Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə yaşadan Şuşa şəhəri xalqımızın qəlbində xüsusi yer tutur. Qarabağın tacı, musiqimizin beşiyi, görkəmli şəxsiyyətlərimizin vətəni olan bu şəhər əsrlər boyu Azərbaycan xalqının milli kimliyinin, tarixi yaddaşının və mənəvi zənginliyinin parlaq ifadəsinə çevrilib.
Şuşa sadəcə coğrafi məkan deyil, Azərbaycan xalqının ruhunu, qürurunu və əzmini təcəssüm etdirən müqəddəs məkandır. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər qısa müddətdə bölgənin mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir. Özünəməxsus memarlığı, təbii gözəlliyi və zəngin mədəni mühiti ilə seçilən Şuşa Azərbaycan tarixində silinməz izlər qoymuşdur.
Şuşanın Azərbaycan mədəniyyətindəki yeri və rolu əvəzsizdir. Bu qədim şəhər Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Natəvan kimi böyük sənətkarların yetişdiyi müqəddəs torpaqdır. Azərbaycan muğam sənətinin inkişafında xüsusi xidmətləri olan Şuşa həm də milli musiqimizin dünya miqyasında tanıdılmasına mühüm töhfələr verib.
Şəhər zəngin ədəbi ənənələri, tarixi abidələri, məscidləri, qala divarları və özünəməxsus memarlıq nümunələri ilə milli mədəni irsimizin ayrılmaz hissəsidir.
1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa 28 ildən artıq müddətdə həsrət və nisgil içində qaldı. Lakin Azərbaycan xalqı heç vaxt doğma torpaqlarının işğalı ilə barışmadı, Şuşaya qayıdacağına olan inamını itirmədi. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək tariximizin ən möhtəşəm səhifələrindən birini yazdı. Şəhərin azad edilməsi hərbi əməliyyatların gedişində dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz ruhunun təntənəsinə çevrildi. Şuşa əməliyyatı Azərbaycan hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi yadda qaldı. Mürəkkəb relyefə, sıldırım qayalara və çətin döyüş şəraitinə baxmayaraq, Azərbaycan əsgərinin göstərdiyi şücaət bütün dünyaya Ordumuzun gücünü və peşəkarlığını nümayiş etdirdi
Şuşanın azadlığı ilə şəhərin həyatında yeni mərhələnin əsası qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə burada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələrin bərpası, yolların, yaşayış binalarının, sosial obyektlərin və müasir infrastrukturun yaradılması istiqamətində mühüm layihələr həyata keçirildi. 2021-ci il mayın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması isə bu qədim şəhərin tarixi və mənəvi əhəmiyyətinə verilən yüksək qiymətin növbəti ifadəsi oldu.
Bu gün Şuşada keçirilən beynəlxalq tədbirlər, “Xarıbülbül” musiqi festivalları, mədəniyyət və incəsənət layihələri şəhərin əvvəlki şöhrətinin bərpasına xidmət edir. Ən sevindirici məqamlardan biri isə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının başlanmasıdır. Artıq Şuşa yenidən öz sakinlərinin nəfəsi, uşaqların səsi və quruculuq əzmi ilə canlanır. Bu gün hər bir azərbaycanlının borcu Şuşanın tarixi irsini qorumaq, onun inkişafına töhfə vermək, Vətən müharibəsində qazanılmış Zəfərin mahiyyətini gənc nəslə aşılamaqdır.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin azadlıq günü kimi deyil, həm də milli qürurun, tarixi ədalətin və sarsılmaz dövlətçilik iradəsinin təntənəsi kimi yaşayır. Şuşa bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. Onun azadlığı ilə xalqımızın tarixi yaddaşında yeni və şərəfli bir səhifə açılmışdır.
Şuşa əbədi Azərbaycan torpağıdır! Şuşa bizim milli qürurumuz, Zəfərimizin rəmzi və mədəniyyətimizin əbədi beşiyidir!
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi