44 Günlük Vətən Müharibəsi – Azərbaycanın Tarixi Zəfəri və Milli Qürur Salnaməsi

44 Günlük Vətən Müharibəsi – Azərbaycanın Tarixi Zəfəri və Milli Qürur Salnaməsi

8 Noyabr – Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılmış, milli qürur və qəhrəmanlıq salnaməsinə çevrilmiş möhtəşəm bir gündür. Bu gün xalqımızın birliyi, ordumuzun gücü, əsgər və zabitlərimizin misilsiz şücaəti, dövlətimizin qətiyyətli siyasəti nəticəsində qazanılmış tarixi Qələbənin rəmzidir. Zəfər Günü Azərbaycan xalqının öz torpaqlarına olan sonsuz sevgisinin, Vətən uğrunda mübarizə əzminin və sarsılmaz iradəsinin təntənəsidir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən müharibə ərzində igid əsgər və zabitlərimiz böyük qəhrəmanlıq, rəşadət və fədakarlıq göstərərək addım-addım irəlilədilər. Hər gün yeni yaşayış məntəqələri, strateji yüksəkliklər və mühüm ərazilər azad edildi.
Bu müharibə Azərbaycan əsgərinin gücünü, peşəkarlığını və döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Xüsusilə Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən mühüm hadisələrdən biri oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xəbəri xalqımıza böyük sevinc və qürur yaşatdı. Məhz həmin gün Azərbaycanın şanlı Zəfərinin əsas rəmzinə çevrildi.

Azərbaycanın tarixi Qələbəsi yalnız hərbi uğur deyil, həm də milli birliyin, dövlət-xalq-ordu həmrəyliyinin parlaq nümunəsidir. Bu Qələbə sübut etdi ki, güclü dövlət, qətiyyətli rəhbərlik və Vətən sevgisi ilə birləşən xalq qarşısına qoyduğu ən böyük məqsədlərə nail ola bilər.

Zəfərimizin əldə olunmasında canlarından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qazilərimizin fədakarlığı, müharibə iştirakçılarının qəhrəmanlığı heç zaman unudulmayacaq. Onların hər biri Azərbaycanın şanlı tarixinin canlı qəhrəmanlarıdır.

Bu gün azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz evlərinə qayıdırlar. Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Bu torpaqlarda dalğalanan üçrəngli Azərbaycan bayrağı Qələbəmizin əbədi rəmzidir.

8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlı üçün qürur, şərəf və milli həmrəylik günüdür. Bu tarix gələcək nəsillərə Vətən sevgisi, torpağa bağlılıq, birlik və mübarizlik nümunəsi olacaq. Biz bu Zəfərlə fəxr edir, şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir və qalib Azərbaycanımızın gələcəyinə böyük inamla baxırıq.

Zəfərimiz əbədi, bayrağımız daim ucalarda olsun! Qarabağ Azərbaycandır!

 

Vəfa Məmmədova

YAP Kəngərli rayon təşkilatının fəalı