Hər bir xalqın tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix kimi qalmır, dövlətçiliyin taleyini müəyyən edən dönüş nöqtəsinə çevrilir. 1995-ci il noyabrın 12-si Azərbaycan xalqı üçün məhz belə bir gündür. Həmin gün ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi sənədin hazırlanmasına bilavasitə rəhbərlik edən və onun ruhunu, fəlsəfəsini müəyyən edən şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.
Müstəqilliyin bərpasından sonrakı ilk illər Azərbaycan üçün olduqca ağır sınaqlarla müşayiət olunurdu. Ölkədə hakimiyyət böhranı, iqtisadi tənəzzül, daxili qarşıdurmalar və işğal təhlükəsi dövlətçiliyin özünü sual altına qoymuşdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə sabitliyi bərpa etdi, dövlət idarəçiliyini nizama saldı və müstəqil dövlətin hüquqi bazasının yaradılmasını strateji vəzifə kimi qarşıya qoydu. Ulu Öndər yaxşı dərk edirdi ki, möhkəm hüquqi təməli olmayan dövlət uzunömürlü ola bilməz. Məhz buna görə də yeni Konstitusiyanın hazırlanması onun fəaliyyətinin prioritet istiqamətinə çevrildi.
1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Komissiyanın işi şəffaf və demokratik prinsiplər əsasında quruldu. Layihə hazırlanarkən dünyanın inkişaf etmiş dövlətlərinin konstitusiya təcrübəsi, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsipləri, eləcə də Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələri dərindən öyrənildi. Hazırlanan layihə geniş ictimai müzakirəyə çıxarıldı, vətəndaşların, hüquqşünasların, alimlərin, ictimai təşkilatların çoxsaylı təklifləri diqqətlə nəzərdən keçirildi. Bu yanaşma Konstitusiyanın həqiqətən xalq sənədi olmasını təmin etdi.
Heydər Əliyev Konstitusiyanın mahiyyətini belə ifadə edirdi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bu fikirdə Əsas Qanunun bütün fəlsəfəsi cəmlənmişdir. Konstitusiya bir tərəfdən xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, mənəvi irsinə əsaslanır, digər tərəfdən isə müasir demokratik dünyanın insan hüquqları, hakimiyyətlər bölgüsü, qanunun aliliyi kimi əsas prinsiplərini özündə ehtiva edir.
Ulu Öndər Konstitusiyanı yalnız dövlət orqanlarının deyil, bütün xalqın malı hesab edirdi. O, vətəndaşları Əsas Qanunu öyrənməyə, öz hüquq və vəzifələrini bilməyə çağırırdı. Heydər Əliyevin fikrincə, hüquqi dövlət yalnız qanunların qəbul edilməsi ilə deyil, cəmiyyətdə hüquq mədəniyyətinin formalaşması ilə qurula bilər. Buna görə də o, demokratiyanı təkcə hüquqlar və plüralizm kimi deyil, həm də mədəniyyət, nizam-intizam, qarşılıqlı hörmət və mənəvi dəyərlər sistemi kimi dəyərləndirirdi. Ümummilli Lider dəfələrlə vurğulayırdı ki, Azərbaycanın demokratiya yolu ilə inkişafı dönməzdir.
Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən olunmuşdur. Bu müddəanın real həyata keçirilməsinin ən parlaq nümunəsi Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il fevralın 10-da ölüm hökmünün ləğv edilməsi oldu. Bununla Azərbaycan postsovet məkanında ölüm cəzasından imtina edən ilk dövlətlərdən biri kimi humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Ulu Öndər ölüm cəzasını insan ləyaqəti ilə bir araya sığmayan cəza hesab edirdi.
Konstitusiyanın qəbulundan sonra Heydər Əliyevin rəhbərliyi ilə onun müddəalarına uyğun geniş qanunvericilik islahatları aparıldı. Yeni məcəllələr, qanunlar qəbul olundu, Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil institutu kimi mühüm qurumlar yaradıldı, məhkəmə-hüquq sistemi yenidən quruldu, yerli özünüidarəetmə orqanları – bələdiyyələr formalaşdırıldı. Bütün bunlar Konstitusiyanın kağız üzərində qalmadığını, real həyata tətbiq olunduğunu göstərirdi.
Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu bu siyasəti uğurla davam etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Bu təməl üzərində qurulan güclü dövlət bu gün öz suverenliyini bütün ərazisində bərqərar etmiş, regionun lider ölkəsinə çevrilmişdir.
Heydər Əliyevin Konstitusiya fəlsəfəsində milli kimlik məsələsi də xüsusi yer tuturdu. Azərbaycan dilinin dövlət dili kimi təsbiti, dövlət rəmzlərinin – Bayrağın, Gerbin və Himnin Əsas Qanunda möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının ruhunun sənədə hopdurulması məhz Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi. O, ölkədə yaşayan bütün xalqların bərabərliyini, dini etiqad azadlığını və dövlətlə din arasında ayrılıq prinsipini Konstitusiyanın əsas dəyərləri sırasına daxil etdi. Bu yanaşma bu gün Azərbaycanı dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanıdan mühüm amillərdən birinə çevrilmişdir.
Konstitusiya Günü bizə Ulu Öndərin dövlətçilik irsini bir daha xatırladır. Bu irs təkcə keçmişə aid deyil, bu günümüzün və gələcəyimizin də istiqamətini müəyyən edir. Heydər Əliyevin yaratdığı Konstitusiya müstəqil Azərbaycanın əbədiliyinin hüquqi təminatıdır və hər bir vətəndaşın borcu bu sənədin dəyərlərini qorumaq, onu gələcək nəsillərə layiqincə ötürməkdir.