərzini formalaşdırır, vətəndaşların dövlət qarşısında məsuliyyətini və dövlətin vətəndaş qarşısında öhdəliklərini müəyyən edir.

Hüquqi dövlətin möhkəmliyi qanunların mövcudluğu ilə yanaşı, onların hər kəs tərəfindən tanınması və icrasından asılıdır. Bu baxımdan Konstitusiyanı bilmək, onun verdiyi hüquqları dərk etmək və müəyyən etdiyi vəzifələrə əməl etmək hər bir vətəndaşın məsuliyyətidir.

Konstitusiya təhsili və gənc nəslin dövlətçilik düşüncəsi

Konstitusiya dəyərlərinin gələcək nəsillərə ötürülməsində təhsil müəssisələrinin və müəllimlərin xüsusi rolu vardır. Məktəb yalnız bilik verən məkan deyil, həm də hüquqi düşüncənin, vətəndaş mövqeyinin, milli şüurun və dövlətçilik təfəkkürünün formalaşdığı mühüm ictimai institutdur.

Şagirdlərə Konstitusiyanın mahiyyətini, insan hüquqlarını, dövlət rəmzlərinə hörməti, qanunun aliliyini və vətəndaş məsuliyyətini öyrətmək onların gələcəkdə hüquqi düşüncəli, fəal və məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir.

Xüsusilə müasir dövrdə gənc nəslin müstəqilliyimizin tarixi, Vətən müharibəsinin nəticələri, suverenliyin mahiyyəti və Konstitusiyanın dövlət həyatındakı rolu haqqında dolğun biliklərə yiyələnməsi mühüm əhəmiyyət daşıyır. Çünki dövlətçilik yalnız tarixi hadisələrlə deyil, həmin tarixi dəyərləri qoruyub yaşadan savadlı vətəndaşlarla davam edir.

12 Noyabr – Konstitusiya Günü Azərbaycan xalqının dövlətçilik tarixində hüquqi müstəqilliyimizin təməlini qoyan əlamətdar gündür. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən Konstitusiya müasir Azərbaycan dövlətinin hüquqi əsaslarını formalaşdırmış, İlham Əliyevin rəhbərliyi dövründə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə həmin hüquqi əsasların ölkəmizin bütün ərazisində təmin olunması üçün yeni tarixi mərhələ yaratmışdır.

Bu gün Konstitusiyamız yalnız hüquqi sənəd deyil, həm də müstəqilliyimizin, milli iradəmizin, dövlətçilik ənənələrimizin və gələcək nəsillər qarşısında məsuliyyətimizin ifadəsidir.

Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyaları ilə İlham Əliyevin rəhbərliyi dövründə reallaşan suverenlik mərhələsi Azərbaycan tarixinin mühüm səhifələrini təşkil edir. Bu tarixi irsi qorumaq, Konstitusiya prinsiplərinə hörmətlə yanaşmaq və hüquqi dövlət dəyərlərini gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

Konstitusiyamız müstəqilliyimizin hüquqi dayağı, suverenliyimizin təminatı, dövlətçiliyimizin sarsılmaz təməli və gələcək nəsillərə əmanətimizdir!

İnci Tağızadə

YAP Naxçıvan şəhər təşkilatı “Nizami 44” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan şəhər 8 saylı tam orta məktəbin müəllimi