Müstəqil dövlətçiliyimizin hüquqi təməli və milli iradəmizin təcəssümü

Müstəqil dövlətçiliyimizin hüquqi təməli və milli iradəmizin təcəssümü

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Hər bir müstəqil dövlətin möhkəmliyini, siyasi-hüquqi sisteminin dayanıqlılığını, demokratik inkişafının əsas istiqamətlərini müəyyən edən başlıca sənəd onun Konstitusiyasıdır. Konstitusiya dövlətin hüquqi təməli olmaqla yanaşı, xalqın milli iradəsini, dövlətçilik fəlsəfəsini, suverenlik prinsiplərini və gələcək inkişaf hədəflərini özündə birləşdirir. Azərbaycan Respublikasının Konstitusiyası da məhz bu ali dəyərləri özündə əks etdirən, müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyənləşdirən fundamental sənəddir.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda qazandığı mühüm nailiyyətlərin, milli dövlətçilik ənənələrinə sədaqətin və gələcəyə inamın təcəssümüdür.

Azərbaycanın konstitusiya tarixinin kökləri xalqımızın dövlətçilik ənənələrinə əsaslanır. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyasının qəbul edilməsi də həmin tarixin mühüm mərhələlərindən biridir. Bu prosesdə Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi və milli maraqların qorunmasına yönəlmiş fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz onun təşəbbüsü və qətiyyəti nəticəsində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması milli dövlətçilik tariximizdə əlamətdar hadisəyə çevrildi. Bu addım gələcək müstəqilliyimizin ideoloji və mənəvi əsaslarının qorunması baxımından böyük əhəmiyyət daşıyırdı.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmiz mürəkkəb siyasi, iqtisadi və hərbi proseslərlə üzləşmişdi. Dövlət idarəçiliyindəki böhran, Ermənistanın hərbi təcavüzü, daxili siyasi qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi müstəqil Azərbaycanın gələcəyini ciddi sual altında qoymuşdu. Belə bir tarixi şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizi parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi, siyasi sabitliyin təmin olunmasına, dövlət institutlarının formalaşdırılmasına və hüquqi dövlət quruculuğuna möhkəm zəmin yaratdı.

Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi təsbit etdi, hakimiyyət bölgüsü, dövlət suverenliyi və xalq hakimiyyəti prinsiplərini hüquqi baxımdan möhkəmləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”

Bu fikirlər Konstitusiyanın hazırlanmasının arxasında dayanan böyük siyasi iradəni, tarixi məsuliyyəti və dövlətçilik düşüncəsini aydın şəkildə ifadə edir. Ulu Öndər Heydər Əliyev Konstitusiyanı yalnız hüquqi normalar toplusu kimi deyil, müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil edən fundamental sənəd kimi formalaşdırmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Konstitusiyada müəyyən edilmiş dövlətçilik prinsiplərinin real həyatda təcəssümünə xidmət edir. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi potensialın gücləndirilməsi, sosial rifahın yüksəldilməsi, insan hüquq və azadlıqlarının qorunması, milli təhlükəsizliyin təmin edilməsi və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi dövlətin strateji fəaliyyət istiqamətlərinin əsasını təşkil edir.

Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən möhtəşəm hadisələrindəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər yalnız hərbi-siyasi qələbə deyil, həm də Konstitusiyamızda təsbit edilmiş dövlət suverenliyi və ərazi bütövlüyü prinsiplərinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, doğma yurdlarına qayıdan vətəndaşlarımızın təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi dövlətimizin gücünün, siyasi iradəsinin və konstitusion öhdəliklərinə sadiqliyinin göstəricisidir.

Konstitusiyamızın 30 illik yubileyinin qeyd edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidentinin 2025-ci ildə imzaladığı müvafiq Sərəncamla təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşmasında və inkişafında əməyi olan şəxslərə verilən yüksək dəyərin ifadəsidir. Bu medal, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin siyasi və hüquqi irsinə ehtiramın, Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı müstəsna rolunun rəmzi kimi dəyərləndirilməlidir.

Bu gün hər bir Azərbaycan vətəndaşının üzərinə mühüm məsuliyyət düşür. Konstitusiyaya hörmət etmək, onun norma və prinsiplərinə əməl etmək, hüquq və vəzifələrini dərindən bilmək, dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfə vermək və milli maraqlarımızı hər şeydən üstün tutmaq vətəndaşlıq borcumuzdur. Xüsusilə gənc nəslin hüquqi maarifləndirilməsi, onlarda dövlətçilik düşüncəsinin və Konstitusiyaya hörmət hissinin formalaşdırılması gələcəyimiz baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeni Azərbaycan Partiyası da yarandığı gündən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarının, müstəqilliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Partiyamızın siyasi xəttinin əsasını təşkil edən dövlətə sədaqət, milli həmrəylik, vətənpərvərlik və məsuliyyət prinsipləri Konstitusiyamızın ruhu ilə vəhdət təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik iradəsinin, milli birliyinin və dövlətçilik əzminin hüquqi ifadəsidir. Onun müəllifi olan Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun həyata keçirdiyi qətiyyətli siyasət və xalqımızın dövlət başçısı ətrafında sıx birliyi Azərbaycanın daha qüdrətli gələcəyinin təminatıdır.

12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsini, hüquqi dövlət quruculuğu prosesinin uğurla davam etməsini arzulayıram. Dövlətimizin müstəqilliyi, suverenliyi və konstitusion dəyərlərimiz daim əbədi olsun!