Hər bir müstəqil dövlətin gücü yalnız onun iqtisadi potensialı, siyasi iradəsi və beynəlxalq nüfuzu ilə deyil, həm də malik olduğu hüquqi əsasların möhkəmliyi ilə ölçülür. Bu əsasların mərkəzində isə dövlətin Əsas Qanunu – Konstitusiya dayanır. Konstitusiya xalqın dövlətçilik iradəsini, milli maraqlarını, hüquq və azadlıqlarını özündə birləşdirən, dövlət hakimiyyətinin təşkilini və fəaliyyət prinsiplərini müəyyən edən ali hüquqi sənəddir. O, sadəcə qanunlar toplusu deyil, dövlətin inkişaf yolunu, siyasi idarəçilik fəlsəfəsini və gələcəyə baxışını müəyyənləşdirən fundamental sənəddir.
Konstitusiyanın mahiyyəti şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin hüquqi çərçivəsini yaratmaqdan ibarətdir. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, hakimiyyət qollarının fəaliyyətinin tənzimlənməsi və qanunun aliliyinin təmin olunması məhz bu ali sənədin əsas funksiyalarındandır. Buna görə də Konstitusiya dövlətin hüquqi dayağı olmaqla yanaşı, ictimai sabitliyin, milli birliyin və davamlı inkişafın da mühüm təminatıdır.
Azərbaycanın konstitusiya tarixinin formalaşması mürəkkəb siyasi və tarixi proseslərlə müşayiət olunub. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ayrıca Konstitusiya qəbul edilməsə də, respublikanın dövlətçilik ənənələrinin yaradılması istiqamətində mühüm addımlar atılmışdı. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildi. Sonrakı illərdə siyasi və inzibati dəyişikliklərlə əlaqədar Konstitusiyaya əlavələr və dəyişikliklər edildi. 1927-ci il martın 26-da Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiqləndi. 1936-cı ildə SSRİ-də yeni Konstitusiyanın qəbulundan sonra isə 1937-ci il martın 14-də Azərbaycan SSR-in növbəti Əsas Qanunu qüvvəyə mindi.
Azərbaycanın konstitusiya tarixində xüsusi yer tutan hadisələrdən biri 1978-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi idi. Həmin dövrdə respublikaya rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi və siyasi iradəsi milli dövlətçilik düşüncəsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyırdı. 1978-ci il aprelin 2-də Konstitusiya layihəsinin müzakirəsi zamanı onun təklifi ilə 73-cü maddəyə Azərbaycan dilinin dövlət dili olması barədə müddəa daxil edildi. Bu qərar sovet ideoloji sisteminin hökm sürdüyü bir şəraitdə milli kimliyə, ana dilinə və dövlətçilik ənənələrinə göstərilən böyük ehtiramın ifadəsi idi. Həmin addım Azərbaycan dilinin hüquqi statusunun qorunması və gələcək müstəqil dövlətçiliyimizin mənəvi əsaslarının möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətə malik oldu.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz özünün müstəqil dövlətçilik yoluna qədəm qoydu. Bu, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı azadlıq arzusunun siyasi-hüquqi müstəvidə gerçəkləşməsi idi. Lakin müstəqilliyin əldə olunması ilə dövlət quruculuğunun bütün problemləri həll edilməmişdi. Ölkədə siyasi qeyri-sabitlik, idarəçilik böhranı və ciddi təhlükəsizlik təhdidləri yeni dövlətçilik sisteminin möhkəm hüquqi əsaslar üzərində qurulmasını zəruri edirdi.
Belə bir mürəkkəb tarixi şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın hüquqi dövlət kimi formalaşmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi. Onun rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiya layihəsi dövlətin gələcək inkişaf strategiyasını, demokratik idarəçilik prinsiplərini və milli maraqlarını özündə əks etdirən fundamental sənədə çevrildi. Ulu Öndər Konstitusiyanın xalqın iradəsinə əsaslanmasının, hakimiyyət bölgüsünün təmin edilməsinin və demokratik prinsiplərin möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğulayırdı.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Noyabrın 27-də qüvvəyə minən Əsas Qanun ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratdı. Konstitusiya hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi prinsipini təsbit etdi, insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi müəyyənləşdirdi. Bununla da müstəqil Azərbaycanın siyasi, iqtisadi, sosial və hüquqi inkişafının əsas istiqamətləri vahid hüquqi sistem çərçivəsində formalaşdırıldı.
Konstitusiyanın müddəalarının həyata keçirilməsi və qanunun aliliyinin təmin olunması məqsədilə hüquqi institutların yaradılması da mühüm mərhələyə çevrildi. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bu istiqamətdə atılan mühüm addımlardan idi. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ölkədə konstitusiya nəzarəti mexanizminin formalaşmasına, hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə və Əsas Qanunun aliliyinin təmin edilməsinə xidmət etdi.
Zamanın tələbləri, ölkədə baş verən siyasi, iqtisadi və sosial dəyişikliklər Konstitusiyanın təkmilləşdirilməsini də zəruri etdi. Bu baxımdan 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları Azərbaycan Konstitusiyasının müasir inkişaf çağırışlarına uyğunlaşdırılmasında mühüm rol oynadı. Həyata keçirilən dəyişikliklər idarəçilik sisteminin təkmilləşdirilməsinə, vətəndaş hüquqlarının müdafiəsinin gücləndirilməsinə və dövlət institutlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəldi.
Azərbaycanın müasir dövlətçilik tarixində konstitusion suverenliyin tam təmin olunması baxımından Vətən müharibəsində qazanılan tarixi Zəfər xüsusi əhəmiyyət daşıyır. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi qüdrətini, xalqımızın birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başa çatdı. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi.
Bu tarixi hadisələr yalnız hərbi və siyasi qələbə deyil, həm də Konstitusiyanın aliliyinin ölkənin bütün ərazisində bərqərar olması demək idi. Uzun illər işğal altında qalan torpaqlarımızda Azərbaycan Respublikasının hüquqi qüvvəsinin tam təmin edilməsi dövlət suverenliyimizin real və dönməz xarakter aldığını göstərdi. Beləliklə, müstəqillik dövründə formalaşan dövlətçilik sistemimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
Məhz bu tarixi reallıqlar nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. 2025-ci il fevralın 11-də isə bu münasibətlə Tədbirlər Planı təsdiq olundu. Bu qərar 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin beşinci ildönümünün eyni ildə qeyd olunmasına xüsusi məna qazandırdı. “Konstitusiya və Suverenlik İli” ölkəmizin hüquqi dövlətçilik tarixinin, milli suverenliyinin və müstəqillik dəyərlərinin bir daha dərindən dərk edilməsi baxımından mühüm ictimai-siyasi əhəmiyyət kəsb etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də bu əlamətdar tarixi hadisəyə verilən yüksək dəyərin göstəricisidir. Bu yubiley yalnız bir hüquqi sənədin qəbul edilməsinin ildönümü deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin və gələcək hədəflərinin ümumiləşdirilməsidir.
Bu gün Azərbaycan özünün suveren hüquqlarını bütün ərazisində təmin etmiş, beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirmiş, siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirmiş dövlətdir. Ölkəmizin inkişaf modeli milli maraqlara, hüququn aliliyinə, qarşılıqlı əməkdaşlığa və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Konstitusiyamızın təsbit etdiyi dünyəvilik, demokratiklik, hüquqi bərabərlik və insan hüquqlarına hörmət prinsipləri Azərbaycanın müasir dövlət kimi beynəlxalq aləmdə tanınmasının əsas dayaqlarındandır.
Nəticə etibarilə, Konstitusiya Azərbaycanın yalnız hüquqi sənədi deyil, müstəqilliyimizin, dövlət suverenliyimizin və milli iradəmizin ifadəsidir. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Əsas Qanun müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoymuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə həmin hüquqi əsasların tarixi məzmununu daha da gücləndirmişdir.
Bu gün Konstitusiyanın 30 illiyinin qeyd edilməsi keçmişə ehtiram, bu günə məsuliyyət və gələcəyə inam deməkdir. Çünki güclü dövlətin təməlində güclü hüquq sistemi, güclü hüquq sisteminin təməlində isə xalqın iradəsini ifadə edən Konstitusiya dayanır. Azərbaycan xalqı üçün Əsas Qanun müstəqil dövlətçiliyimizin hüquqi təminatı olmaqla yanaşı, milli birliyimizin, suverenliyimizin və gələcək nəsillərə ötürülən dövlətçilik mirasımızın əbədi rəmzidir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı