Konstitusiya – Heydər Əliyevin dövlətçilik irsinin və müasir Azərbaycanın hüquqi inkişafının təməli

Konstitusiya – Heydər Əliyevin dövlətçilik irsinin və müasir Azərbaycanın hüquqi inkişafının təməli

 

Hər bir müstəqil dövlətin möhkəmliyi onun hüquqi əsaslarının nə dərəcədə düzgün formalaşmasından, qanunun aliliyinin təmin edilməsindən və vətəndaş hüquqlarına verilən dəyərdən asılıdır. Dövlətin siyasi, iqtisadi və ictimai həyatını tənzimləyən əsas sənəd isə Konstitusiyadır. Konstitusiya xalqın dövlətçilik iradəsini, milli maraqlarını, hüquq və azadlıqlarını özündə birləşdirən Əsas Qanundur. Azərbaycan Respublikasının Konstitusiyası da ölkəmizin müstəqillik tarixində mühüm dönüş nöqtəsi olmaqla demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoymuşdur.  Azərbaycanın müasir dövlətçilik tarixində Konstitusiyanın hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında yeni siyasi və hüquqi sistem qurmaq, dövlət idarəçiliyinin əsaslarını müəyyənləşdirmək kimi mühüm vəzifələr dayanırdı. Həmin dövrün mürəkkəb ictimai-siyasi şəraiti, ölkədə hökm sürən qeyri-sabitlik müstəqil dövlətin möhkəm hüquqi bazaya ehtiyacını daha da artırırdı.

1993-cü ildə xalqın tələbi ilə siyasi rəhbərliyə qayıdan Heydər Əliyev ilk növbədə dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin bərpası və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi ilə ölkədə yeni Konstitusiyanın hazırlanması prosesi sürətləndirildi. 1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya fəaliyyət göstərdi. Layihədə Azərbaycanın tarixi dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri, beynəlxalq hüququn prinsipləri və qabaqcıl dünya təcrübəsi nəzərə alındı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu hadisə ölkəmizin hüquqi tarixində yeni mərhələnin başlanğıcı oldu. Konstitusiyada dövlət hakimiyyətinin mənbəyinin xalq olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər daşıdığı, hakimiyyət bölgüsü prinsipinin əsas götürüldüyü təsbit edildi. Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi təməli yaradıldı.

Ümummilli Lider Heydər Əliyev Konstitusiyanın qəbulunu müstəqil dövlətin gələcək inkişafı üçün ən mühüm şərtlərdən biri hesab edirdi. Onun rəhbərliyi ilə hazırlanmış Əsas Qanun Azərbaycanın dövlət quruluşunu, hakimiyyət orqanlarının səlahiyyətlərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyənləşdirən fundamental sənədə çevrildi. Konstitusiyanın 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olması onun dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini əhatə etdiyini göstərirdi. Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyəti yalnız Konstitusiyanın qəbulu ilə məhdudlaşmırdı. Onun təşəbbüsü ilə məhkəmə-hüquq sisteminin yenidən qurulması, qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atıldı. Ölkədə Konstitusiya nəzarəti institutunun yaradılması da həmin dövrün mühüm yeniliklərindən biri idi. 2002-ci ildə Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi təşəbbüsü də Heydər Əliyevin hüquqi islahatların davam etdirilməsinə verdiyi əhəmiyyətin göstəricisi idi. Həmin dəyişikliklər insan hüquqlarının müdafiəsi, seçki sistemi, dövlət hakimiyyəti orqanlarının fəaliyyəti və məhkəmə hakimiyyətinin rolu ilə bağlı məsələləri əhatə edirdi.

Beləliklə, Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət quruculuğu prosesi müstəqil Azərbaycanın inkişaf strategiyasının mühüm istiqamətinə çevrildi. Onun yaratdığı hüquqi baza sonrakı illərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və yeni ictimai münasibətlərin tənzimlənməsi üçün əsas rolunu oynadı. Bu prosesin növbəti mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi dövründə davam etdirildi. Dövlət və cəmiyyət həyatında baş verən dəyişikliklər, iqtisadi inkişaf, yeni idarəetmə tələbləri və beynəlxalq hüquq normalarına uyğunlaşma Konstitusiyanın müddəalarının təkmilləşdirilməsi zərurətini meydana çıxarırdı. İlham Əliyevin prezidentliyi dövründə 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumlar keçirildi. 2009-cu il referendumunda Konstitusiyanın bir sıra maddələrinə dəyişikliklər edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin müxtəlif istiqamətlərini, insan hüquqlarının müdafiəsini və sosial məsələləri əhatə edirdi. 2016-cı il referendumunda isə dövlət idarəçiliyinin konstitusion əsasları ilə bağlı yeni müddəalar qəbul edildi. Vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin beş ildən yeddi ilə artırılması və digər dəyişikliklər həmin referendumun əsas yenilikləri sırasında idi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən biri də məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi olmuşdur. Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi, vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Xüsusilə 2019-cu il aprelin 3-də imzalanmış məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sənəddə məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, sahibkarların və vətəndaşların hüquqlarının müdafiəsi, məhkəmə proseslərinin daha əlçatan olması və müasir texnologiyaların tətbiqi ilə bağlı vəzifələr müəyyən edilmişdir. Bu tədbirlər hüquqi dövlət prinsiplərinin praktikada daha geniş tətbiqinə yönəlmişdir.  Cənab Prezident İlham Əliyevin 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etməsi də mövzunun aktuallığını bir daha ön plana çıxarmışdır. Bu qərar 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın 30 illiyi və Azərbaycanın dövlət suverenliyinin bərpası ilə bağlı tarixi hadisələrin əhəmiyyəti nəzərə alınaraq verilmişdir. İl ərzində təşkil olunan tədbirlər, maarifləndirici görüşlər və elmi müzakirələr vasitəsilə Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı rolu diqqət mərkəzinə gətirilmişdir. Bu məqamda Prezident İlham Əliyevin Konstitusiya ilə bağlı səsləndirdiyi fikrin mahiyyəti daha aydın görünür. Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış hüquqi təməl sonrakı dövrdə dövlət idarəçiliyinin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və yeni ictimai münasibətlərin hüquqi tənzimlənməsi üçün əsas olmuşdur. Burada diqqət çəkən mühüm cəhət dövlətçilik ənənələrinin qorunması ilə yanaşı, zamanın tələblərinə uyğun yeniliklərin tətbiq edilməsidir. Konstitusiyanın əhəmiyyətindən danışarkən təhsil sahəsini də xüsusi qeyd etmək lazımdır. Çünki hüquqi dövlətin gələcəyi hüquqlarını və vəzifələrini bilən, qanunlara hörmətlə yanaşan, vətəndaşlıq məsuliyyətini dərk edən gənc nəslin yetişdirilməsindən asılıdır. Məktəblərdə Konstitusiya mövzusunda keçirilən dərslər, dəyirmi masalar, maarifləndirici söhbətlər şagirdlərin hüquqi dünyagörüşünün formalaşmasına kömək edir. Gənclər anlamalıdırlar ki, Konstitusiya yalnız dövlət qurumlarının fəaliyyətini tənzimləyən sənəd deyil, həm də onların gündəlik həyatında hüquqlarını qoruyan Əsas Qanundur. Müəllimlərin bu istiqamətdə üzərinə düşən vəzifə isə şagirdlərə qanunlara hörmət, vətənə bağlılıq, vətəndaşlıq məsuliyyəti və hüquqi düşüncə kimi dəyərləri aşılamaqdır. Çünki hüquqi biliklərə malik olan, öz hüquq və vəzifələrini dərk edən gənclər gələcəkdə dövlətin və cəmiyyətin inkişafında daha fəal iştirak edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin müasir hüquqi ifadəsi, müstəqilliyimizin və suverenliyimizin əsas təminatlarından biridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən bu sənəd ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasını qoymuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən konstitusion və institusional islahatlar isə həmin hüquqi bazanın yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində davam etdirilmişdir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri ilə İlham Əliyevin rəhbərliyi dövründə davam etdirilən hüquqi inkişaf prosesi müasir Azərbaycanın dövlət quruculuğu tarixinin mühüm tərkib hissəsidir. Konstitusiyaya hörmət, qanunun aliliyinin qorunması və vətəndaş hüquqlarına məsuliyyətlə yanaşılması hər birimizin üzərinə düşən vəzifədir. Çünki dövlətin möhkəmliyi yalnız qəbul etdiyi qanunlarla deyil, həmin qanunların cəmiyyətdə necə qorunması və həyata keçirilməsi ilə də ölçülür.

 

Çinarə Məmmədova

YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,

Naxçıvan şəhər 13 saylı tam orta məktəbin direktor müavini, partiya fəalı