12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü müstəqil dövlətçiliyimizin tarixində mühüm əhəmiyyət daşıyan, xalqımızın hüquqi dövlət quruculuğu və demokratik inkişaf yolunda əldə etdiyi tarixi nailiyyətləri təcəssüm etdirən əlamətdar gündür. Bu tarix yalnız ali qanunumuzun qəbul edildiyi günü deyil, həm də Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, milli iradənin ali hüquqi sənəddə ifadəsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələni ifadə edir.
Müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm tərkib hissəsi olmuşdur. Müstəqilliyin ilk illərində ölkənin siyasi, iqtisadi və ictimai həyatında mövcud olan mürəkkəb şəraitdə yeni Konstitusiyanın hazırlanması dövlət quruculuğunun əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdi. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılaraq qəbul edilmiş, həmin ayın 27-də qüvvəyə minmişdir.
Bu tarixi sənəd Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini, milli dəyərlərini və müasir dünyanın hüquqi prinsiplərini özündə birləşdirdi. Konstitusiyada dövlət hakimiyyətinin mənbəyinin xalq olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının dövlətin ali məqsədlərindən biri təşkil etdiyi, Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğu təsbit edildi. Beləliklə, müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm hüquqi və institusional təməl yaradıldı.Konstitusiya tariximizin formalaşması isə daha geniş tarixi mərhələləri əhatə edir. Azərbaycan dövlətçilik tarixində konstitusion inkişafın ayrı-ayrı mərhələləri 1921, 1925, 1937 və 1978-ci illərdə qəbul edilmiş əsas qanunlarla bağlıdır. Xüsusilə 1978-ci il Konstitusiyasının hazırlanması zamanı Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dövlətçilik düşüncəsinin qorunması baxımından mühüm hadisə idi. Bu təşəbbüsün irəli sürülməsi də Heydər Əliyevin siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyətinin tarixi nümunələrindən biri kimi qiymətləndirilir. Müstəqilliyin bərpasından sonra isə yeni Konstitusiyanın qəbulu Azərbaycanın öz dövlətçilik modelini müstəqil şəkildə müəyyənləşdirməsinin hüquqi ifadəsinə çevrildi.
Konstitusiyanın mahiyyəti yalnız dövlət idarəçiliyinin təşkili və hakimiyyət qolları arasında səlahiyyət bölgüsünün müəyyən edilməsi ilə məhdudlaşmır. Onun əsas məzmununu insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin olunması, vətəndaşların bərabərliyi, dövlətlə cəmiyyət arasında hüquqi münasibətlərin tənzimlənməsi təşkil edir. Konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısı olmaqla yanaşı, dövlət orqanlarının fəaliyyətinin də hüquqi çərçivəsini müəyyən edir. Bu baxımdan Konstitusiyaya hörmət, onun müddəalarına əməl edilməsi və hüquqi mədəniyyətin yüksəldilməsi hər bir vətəndaşın məsuliyyətidir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu hüquqi sistemin mühüm institutlarından biridir. 1998-ci il iyulun 14-də fəaliyyətə başlayan Konstitusiya Məhkəməsinin başlıca vəzifəsi Konstitusiyanın aliliyini təmin etmək, ona uyğunluq baxımından hüquqi aktlara konstitusiya nəzarətini həyata keçirmək və insanların fundamental hüquq və azadlıqlarının müdafiəsinə xidmət etməkdir. Bu məhkəmə institutu hüquqi dövlət prinsipinin həyata keçirilməsində, qanunvericilik sisteminin konstitusion əsaslarının qorunmasında və hüquqi sabitliyin təmin olunmasında mühüm yer tutur.
Azərbaycanın müasir dövlətçilik tarixində Konstitusiyanın əhəmiyyəti ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası ilə yeni məzmun qazanmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suveren hüquqlarımızın bərpası Konstitusiyanın hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin edilməsi baxımından yeni mərhələ yaratdı. 2024-cü il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi də bu tarixi reallığın dövlətçilik təqvimimizdə ifadəsidir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Konstitusiyanın qəbulunun 30-cu və Vətən müharibəsində tarixi Qələbənin 5-ci ildönümünə təsadüf edən həmin il ərzində həyata keçirilən tədbirlər dövlətçilik tariximizin, suverenliyimizin və hüquqi dövlət quruculuğunun əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılmasına xidmət etdi. Bu təşəbbüs, eyni zamanda, Konstitusiyanın cəmiyyət həyatındakı rolunun daha dərindən dərk edilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi və vətəndaş məsuliyyətinin gücləndirilməsi baxımından mühüm məzmun daşıyırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Bu təməl üzərində formalaşan müasir Azərbaycan dövləti müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi nailiyyətləri qorumaq, hüquqi institutları daha da təkmilləşdirmək, insan hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək və gələcək nəsillərə güclü dövlətçilik irsi ötürməkdir.
Konstitusiya yalnız dövlətin əsas qanunu deyil, həm də milli həmrəyliyin, vətəndaş məsuliyyətinin və gələcəyə inamın hüquqi ifadəsidir. Onun müddəalarına hörmət etmək, qanunun aliliyini gündəlik həyat prinsipinə çevirmək, hüquq və vəzifələrimizi dərindən dərk etmək hər birimizin üzərinə düşən mühüm vəzifədir. Çünki güclü dövlətin təməlində möhkəm hüquqi sistem, hüquqa hörmət edən cəmiyyət və dövlətçilik dəyərlərinə sadiq vətəndaş dayanır.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil dövlətimizin daha da inkişaf etməsini, hüquqi dövlət quruculuğu istiqamətində yeni nailiyyətlər qazanmasını arzulayıram.
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası
Qaradağ rayon təşkilatının sədri