9 Noyabr – Dövlət Bayrağı Günü

9 Noyabr – Dövlət Bayrağı Günü

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

 Üçrəngli bayrağımızın şanlı tarixi, milli qürurumuz və dövlət müstəqilliyimizin rəmzidir.

Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, müstəqillik iradəsini və azadlıq mübarizəsini özündə əks etdirən müqəddəs dövlət rəmzlərimizdən biridir. Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan bu bayraq tariximizin, milli birliyimizin və gələcəyə inamımızın təcəssümüdür.

Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu müdrik fikir Dövlət Bayrağımızın xalqımız və dövlətimiz üçün daşıdığı mənəvi və siyasi əhəmiyyəti aydın ifadə edir.

Üçrəngli bayrağımızın şanlı tarixi 1918-ci il noyabrın 9-dan – Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən dövlət bayrağı kimi qəbul edildiyi gündən başlayır. 1990-cı il noyabrın 17-də isə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız yenidən qaldırıldı və dövlətçilik tariximizin bərpası istiqamətində mühüm addım atıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, milli dövlətçilik rəmzimiz müstəqilliyimizin ayrılmaz atributuna çevrildi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərimizə daim böyük ehtiram göstərərək bildirirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik”. Bu çağırış hər bir vətəndaşımız, xüsusilə də gənc nəsil üçün mühüm mənəvi məsuliyyət və vətəndaşlıq borcudur.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın şərəfli tarixində yeni və möhtəşəm səhifələr yazılıb. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası milli bayrağımızın Qarabağın hər guşəsində, Xankəndidə və Şuşada əzəmətlə dalğalanmasını təmin etdi. Bir vaxtlar arzu və həsrət olan bu mənzərə bu gün qürur duyduğumuz reallıqdır.

Prezident İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” fikirləri bu gün hər bir azərbaycanlının ürəyindən xəbər verir. Dövlət Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin əbədi olmasının rəmzidir.

Əminliklə deyə bilərik ki, üçrəngli bayrağımız bundan sonra da müstəqil Azərbaycan dövlətinin şərəfini, xalqımızın milli qürurunu və qalibiyyət ruhunu bütün dünyaya nümayiş etdirəcək.

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, müqəddəs bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzulayıram!

Yaşasın müstəqil Azərbaycan! Yaşasın üçrəngli Dövlət Bayrağımız!